“Prezidentin ailəsi kapitalını ölkədən çıxarırsa, bunun bir neçə siyasi nəticəsi var”
Qubad İbadoğlu: «Ölkədən 48 milyardın çıxarıldığını demək olar. Amma bu hesablamalarda Ərəb ölkələrindəki offşorlarda olan kapital nəzərə alınmayıb»
Dövlət başçısı Ilham Əliyevin ailəsinin offşor zonada qeydiyyatdan keçmiş şirkətləri barədə beynəlxalq təşkilatın apardığı araşdırma son günlər mətbuatın əsas diqqət mərkəzində olan mövzudur. Amma baş verənlərdə diqqət çəkən əsas məqamlardan biri odur ki, siyahıda dünya üzrə bir çox tanınmış şəxslərin adı olsa da, I.Əliyev və ailəsinin üzərində xüsusi vurğu ilə dayanılır. Bu baxımdan ekspertlər hesab edir ki, açıqlanan məlumatlar iqtisadidən çox, siyasi xarakterlidir. Müsahibimiz Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu da eyni fikirdədir:
– Həqiqətən də bu məlumatların iqtisadi tərəfindən çox siyasi tərəfi var. Məsələ burasındadır ki, bu investiya yatırılan zonalar bilirsiz ki, sahibkarlar mühütünə, bank sektoruna görə əlverişli zonalardır. Sahibkarlar ora vəsait yönəldirlər. Azərbaycan üçün ən pis məqam ondan ibarətdir ki, dövlət başçısının adı bu məsələdə hallanır və söhbət prezident ailəsinin vəsaitlərindən gedir. Offşor zonada Azərbaycanlı məmurlardan çoxunun vəsaiti var. Bu istiqamətdə müzakirələr əvvəl də olub. Amma dövlət başçısının adının hallanması onu göstərir ki, prezidentin ailəsi kapitalını ölkədən çıxarırsa, bunun bir neçə siyasi nəticəsi var. Birinci siyasi nəticə ondan ibarətdir ki, ölkəni idarə edənlər bu dövlətin gələcəyinə inanmırlar. Kapitalın təhlükəsizliyini təmin etmək üçün offşor zonadan istifadə edirlər. Əgər dövlət başçısı və məmurlar vəsaitlərini offşor zonaya yerləşdirirlərsə, deməli, bu ölkədə sahibkarlıq mühütü çox pisdir. Investisiya mühitünün pis olması həm də xarici sərmayəçilər üçün siqnaldır. Bu ölkəyə kapital qoymaq üçün ayrı-ayrı investorların marağını azaldan faktordur. Normal investorlar belə ölkələrə kapital göstərməyə meylli olmurlar. Yəni bu, gün modernləşmə ehtiyacının günü-gündən artdığı Azərbaycan iqtisadiyyatının inkişafını ləngidə biləcək ən böyük faktora çevrilə bilər. Əgər mən xaricdə investoramsa, görürəmsə ki, investisiya qoymaq istədiyim ölkənin prezidenti öz kapitalını başqa yerə yerləşdirir, mən birmənalı qərar verəcəm ki, kapitalım başqa ölkəyə yönəlsin.
Niyə məhz offşor zonalar?
– Niyə məhz offşor zonalar seçilir? Bu zonaların kapital üçün əlverişli cəhətləri nədən ibarətdir?
