İctimaiyyət repressiyalara cavab verdi: bu, rejimi xilas etməyəcək! (FOTO/VİDEO)
İctimai Palatanın Insan Haqları Komitəsi dünən ölkədəki son repressiyalarla bağlı dinləmə təşkil etdi. Dinləmədə Ictimai Palatanın Koordinasiya Şurasının (IP KŞ) üzvlərilə yanaşı, partiya təmsilçiləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, hüquqşünaslar iştirak edirdilər. Tədbirin aparıcısı Koordinasiya Şurasının dönəm sədri Qələndər Muxtarlı idi. İlk çıxışçı isə Komitənin sədri, IP KŞ-nin üzvü, təcrübəli hüquqşünas Vidadi Mirkamal oldu.
“Bu hakimiyyət bütün mənəvi sədləri aşıb”.

Hakimiyyətin son vaxtlar repressiyaları gücləndirdiyini deyən hüquqşünas bildirdi ki, yanvar ayından bəri demokratik düşərgədən 37 nəfər həbs olunub. V.Mirkamal bu həbsləri son aksiyalarda gənclərin fəallığıyla izah etdi: “NIDA”çı gənclərə qarşı baş verənlər göstərdi ki, bu hakimiyyət gəncliyin etirazından qorxur. Hakimiyyət anlamır ki, uzun illərdir apardığı repressiv siyasətlə artıq həbs qorxusunu məhv edib, artıq gənclər bu imtahandan da çıxıblar”.
Naxçıvanda Ibrahim Ibrahimliyə qarşı baş vermiş vəhşilikdən danışan V.Mirkamal qeyd etdi ki, hakimiyyət bütün mənəvi sədləri də aşıb: “Insanların yasına da hörmət qoyulmur. Ibrahim Ibrahimliyə qarşı Naxçıvanda, Eldəniz Quliyevə qarşı Lənkəranda baş vermiş zorakılıqlar hakimiyyətin mahiyyətindən xəbər verir. Biz birləşib ortaya vahid mövqe qoymasaq, heç bir mübarizədən söhbət gedə bilməz”.
Hakimiyyət addımlarıyla təsdiqləyir ki, zorakıdır, orta əsr təfəkkürlüdür…
Növbəti çıxışçı olan AXCP sədri Əli Kərimli bildirdi ki, bu gün hakimiyyət xalqla qarşıdurmaya gedir. Əvvəllər bu qarşıdurma iqtidarla müxalifət arasında gedirdi. Müxtəlif təqib və təzyiqlər, həbslərlə müxalif fəalları sıradan çıxarmaq istəyirdilər. Indi isə hakimiyyətin ədalətsiz siyasətinə etiraz edən, öz haqqını tələb etməyə qalxan ayrı-ayrı bitərəf insanlar, gənclər də hakimiyyətin hədəfinə çevrilib: “Hakimiyyət bütövlükdə cəmiyyətlə qarşdurma vəziyyətindədir. Ismayıllıdakı olayların səbəbkarı azğınlaşmış məmur övladları olsa da, hakimiyyət sadə insanları cəzalandırdı. Bu hadisəni bəhanə edərək, Tofiq Yaqublu, Ilqar Məmmədov kimi siyasətçiləri həbs etdilər. ”Binə” Ticarət Mərkəzinin işçiləri haqlarını tələb etdilər, onlardan da 10 nəfər həbs olundu. Dindarlar hakimiyyəti tənqid edən kimi, dərhal onları da həbsə atdılar. “NIDA”çılara qarşı böyük bir repressiya dalğası başladı. Daha sonra cəbhəçi gənc – Daşqın Məlikov şərlənərək həbs olundu. Hakimiyyət Ibrahim Ibrahimliyə, Eldəniz Quliyevə qarşı əxlaqsızcasına, insanlığa yaraşmayan formada zorakılıq etdi. Ehtiyatda olan hərbçi Yaşar Cəfərliyə qarşı da analoji hadisə baş verib. Biz deyirdik ki, bu hakimiyyət feodal düşüncəli, orta əsr təfəkkürlü, zorakı bir hakimiyyətdir. Indi isə hakimiyyət özü də əməli ilə bizim dediyimizi təsdiq edir. Hakimiyyət bir tərəfdən xalqın artan etirazını görür, digər tərfdən isə özünə inamı olmadığına görə, cəmiyyətə mesaj verir ki, demokratik seçkilrə getmək fikirləri yoxdur.Zorakılığı, qarşıdrmanı bundan sonra da davam etdirmək istəyirlər. Təqdirəlayiq haldır ki, zorakılıqla qarşılaşan insanların heç biri öz mövqeyindən geri çəkilməyib. Bizim siyasi məhbusların yaratdığı bir qəhrəmanlıq ənənəsi var ki, o, indiki situasiyada da davam edir”.
Mənəvi dəstək

