İqtisadçılar Bakıdakı “Davos Forumu” ətrafında aparılan piarı belə qiymətləndirir
Dünya Iqtisadi Forumu (Davos Forumu) aprelin 8-də Bakıda öz işinə başladı. Forumla bağlı hökumətin təbliğat kampaniyası isə iki ay əvvəldən start götürmüşdü. Hökumət hər vəhclə bu tədbirin Azərbaycanda keçirilməsini böyük uğur kimi qələmə verdi və ölkənin iqtisadi inkişafı ilə əlaqələndirməyə çalışdı.
Halbuki Davos Forumuna ev sahibliyi etmək Azərbaycanın iqtisadi sahədə hansısa üstünlüyündən xəbər vermir. Üstəlik hakim ailənin offşor zonalardakı qaranlıq biznesi, Azərbaycanın korrupsiya reytinqlərində ön sıraları zəbt etməsi, iqtisadiyyatın bütün istiqamətlər üzrə acınacaqlı durumu real mənzərənin nədən ibarət olduğunu açıq-aşkar ortaya qoyur.
“Bu təbliğat offşor zonalarla bağlı məlumatlarla da bir araya sığmır”
Iqtisadçı Məhəmməd Talıblı deyir ki, hökumətin Davos Forumu ətrafında apardığı təbliğat quru sözdən başqa bir şey deyil. Lakin ölkə vətəndaşları arasında bu təbliğata inananlar da var: “Bu insanlar iqtisadçı və ya siyasətçi olmadıqları üçün ola bilsin ki, həmin təbliğata uyurlar. Davos Forumu keçirildiyi ölkənin çox yüksək nüfuza sahib olduğunu, iqtisadi uğurlara imza atdığını, iqtisadi islahatların sayına görə öndə getdiyini, normal biznes və mədəni mühitə sahib olduğunu göstərmir. Bu forumun keçiriləcəyi məkan simvolik xarakter daşıyır. Ona görə də hökumətin apardığı piarın arxasında heç nə dayanmır. Bu təbliğat offşor zonalarla bağlı ortaya çıxan son ifşaedici məlumatla da bir araya sığmır. Məlum oldu ki, həmin zonaya 32 trilyon dollar vəsait yatırılıb ki, Azərbaycanın da orada xüsusi payı var. Eyni zamanda korrupsiyanın qavrama indeksinə görə ölkəmizin vəziyyətinin ildən-ilə pisləşməsi və Cənubi Qafqaz üzrə sonuncu yeri tutması da real mənzərənin əslində necə olduğunu göstərir. Büdcənin şəffaflığı, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı açıqlıq məsələsində də vəziyyətimiz ürəkaçan deyil. Bu və bunun kimi kifayət qədər böyük problemlər var. Iqtisadi sahədə islahatlar aparılmır, həm ixracda, həm istehsalda monopoliya hökm sürür, qanunvericilikdə problemlər qalmaqadır. Bütün bu problemlər həll olunmadan Davos Forumuna ev sahibliyi etməyimiz ətrafında bu cür piar qurmaq ucuz təbliğatdan və populizmdən başqa bir şey deyil. Halbuki belə mühim tədbirlərə məzmun baxımından yanaşmalıyıq”.
“Bu, siyasi piara hesablanmış bir tədbirdir”
Iqtisadçı Rövşən Ağayev də hesab edir ki, hökumət Davos Forumu ilə bağlı çox yaxşı piar apardı: “Hətta dedilər ki, ”görürsüz, iqtisadi uğurlarımıza görə məhz bizi seçdilər”. Bu, yaxşı siyasi piar oldu. Əslində bu tip tədbirlərdən mütəxəssislərin əsas gözləntisi o olur ki, Azərbaycan özünün iqtisadi potensialını dünyaya çıxarsın, investorların qatıldığı tədbirdə imkanlarımızı onlara təqdim edək. Iqtisadiyyat ancaq qloballaşdığı vaxt güclü inkişaf edir. Azərbaycan hökuməti isə ölkə iqtisadiyyatını qloballaşdırmaq, dünya iqtisadiyyatına inteqrasiya etmək fikrində deyil. Bunun bir göstəricisi də, Dünya Ticarət Təşkilatına qəbul olunmamağımızdır. Əgər bu təşkilata qəbul olunmaq kimi bir hədəfimiz yoxdursa, hətta ölkə başçısı səviyyəsində vurğulanırsa ki, biz Dünya Ticarət Təşkilatına üzv olmağa tələsmirik, bu halda bizim iqtisadiyyatımızın təqdimatı kim və ya nə üçündür? Oliqarxiya kapitalı yüksək əmsallarla ölçülən inhisarçı iqtisadiyyat yaradırsa, bu inhisarçı iqtisadiyyata başqa güclərin daxil olmasına maraq göstərilmirsə, rəqabət qabiliyyətli məhsul istehsal edib dünya bazarına çıxmaqdan daha çox ölkə bazarına hesablanmış məhsul istehsalını hədəf seçiriksə, ixrac yönümlü məhsul istehsalından söhbət getmirsə, biz iqtmsadiyyatımızı kimə nümayiş etdiririk? Bu tədbir sanki bir sərgidir. Bu sərgiyə çıxaracaq məhsul və imkanlarımız yoxdursa, niyə ona ev sahibliyi edirik? Deməli, bu, siyasi piara hesablanmış bir tədbirdir”.