Vəkilləri isə sabiq deputatın ev dustaqlığına buraxılması üçün vəsatət hazırlayır
“Yaxın günlərdə Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracağam”. Bu sözləri Modern.az saytına açıqlamasında həbsdə olan eks-deputatın vəkili Raqif Mustafayev məlumat verib: “Bu mənim öz fikrimdir. Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracağam. Amma vəsatətin təmin olunması ehtimalı çox azdır. Çünki bizim məhkəmələrin hamısının necə işləməsi hamıya məlumdur. Vəsatət qəbul olunmasa, Apelyasiya Məhkəməsinə verəcəyəm”.
Vəkil bildirib ki, Gülər Əhmədova ilə ötən həftənin cümə axşamı günü görüşüb. “Aprelin 10-da Gülər Əhmədova ilə yenidən görüşəcəyəm” deyən vəkil eks-deputatın KIV-lərdə Gülər Əhmədovanın 1 milyon dollar aldığını etiraf etməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib. Raqif Mustafayev yayılan məlumatın şayiə olduğunu bildirib. Onun sözlərinə görə, həqiqət üzə çıxdığından bəziləri bunu həzm edə bilmir. Ona görə də belə şayiələr yayırlar: “Çoxları görür ki, Gülər Əhmədova günahsız, sübutsuz tutulub. Bunu həzm edə bilmirlər. Odur ki, belə şayiələr yayırlar. Bunların heç biri həqiqətə uyğun deyil”.
Bu arada Aznews.az saytı məlumat yayıb ki, Türkiyə polisi Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi tanınan Səlcuq Çağlayanı saxta sənəd düzəltməkdə ittiham edir və onun bir sıra ağır cinayətlərdəki iştirak səviyyəsi araşdırır. Bildirilir ki, Türkiyənin hüquq mühafizə orqanları həmçinin qardaş ölkədə müəmmalı şəkildə vəfat edən Sevinc Babayevanın ölümündə bu şəxsin rolunun olub-olmamasını da araşdırır.
Məlumata görə, Çağlayan istintaq ifadəsində Gülər Əhmədova ilə əlaqələri barədə olduqca ilginc məlumatlar verib. Qeyd edilir ki, bu məlumatlar təsdiqlənərsə cəmiyyətdə şok effekt verəcək.
Məlumatda o da bildirilir ki, Çağlayanın bu ifadələrinin dəqiqliyini yoxlamaq üçün xüsusi istintaq qrupu Bakıya gələcək. Onlar Gülər Əhmədovanın işini araşdıran prokurorluğun əməkdaşları ilə görüşəcəklər. Bundan əlavə onların Bakıda fəaliyyət göstərən bəzi Türkiyə şirkətlərinin rəhbərlərini dindirəcəyi xəbərlər içərisindədir.


