İbrahim İbrahimliyə qarşı zorakılıqla bağlı mətbuat konfransında sərt tənqidlər səsləndi
Aprelin 10-da Müsavat partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimliyə qarşı Naxçıvanda baş vermiş zorakılıqla bağlı geniş mətbuat konfransı keçirildi. Tədbirdə İP üzvləri, tanınmış jurnalistlər, hüquq müdafiəçiləri, siyasi xadimlər, gənc fəallar iştirak edirdi. Tədbiri İP-nin üzvü Səxavət Əlisoy giriş sözüylə açaraq bildirdi ki, İbrahim İbrahimliyə qarşı baş vermiş zorakılıq heç bir insanlığa sığmır. Hətta qan düşmənləri belə, bir –birinin hüzrünə hörmətlə yanaşırlar: ”Naxçıvanda elə bir despotizm hökm sürür ki, insanlar doğmalarının xeyir-şərinə də gedə bilmirlər. Biz görmüşdük ki, həbsxanadan insanları doğmalarının hüzrünə buraxırlar, Naxçıvanda isə doğmamızın hüzründə bizə qarşı zorakılq olur”.

“Məni sındırmaq mümkün deyil”
Sonra çıxış üçün söz İbrahim İbrahimliyə verildi. İbrahim İbrahimli öncə ona dəstək olan insanlara, qazetlərə, jurnalistlərə təşəkkürünü bildirdi. Bu dəstəyin onun üçün böyük stimul olduğunu ifadə elədi: “Bu ölkədə istiqlalçı deputatlar zorakılığa məruz qalır, istiqlalın əleyhinə səs verənlər isə ölkəyə rəhbərlik edirlər. Məni məsələnin hüquqi-siyasi tərəfindən çox mənəvi tərəfi təəssüfləndirir. Mən 1993 –cü ildən mübarizə aparıram, illərlə həbsxana həyatı yaşamışam, müxtəlif təzyiqlərə məruz qalmışam, ancaq məni sındırmaq mümkün olmayıb. Hakimiyyət bunu bilir, sadəcə olaraq məni təhqir edib, döyməklə həm insanlarda qorxu yaratmaq, həm də cəmiyyətə miskin insan kimi təqdim etmək istəyirlər. Hakimiyyət məndən qisas alır. Ancaq bu cür zorakı, qeyri –insani münasibət etiraz hərəkatının qarşısın ala bilməyəcək. Hakimiyyət 20 il bundan öncə hansı üsullara əl atırdısa, indi də o üsullardan istifadə edir. O vaxat AXCP- nin zirzəməisindən butulka çıxartmışdılar, indi NİDA-çıların evindən butulkalarda partlayıcı maddə çıxardırlar. İnanclı kəsimi fakt qarşısında qoyublar – ya narkotika, ya da silah ittihamı. Bütün fəal kəsimi sıradan çıxartmaq istəyirlər. Ancaq artıq xalq müxalifətlə birlikdə etiraza qalxır. Bu isə hakimiyyətdə təlaş yaradır. Hakimiyyət ölkədə xaotik bir proses yaradıb və bunun qurbanına çevriləcək. Bildirirəm ki, bu cür təxribatlarla məni və digər mübariz insanları sıradan çıxara bilməzlər. Bu qarşısı alınmaz bir prosesdir və hakimiyyət məğlubiyyətə məhkumdur”.

“Bu hadisə hakimiyyətin mənəvi deqradasiyasından xəbər verir”
İP KŞ-nin üzvü, hüquqşünas Vidadi Mirkamal bildirdi ki, bu il seçki ili olduğu üçün hakimiyyət mübariz insanlara qarşı repressiyaları artırıb. Fəal insanları alçatmaq, təhqir etmək, həbs eləmək hakimiyyətin peşəsinə çevrilib. “Hakimiyyətin ortaya qoyduğu mövqe budur. Hakimiyyət müsbətə doğru heç bir addım atmaq istəmir. Bu baş verənlər hüquqi nihilizm, nonsensdir. Insanlara qarşı 3-4 ittiham irəli sürürlər, axırda da birilə ilişdirib tuturlar. Son hadisə isə hakimiyyətin mənəvi deqradasiyasından xəbər verdi”.

“Naxçıvanı Somalinin gününə salırlar”
Hüquqşünas Fuad Ağayev də çıxışında bildirdi ki, İbrahim İbrahimlinin oğurlanaraq döyülməsi misli görünməmiş bir cinayətdir. Azərbaycanın hər yerində bu cür vəziyyətdir, sadəcə olaraq Naxçıvanda daha zorakı idarəçilik mövcuddur.” Əgər İbrahim İbrahimliyə bu cür münasibət göstərilirsə, görün adi vətəndaşa nə divan tutulur. Naxçıvanda baş verən hadisələrin mənbəyini Bakıda axtarmaq lazımdır. Bütün ssenarilər Bakıda hazırlanır. Naxçıvanı isə Somalinin gününə salırlar. Çıxış yolu müxalifətin birliyindədir”.

