Biri də ayaq yuyub onu öpməkdir…
Bir müddət əvvəl Isveçrənin mədəniyyət naziri mətbuat əhlinin aşkara çıxardığı bir – bizim üçün xırda sayılacaq olaydan istefa vermişdi. Heç nə… məlum olmuşdu ki, nazir hər dəfə işdən çıxıb evə gedərkən, metrodan istifadə etdiyi halda, bir həftə sonu taksi xidmətindən yararlanmışdı. Bu da mətbuatın diqqətini çəkmiş və haqlı olaraq ortaya belə bir sual çıxarmışdı: “Nazir hər gün nəqliyyat vasitəsi kimi metrodan istifadə etdiyi halda hansı müəmmalı hadisə baş verib ki, o, bu dəfə taksidən istifadə edib?”. Isveçrəli nazir bu minnəti qəbul etməmiş və dərhal istefa vermişdi… Bu cür olaylar Avropanın həyatında minlərlədir. Onların həyat tərzi bundan ibarətdir. Onların övladları bu cür hadisə, nümunələrin içində böyüyür, bunlardan örnək alır, elə yetişirlər.
Bu günlərdə bir Papa nümunəsi də yaşayırıq. Min illərin axarında ilk dəfə olaraq bir Papanın istefa verməsinə şahid olduq. Bu, bir ilk idi. Halbuki dünya tarixi Papanın istefa verməsinə hələ şahidlik etməmişdi – Papa ömürlükdür və yerini yalnız öləndə tərk edir.
Başqa bir nümunə – Papa ilk dəfə idi ki, Avropadan yox, Latın Amerikasından seçilir, konklav ilk dəfə olaraq qədim və əzəmətli qitəni okeanın uzaq sahilləri ilə dəyişirdi. Bu o deməkdir ki, Papalıq həm də demokratik təsisatların önünə keçir. Dünya tarixi şok hadisələr yaşayır. Seçim silkə, irqə, klana, tayfaya əsaslanmır. Qoca kardinalların, mühafizəkar dünyanın öncüllərinin bu addımları, tərəqqipərvər bəşəriyyət üçün ibrətdir, dərsdir, örnəkdir. Yeni Papa heyrəti heyrəti ardınca gətirir. Təvazökar və sadə həyat tərzi ilə böyüklük aşılamağa davam edir və… Həzrəti Isadan gələn sevgi selini içində yaşadaraq klassik ənənəni yerinə yetirir. Nədir bu ənənə?!
Papa eynilə Isanın etdiyi kimi 12 nəfərin ayağını yuyur və onları öpür. Isa da belə etmişdi, 12 nəfərin birinin onu satacağını bilməsi də onun sevgi ayinini təxirə salmamışdı. Isadan fərqli olaraq Papanın 12 həvarisi yoxdur, sadəcə, Papa 12 dustağın ayaqlarını yumağa və sonra da onları öpməyə qərar verir. Bu dustaqlar başqa dinlərdən və irqlərdəndir həm də… Insan bu qədər böyüklüyü dərk edə bilmir və heç cəmiyyətimizi, cəmiyyətlərimizi müqayisə etmək belə istəmirsən. Utanır adam…
Buralarda Papanın ekvivalenti monopolistlərdir, burada nazirlər evlərinə vertolyotla gedirlər, burada hər gün onlarla insan şərlənir. Dustaqlar əsir və girov vəziyyətində… Burada Prezidentin şəxsi şirkətlərinin siyahılarından kimsənin tükü də tərpənmir. Allahın şöbə müdiri, Papadan zəngin və qüdrətli.
Oralarda Papa ömürlük vəzifəsindən imtina edir, buralarda hamı ömürlük olur. Prezident ömürlük, nazirlər ömürlük, şeyx ömürlük, televiziyaların direktorları ömürlük, bütün növ şuraların sədrləri ömürlük. Bununla inkişaf, tərəqqi, gəlişmə olarmı? Olmaz təbii ki…
Orta statistik avropa gəncini və ya məktəblisini düşünün və eynilə bizim orta statistik gəncimizi və ya orta məktəblimizi düşünək. Təkcə yuxarıda sadaladığım olaylarla qarşılaşdıranda adamın qanı donur. Onların, o gənclərin nəfəs aldıqları auraya, mühitə baxın, özümüzə baxın.
Təbii ki, böyük olacaqlar!
Təbii ki, kiçik olacağıq!
“Əcnəbi göydə balonlarda gəzir, biz hələ otomobil minməyiriz” deyirdi rəhmətlik Sabir. Indi lap yeridir. Avropanın bir naziri təkcə bir dəfə taksidə getdiyinə görə istefa verir, bizim çiçəyi burnunda Azər Qasımovumuz “Prezidentin övladlarının biznesinin olması normaldır” deyir. Adam, kim deyir, aclarından ölsünlər?!
Hələ iri bir holdinqin, Allah qoymasa, mətbuat işlərinə baxan bir yetkilisi deyir ki, təəssüf ki, dünyada bizim Mətbuat Şuralarından yoxdur və biz “beynəlxalq reketləri” müəyyənləşdirə bilmirik. Düşüncəyə bax hələ… Deməli, bunlardan olsa çox asanlıqla “Der Şpigel”i, “Qardian”ı, “Endependent”i, “The New York Times”ı, “Washington Post”u, “Milliyet”i, “Hürriyet”i, CNN-i, BBC-ni, ABC-ni və digər dünya nəhənglərini də özlərinin layiq olduqları siyahılarına salarlar.
Və… dəhşətdir ki, bu düşüncələrində səmimidirlər. Yəni bunlar dünyanı bu cür qavrayırlar…
Gəl havalanma…
06.04.2013