AXCP sədri repressiyalara məruz qalan insanlara, onların yaxınlarına qarşı dəstəyin vacibliyini də qeyd etdi: “Bu gün həbs olunmuş gənclərin özləri, ailələri fədakarlıq nümayiş etdirir, geri çəkilmirlər. Ancaq bu insanlara böyük dəstək olmalıdır. Ictimai Palatanın Demokratiyaya Yardım Fonduna dəstək məqsədilə keçirdiyi ”Xeyriyyə Marafonu”nda insanlar iştirak etdi. Ancaq bu, kifayət deyil. Bu kampaniya arzulanan səviyyədə getmir. Biz Demokratiyaya Yardım Fonduna mütəmadi yardım göstərməliyik ki, həbs olunan, cərimələnən insanlar özlərini rahat hiss etsin. Bu, ədalətli olmaz ki, eyni adamlar həm mitinqə çıxsın, həm müxtəlif məhrumiyyətlərlə üzləşsin, həm həbs olunsun, həm də cərimə ödəsin. Ona görə də mən həm burada olanlara, həm də burada olmayanlara müraciət edirəm ki, fədakar insanların problemlərini paylaşmaq lazımdır”.
Dünya bunların oğurluqlarından danışır

Əli Kərimli onu da qeyd edib ki, insanları mübarizəyə qalxmağa vadar edən səbəblərdən biri də onların sosial problemlər məngənəsində boğulmasıdır. Hakimiyyətdə təmsil olunanlar milyardlara sahib olduqları halda, vətəndaşların böyük əksəriyyəti ehtiyac içində yaşayır: “Hakimiyyət bütün təbəqələrdən olan fəallarla həm paytaxtda, həm də regionlarda savaş aparır. Indi isə ”facebook”la mübarizəyə üstünlük veriblər. Hakimiyyət bu məhdud təfəkkürü ilə elə düşünür ki, bunlara qarşı etirazlar sosial şəbəkələrlə məhdudlaşır. Başa düşmürlər ki, “facebook” vasitədir, aktivistlər isə ötürücüdür. Əsas güc cəmiyyətin özüdür. Xalq bütün baş verənləri görür, dünya bunların oğurluqlarından danışır. Bütün bunlardan sonra abır-həyası olan adam xalqdan üzr istəyib, istefa verməliydi. Ancaq cəmiyyət görür ki, bunlar nəinki xəcalət çəkmir, əksinə, xalqla savaşa girir. Bütün bu etirazların səbəbi hakimiyyətin korrupsioner mahiyyətidir. Xalq hakimiyyətin onu saymadığını görür. Şikayətçilər problemlərilə əlaqədar dövlət orqanlarına onlarla məktub yazırlar, ancaq onların dərdini dinləyən, insanları sayan yoxdur. Ədalətli seçki, insanlara normal xidmət mexanizmi yoxdur, problemlərin aradan qaldırılması üçün addım atılmır. Xalq görür ki, bunların milyardlarla sərvəti var, özü isə ehtiyac içində yaşayır. Və bu təzad insanları özündən çıxarır.
Hakimiyyət özünə çox pis sonluq hazırlayır

AXCP sədrinin sözlərinə görə, hakimiyyətin həyata keçirdiyi repressiyalar, texnologiyalara qarşı mübarizəsi prosesi müvəqqəti ertələyə bilər, amma bütövlükdə qarşısını ala bilməyəcək. Bu gün aktiv mübarizənin içində olmayan insanlar belə, sabah bu mübarizənin iştirakçısına çevriləcəklər, meydanlara axışacaqlar: “Hakimiyyət bu cür siyasətlə insanları daha da etiraza səfərbər edəcək, beynəlxalq təşkilatlarla münasibətlər daha da kəskinləşəcək, öz sonlarını daha da neqativ edəcəklər. Bu cür ədalətsiz münasibətə görə nə vaxtsa cavab verəcəklərini bilməlidilər. Azərbaycan hakimiyyəti bu mövqeyilə özünə çox pis sonluq hazırlayır”..
Bu hakimiyyət yalan danışır

“EL” Hərəkatının üzvü Eldəniz Quliyev çıxışında Lənkəranda ona qarşı törədilmiş zorakılıqlardan, hakimiyyətin qeyri-insani rəftarından danışdı: “Hakimiyyət həm beynəlxalq aləmə, həm də xalqa yalan danışır. Dünyaya deyirlər ki, xalq demokratiyaya hazır deyil. Əslində isə, özləri demokratiyaya nifrət edirlər. Bu hakimiyyət başı kəsilmiş toyuq kimi, qanını hər yana yaxır. Artıq xalq, demokratik düşərgə ilə sıx inteqrasiyadadır”.
“Əsas namizədlik yox, xalqı mübarizəyə qoşmaqdır”

Hüquq müdafiəçisi Vidadi Isgəndərli çıxışında qeyd etdi ki, Azərbaycanın hazırkı hakimiyyəti nəinki ölkə, bütün bəşəriyyət üçün “qara ləkə”dir. O həmçinin birgə mübarizənin vacibliyini vurğuladı: “Hesab edirəm ki, bütün demokratik düşərgə birlikdə xalqın içinə getməli, xalqı məlumatlandırmalıdır. Bu korrupsioner hakimiyyətə qarşı mübarizə birlikdə aparılmalıdır”.