“Bundan böyük əxlaqsızlıq ola bilməz”
Tanınmış vəkil Aslan İsmayılov bildirdi ki, Elşad Abdullayevin videolarından sonra bütün Azərbaycan xalqının küçələrə çıxacağını gözləyirdi, amma belə olmadı: “Daha nə etməlidilər ki, biz ayılaq. Bizim nəsil bu gəncliyə mütiliyi, yaltaqlığı miras qoyub. Bu gənclik isə bunu təmizləmək istəyir. İbrahim bəyə qarşı baş verən hadisə o deməkdir ki, ölkədə bir nəfər də başıpapaqlı qalmamaldır. Hamı yaltaq, kölə olmalıdır. Bunun qarşısını almaq üçün yalnız səmimi birlik, əməli iş lazımdır. Ədalətsizliklə üzləşən insanlar müqavimət göstərməlidirlər. Biz hamımız eyni qatardayıq, eyni mhrumiyyətləri yaşayırıq. Ona görə də bir-birimizlə yox, rejimlə məqsədyönlü mübarizə aparmalıyıq. Xalqa qarşı bundan böyük təhqir, bundan böyük əxlaqsızlıq ola bilməz”.

“Dövlət aparatı qisas aparatına çevrilib”
Dünyəvi Boz qurd Partiyasının sədri Şakir Ulubəy bildirdi ki, xalq hakimiyyətdən azad seçk, qanuni haqqını tələb edir. Hakimyyət isə vətəndaşı təhqir edir, həbsə atır: “Hakimiyyət bizim müqəddəs bildiyimiz dövlətçilik məhfumuna xələl gətirib. Dövlət aparatı qisas aparatına çevrilib. Və bu qisasçılıq sabah hakimiyyətin özünə qarşı yönələcək”.

Tanınmış yazar Şahvələd Çobanoğlu artıq ölkədə qarşısıalınmaz bir prosesin başlandığını, xalqın öz hüquqları uğrunda mübarizəyə start verdiyini bildirdi: “Azərbaycan hakimiyyəti ictimai müqaviməti zəiflətmək, əvvəlki susqun cəmiyyəti yaratmaq istəyir. Bu gün pessimist olmaq lazım deyil. İstənilən halda cəmiyyət prosesi sürətləndirəcək. Birliyi pozmaq istəyən qüvvələr isə o böyük prosesin ayaqları altında qalacaq. Bu proses nə müxalifətdən, nə iqtidardan, nə Qərbdən, nə də Rusiyadan asılıdır. Bu xalqın gücünün ifadəsidir”.

“Naxçıvanda sanki faşizm hökm sürür”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Naxçıvanda sanki faşizm hökm sürür. İnsanlar doğmalarının hüzrünə də gedə bilmirlər: “İnsanları təhqir edirlər. Naxçıvana tək getmək qorxuludur. Hətta bir dəfə Mikayıl Mirzəni, Mirmahmud Mirəlıioğöluyla səhv salıb döymüşdülər. Orada insanları təhqir etmək məsuliyyət yaratmır. Sanki Naxçıvan başqa bir planetdir”.

Hüquq Müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, ölkənin 20 faizin erməni, 80 faizin hakimiyyət işğal edib. “Yeganə çıxış yolu əməli fəaliyyətə keçməkdir. Biz beynəlxalq təşkilatlara mütəmadi məlumat veririk, ancaq bu yetərli deyil. Repressiyalara qarşı konkret addımlar atılmalıdır”.

Hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, bu cür hallara adekvat münasibət bildirmək üçün koordinasiya edici qurum yaradılmalıdır. “Ancaq birgə fəaliyyət nəticəsində, nəyəsə nail olmaq olar. Bu ölkədə sadə insanların heç bir hüququ yoxdur. Bizim bilmədiyimiz minlərlə insanın hüququ pozulur”.

Ədliyyə generalı Hüseyn Hüseynov qeyd etdi ki, İbrahim İbrahimli bu hadisədə məğlub yox, qalibdir. ”Hakimiyyətin başında duranlar insanlıq hissini itirib. Bütün narazılıqları kənara qoyub, birləşmək lazımdır. Demokratik qüvvələr doğurdanda bu xalqı, bu milləti sevirlərsə, şəxsi maraqlardan deyil, ümumxalq maraqlarından çıxış etməlidirlər”

Son çıxışçı hüquq müdafiəçisi Anar Məmmədli oldu. O, bildirdi ki, nə qədər zorakılıq olsa da, Naxçıvana gedəcəklər, insanların problemləri ilə maraqlanacaqlar. “İbrahim İbrahimliyə qarşı baş vermiş hadisəni qəsd kimi qiymətləndiririk. İnsanlara demək istəyirik ki, üzləşdikləri problemləri ictimailəşdirməkdən qorxmasınlar. Biz çalışacağıq ki, hüquqi müstəvidə hər kəsə dəstək olaq”.








İlham