– Offşor zonada bir neçə üstünlüklər var. Bir üstünlük ondan ibarətdir ki, bank əməliyyatları sürətlidir və konfidensiallığı təmin edir. Ikinci bir məqam ondan ibarətdir ki, orada valyuta sistemi liberal, gömrük rüsumları ya yoxdur, ya da çox cüzidir. Azərbaycan mənşəli kapital offşor zonaya gedirsə, o burada ağır vergi yükü, əməliyyatların konfidensialığından ehtiyatlanır, ona görə maliyyəni ölkədən çıxarır. Bu o deməkdir ki, bu addımı atan adamlar ölkənin vergi, bank, gömrük, valyuta sisteminə etimad göstərmir. Hətta etimad göstərsələr, belə vergi, gömrük, bank sistemi ilə bağlı əlavə xərcləmələrə getmək istəmir. Daha ucuz, əlverişli mühütdə kapitalını yerləşdirir. Digər tərəfdən offşor zonalarda şirkətlərin yaradılması çox asandır. Şirkətləri çox asanlıqla qeydiyyatdan keçirmək, bağlamaq olur. Xüsusilə sonradan bu şirkətləri Azərbaycan kimi ölkələrdə müxtəlif layihələrin icrasına cəlb etmək olur. Bu proses başa çatandan sonra da həmin şirkətlər asanlıqla ləğv edilir. Bu biznesin fəaliyyətini sonradan silməyə imkan yaradır. Artıq heç bir arxiv və iz yoxdur. Deməli, bununla bağlı informasiyalar əl çatan olmur. Hələ mən Azərbaycan qanunvericiliyinə görə, prezident ailəsinin bizneslə məşğul olmasının nə dərəcədə icazə verildiyi məqamına toxunmuram, məlumata sırf iqtisadçı kimi yanaşıram. Bu hal bütün ölkələrdə var. Elə ölkə yoxdur ki, onun kapitalı offşor zonada qeydiyyatdan keçməsin. Amma ayrı-ayrı ölkələrdə offşor zonalara kapital yerləşdirməyə sahibkarlar can atırlar, prezidentlər yox. Sahibkarlar offşor zonalarda işləyib, daha çox pul qazanmaq məqsədi güdürlər. Amma çox az ölkələrdə prezidentin offşor zonada fəaliyyətin görərsən. Çünki ayrı-ayrı ölkələrdə ölkədən offşor zonaya kapitalın getməsinin qarşısında məhz prezident dayanır. Hətta Rusiyada Putin vurğulamışdı ki, Rusiyadan ayrı-aryı ölkələrə kapitalın axını sürətlənib və bunun qarşısını almaq lazımdır. Ölkənin gələcəyini düşünən adamlar bunu mütləq edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın neft hasilatı aşağı düşür və ölkənin gəlirləri əvvəlki kimi deyil. Bu gün ölkənin investisiyalara ehtiyacı var. Bir tərəfdən biz öz kapitalımızı ölkədən çıxarırıq, digər tərəfdən xarici investorların ölkəyə gəlməsinə əngəl yaradırıq. Xarici investor belə faktlarla tanış olanda fikrindən danışır.
Offşor pullarına nələri etmək mümkün idi?
– Bundan əvvəl daha bir nüfuzlu şirkət 17 il ərzində Azərbaycandan offşor zonalara 48 milyard pulun çıxarıldığın elan etmişdi. Hazırda da bu məlumat meydana çıxıb. Təxmini hesablamalar aparılarsa, Azərbaycandan offşor zonalara nə qədər maliyənin çıxarıldığını söyləmək olar?
– Konkret rəqəm söyləmək çətindir. Amma bu rəqəmi ən azı 48 milyard götürmək olar. Amma bu hesablamalar aparılanda Ərəb ölkələrindəki offşorlardakı kapital nəzərə alınmayıb. Çünki ərəb ölkələrində konfidensiallıq o qədər yüksəkdir ki, onlardan məlumat almaq mümkün deyil. Digər tərəfdən ilk məlumatda vurğulanırdı ki, çıxarılan kapitallara yüklər, mallar, əmlak daxil deyil. Bank və biznes əməliyyatları nəticəsində 48 milyard hesablanıb. O zaman mən qeyd etmişdim ki, 48 milyard tam reallığı əks etdirmir və offşor zonalarındakı kapiatal daha yüksəkdir. Amma biz offşor zanada olan 48 milyardın hamısına oğurlanmış vəsait kimi baxmamalıyıq. Əslində ola bilər bu vəsaitin böyük hissəsi və ya yarısı oğurlanmış olsun. Müəyyən biznesin Azərbaycanda qazandığı halal kapitalı offşora çıxarması da mümkün ola bilər. Təbii ki, əgər burada söhbət siyasi şəxslərdən gedirsə, bu ilk növbədə şübhə yaradır ki, bu halal biznesin yaratdığı kapital deyil.