AXCP Rəyasət Heyətinin üzvü Seymur Həziyev bildirdi ki, hakimiyyətin həyata keçirdiyi həbslər artıq gənclərdə qorxu yaratmır, əksinə, onları daha da mübariz olmağa sövq edir: “Bu ölkədə heç kəs öz mülkünün, malının sahibi deyil. Rejim istənilən vaxt onun hər şeyini əlindən ala bilər. Ən böyük bədbəxtlik odur ki, ölkənin prezidenti siyasətçi deyil, siyasətə nifrət edir”.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev xalqın mümkün qədər daha çox məlumatlandırılmasının vacibliyindən danışdı: “Bu il seçki ilidir. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətilə Seçki Məcəlləsi ətrafında danışıqlar aparır. Cənubi Qafqaz və Orta Asiya ilə bağlı ciddi qərarlar gözlənilir. Qərbin mesajlarının düzgün qiymətləndirib, məsələnin müsbət həllinə nail ola bilərik”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, bu hakimiyyətdən islahat gözləmək sadəlövhlükdür. Çünki islahatlar aparmaq bu hakimiyyətin sonu deməkdir, onlar da bunu yaxşı başa düşür. Nurəddin Məmmədli də birgə mübarizənin faydalı olacağını vurğuladı: “Biz birlikdə mübarizənin nəticəsinə nail ola bilərik. Bu hakimiyyət üzərində qalibiyyət yalnız səmimi siyasi təşkilatlanma getdiyi zaman təmin oluna bilər. Gəlin, bu birliyin formasını tapaq, hər kəs öz üzərinə düşən öhdəliyi yerinə yetirsin. Əsas namizədlik deyil, xalqı mübarizəyə qoşmaqdır”.

Hüquqşünas Qurban Məmmədov da demokratik qüvvələrin birgə mübarizəsindən danışdı: “Bütün demokratik qüvvələr bir araya gəlməlidir. Azərbaycan hakimiyyətinə çatdırılmalıdır ki, onların can və mal təhlükəsizliyi təmin olunacaq. Heç bir məmur həbs olunmayacaq. Bu halda, hakimiyyət islahat apara bilər”.

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hakimiyyətin artıq beynəlxalq aləmdə də etimadı itirdiyinə diqqət çəkdi: “Beynəlxalq təşkilatların mövcud hakimiyyətə böyük basqısı var. Ilham Əliyevə göndərilən məktublarda repressiyalara, fəal insanların təqibinə son qoymaq çağırışları öz əksini tapıb”.

Müsavat başqanının müavini Gülağa Aslanlı bu hakimiyyətin cinayətləri, xalqdan oğurlanmış pullar haqda xalqa mümkün qədər daha çox məlumat verilməsinin vacibliyini qeyd etdi.
“Birliyin tərəfdarıyıq”

Sonuncu çıxışçı Müsavat başqanı Isa Qəmbər oldu. Ilham Əliyevin Qəzzafi, Mübarək, Bəşər Əsəd yolunu seçdiyini deyən Isa Qəmbər yada saldı ki, 2011-ci ildə Ictimai Palata avtoritar sistemdən demokratiyaya keçidin “Yol xəritəsi”ni hazırlayaraq hakimiyyətə təqdim edib. Orada qeyd olunub ki, cinayət yolu ilə əldə olunan pullardan başqa, bütün vəsaitlərə amnistiya təminatı veriləcək.

Birlik məsələsinə gəlincə, Müsavat başqanı bildirdi ki, demokratiya uğrunda mübarizə aparan bütün qüvvələrlə funksional əməkdaşlığa hazırdılar: “Hakimiyyətin hücumuna məruz qalan qüvvələr birləşməlidir. Müsavat, AXCP, Ictimai Palata, Ziyalılar Forumu, ”EL” Hərəkatı, dini kəsim hakimiyyətin hədəfindədir. REAL-ın rəhbəri həbs olunub. Gənclər təşkilatlarına qarşı repressiya güclənib. Hakimiyyət birləşəcək qüvvələrin çevrəsini özü çəkib. Birliyə töhfə verə biləcək qüvvələrlə, birliyin tərəfdarıyıq”.








İlham Hüseyn


