Əhməd Kayanın “Pəncərəsiz qaldım, anne” türküsünü dinləyə- dinləyə başlayıram bu yazıya. Rəşadətin arxayın baxışlarını xatırlayıram. Inamlı və sakit danışığını, sarsılmaz iradəsini rejimin zindanlarında göz bəbəyi kimi qoruduğuna arxayınam. Zaurun bütün sərhədləri, çərçivələri əzən tərzini gözümün önünə gətirirəm. Bu anda türküdə belə deyir: “Üstünə titrədiyim kaktus çiçeyi…” 20 yaş civarında, gəncəcik fəalları düşünürəm – “Pəncərəsiz qaldım, anne” dediyində mahnının məşum sözləri…
Rejim nəfəsliklərimizi tıxayıb, iynənin ucu boyda işığa həsrət qoymaq istəyir bizi. Zindandakı iki cəbhəçi gəncin manifestidir, həm də bu türkü.
Günahları azadlıq istəməkdir. Amma quduzun üstünə su çırpmağa cəhd etmiş kimi yarğılanırlar. Ilham Əliyevin düşmənləridir bu gənclər. Görəsən, övladları yaşda uşaqların ona qarşı bu qədər barışmaz olmasının səbəbini düşünmürmü bu əlahəzrət?! Axı bu gənclərin nəyini alıb ki, onlar ona qarşı belə sərtdilər? Bütün sualların açarı bu deyilmi? Niyə, axı niyə, 20 yaşlarındakı gənclər bu hakimiyyətə qarşı belə qəzəblidilər? Bunu düşünmək lazımdır. Bunu ayırd etmədən heç nəyə nail olmaq mümkün deyil.
Ilham Əliyev üçün bəlkə də anlaşılan deyil. O bilmir ki, taladığı ölkə bu gənclərin gələcəyidir. Onların səadətidir talanan. Əslində, Ilham Əliyev bunları bilirmi, bilmirmi – bu başqa məsələdir, amma onun bu gəncliyin qəniminə çevrildiyi şübhəsizdir.
Ilham Əliyev tarix üçün də, Azərbaycan üçün də dəyərlər kontekstində artıq keçmişdir. Gələcəyimizə mane olmaq planı olsa da, buna yetəcək gücü yoxdur. Buna baxmayaraq, o, özünü tamamən tükəndirmək üçün bu addımlara əl atır. Övladları yaşında gəncləri zindanlara atır. Onları zindanlara atır ki, öz övladları taladığı sərvətləri rahat yesinlər.
Bizim qorxumuz yoxdur onsuz da. Qurddan qorxan meşəyə girməz. Bu ölkəni cəngəlliyə nahaq çevirirsiz. Azərbaycan nə qədər vəhşi qaydalarla idarə olunsa, sizin üçün bir o qədər çətin olacaq, qorxulu olacaq. Bu insanları qəzəbləndirməyin, çünki sizin qəniminizə çevriləcəklər. Bu gün işıqsız, pəncərəsiz qoyduğunuz bu gənclər əslində, sizi bu vəhşilikdən xilas etmək istəyirlər. Onları yalandan ittiham etdiyiniz partlayıcıların həqiqi istifadəçilərini yetişdirirsiz siz. Bunu görmürsünüzmü? Ölkəni hara aparırsız? Bu gəncliyin ömürünü niyə yeyirsiz? Bu siyasi goreşənliyin sonu yoxdur. Inanmırsınızsa, dünyaya baxın. Gələcəklə savaşanların hansı qalib çıxdı ki, siz də qalib olasız? Günəşdən, sudan, aydınlıqdan, gənclikdən və gələcəkdən qorxmayın. Ürəkli olun, sizi anlayanlar olacaq. Sizi bu bataqlıqdan çıxarmaq istəyənlərə qarşı savaşmayın ki, batmayasız. Xilaskarlarına divan tutanların hamısı batdı, bunu görmədinizmi? Bir gün o zindanın zəncirləri qırılacaq. Zülmün yayını elə çox çəkməyin ki, sizi çox dərinlərə atmasın.
Əvəz Zeynallı ilə də danışdım. Deyir ki, hər şey yaxşı olacaq. Özü də tez bir zamanda. Zindandan deyir bunu. Demokratiya, azad və ədalətli gələcək artıq zindanın qaranlıq künclərindən də görünür. Amma bu rejimin gələcəyi bu ölkənin ağ binasında ümidsizliyə qərq olub, “aqoniya”ya girib…
P.S. Bax, belə olur, Yer Günəş ətrafında fırlanmağa israr edəndə. Hər gecənin mütləq bir gündüzü olur!

Quduzluğa su çırpanlar
•