– Ölkədən çıxarınlan maliyənin hesabına büdcədə, digər sahələrdə hansı işləri görmək olardı?
– Ən azı bizim sosial, təhsil, səhiyyə sahəsində islahatlara başlamaq, xüsusilə də əmək haqlarının artırılması baxımından müəyyən işlər görmək mümkün idi. Eyni zamanda xeyli əhəmiyyətli sosial investisiya qoyula bilərdi, pensiyaları bir neçə dəfə qaldırmaq olardı. Dövlət universitetlərin müəllimlər, həkimlər daha çox maaş ala bilərdi. Övladlarımız üçün daha uğurlu gələcək qurmaq olardı. Çünki bu vəsait Azərbaycanın indiki büdcəsindən iki dəfə çoxdur.
Hesablama Palatasının hesabatı şübhə doğurur
– Hesablama Palatasının Milli Məclisdə hesabatı təqdim edildi. Hesabatda büdcədən yayınmanın miqdarı kimi 300 milyona yaxın vəsait göstərilib. Sonra bu vəsaitin büdcəyə geri qaytarıldığı vurğulanıb. Bu nə dərəcədə reallığa uyğun məlumat ola bilər?
– Təəssüflər olsun ki, Hesablama Palatası bu gün müstəqil fəaliyyətə malik deyil. Hesablama Palatasının müstəqil olduğu özünü heç nə də göstərməyib. Təbii ki, bu baxımdan açıqlanan rəqəm şübhə doğurur. Əslində büdcədən oğurlanan vəsaitin qarşısının alınmasında siyasi iradə olarsa Hesablama Palatası hətta indiki tərkiblə də səy göstərib müəyyən nəticələrə gətirib çıxa bilərdi. Amma məsələ bundan ibarətdir ki, bu gün Hesablama Palatasının işinin yenidən qurulmasına ehtiyac var. Mən bu yaxınlarda Qırğızıstanda oldum. Məlum oldu ki, bu ölkədə Hesablama Palatasının tərkibinin yarsını hakimiyyətyönlü, digər yarısını isə müxalifətyönlü fraksiya təşkil edir. Bu gün bizdə belə təmsilçilik yoxdur. Digər tərəfdən ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, bu qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı xeyli işlər görülməlidir. Bu büdcə oğurluğunun qarşısını ala bilməz. Hesablama Palatası ayrı bir qrum kimi Konstitusiyada əksini tapmalı, büdcə sistemi haqqında qanun yenidən işlənməlidir. Hesablama Palatasının audit istiqamətləri genişləndirilməlidir. Eyni zamanda Hesablama Palatasının fəaliyyətin şəffaf aparmaq lazımdır.
– Maraqlıdır ki, Hesablama Palatası büdcədən yayınmanın olduğu bildirsə də bu addımlara, əlavə ştat cədvəli açdığına görə heç kim məsuliyyətə cəlb olunmayıb. Halbuki kiçik məbləğlərə görə biz sıravi vətəndaşların korrupsiya və rüqvətə görə məsuliyyətə cəlb olunduğun görürük. Burada isə söhbət milyonlardan gedir?
– Məsələ burasındadır ki, Hesablama Palatası hüquq-mühafizə orqanı deyil. Hesablama Palatası audit yoxlamaları aparır, son nəticədə yoxlamaların sonucun aidiyyatı orqanlara təqdim edirlər. Ancaq aidiyyatı orqanların işində bu istiqamətdə nəticə yoxdursa, cəza yüngüldürsə, deməli, hüquq-mühafizə orqanları korrupsiyaya yol veriblər ki, son nəticədə cəzası yüngül görsənir. Hesablama Palatasının apardığı audit yoxlamalarının nəticəsi qanuna uyğun dəyərləndirilməlidir.
Xəyal