Qonşu həqiqətləri

Azərbaycanlıların, uzaq qohumdansa yaxın qonşunun yaxşı olması barədə məlum və məşhur bir ata sözü var.
O ata sözünün boş yerə, havadan yaranmadığı bu günlərdə öz təsdiqini tapdı.
Deməli, tanınmış hərbi ekspert, Müdafiə Nazirliyinin yorulmaz tənqidçisi Yaşar Cəfərli evinin yaxınlığında iki nəfərin hücumuna məruz qalıb. Hücum edənlərdən birini Yaşar bəyin qonşularının köməyi ilə yaxalamaq mümkün olub.
Uzaq qohumun ümidinə qalsaydı, hörmətli ekspert haqqında indiki, yoxsa keçmiş zamanda danışırdıq, bir allah bilir.
***
Düzü, mən indi daha çox yuxarıda yazdığım məlum, məşhur ata sözünün ilk müəllifinin halına yanıram. Allah bilir, o yazıq başına gətirilməyə çalışılan hansı fəlakətdən, faciədən döndükdən sonra belə bir kəlam söyləyib. Bəlkə onun da dili dinc durmayıb, ağadan, xandan, kəndxudadan-zaddan birinə qaşın üstə qara var deyib, onlar da quldurlarını göndəriblər, həmin adam da bizim Yaşar bəy kimi, qonşuları sayəsində birtəhər can qurtara bilib. Sonra da oturub yaxın qonşunun uzaq qohumdan yaxşı olması barədə qəti qənaətə gəlib.
Hər nə qədər olmasa da, bizdə lotuluğun, quldurluğun, yol və başkəsənliyin qədim tarixi var. Dünənimiz bu günümüzü aydınladır. Keçmişimiz bu günümüzə işıq tutur.
***
Nə isə mövzudan uzaqlaşmayaq. Qayıdaq Yaşar Cəfərliyə edilən hücuma.
Bilənlər bilir, bilməyənlərin də agahı olsun ki, hərbi ekspertin qonşuları ilə birgə yaxaladığı adam… hərbçi çıxıb! Onsuz da ilk gündən şübhə yox idi, indi isə, ümumiyyətlə, mübahisə etməyə dəyməz ki, Yaşar bəyə hücum onun məhz ordu haqqında tənqidi çıxışlarına görədir.
Amma qonşular olmasaydı, yəqin biz bunu heç vaxt indiki kimi əminliklə söyləyə bilməyəcəkdik. Sadəcə, iddia etmək, təxmin etməklə kifayətlənəcəkdik. Yaşar Cəfərliyə qarşı cinayət işi isə indiyədək tənqidçi, müxalif səslərə qarşı törədilən digər cinayətlər kimi, arxivə atılacaq, ildə bir-iki dəfə jurnalistlər mövzu ilə maraqlananda da artıq şiti-şoru çıxarılmış “zəruri istintaq əməliyyatları davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək” tipində cümlələr eşidəcəkdilər.
Amma indi istintaqsız-mistintaqsız hər şey aydındır. Buradan Yaşar bəyin qonşularına təşəkkür edir, “eşq olsun!” deyirəm.
Yoxsa, məsələn, Elmar Hüseynovun qonşuları ucbatından onun qatili hələ də azadlıqda əlini-qolunu sallaya-sallaya gəzir. Mərhum həmkarımıza güllə atılanda qonşular vaxtında çölə çıxsa, bəlkə nə Elmar öldürüləcək, nə qatil sivişib-aradan çıxacaq, nə də biz onu Azərbaycandan başqa hər yerdə axtarmaq məcburiyyətində qalacaqdıq: Gürcüstanda, şimal qütbündə, ofşor zonalarda, Misir piramidalarının arasında.
Qonşu qonşu olsa, Seymur Həzini evinin beş metrliyində başına torba keçirib maşına basa, sonra da aparıb çölün düzündə mitilinə çırpa bilərdilərmi?
Qonşularınız sizi namərd gülləsindən, quldur şillə-təpiyindən qorumursa, televizora yüksək səs verib meyxana yarışı dinləyir, Polad Ələmdarın serialına baxırsa, buna hüquq-mühafizə orqanları neyləsin? Qonşuların yerinə onlar gəlib sizi qorumalı, cinayətkarları yaxalamalı deyil ki?
Başqa bir müdrik azərbaycanlı ata necə deyib: “Ev alma, qonşu al”. Ya da döyülməyə, oğurlanmağa, öldürülməyə hazır ol. Üstəlik də, nə qatilin bilinsin, nə də qətlinin sifarişçisi. Nə səni döyən məlum olsun, nə də döydürən.
Doğrudan da, hər şeyi hökumətdən gözləməməliyik. Rüşvət verən olmasa, rüşvət alan da olmaz. Qonşu ertədən başını atıb yatmasa, cinayətkarlar da meydan sulamaz.
Di hı, bu da sizə növbəti analoqsuz Azərbaycan reallığı!