Bir neçə gün əvvəl saytların hansındasa YAP-ın keçmiş deputatı Səyyad Aranın bir yazısına rastladım, həmin yazıda o, AYB sədri Anar Rzayevi “xalq yazıçısı, ictimai-siyasi xadim” adlandırırdı. Adlandırsın, bir söz demirəm. Amma bunların Anar Rzayev kimi işlərinə yarayan yazıçılara asanlıqla “ictimai-siyasi xadim” yarlığı yapışdırıb, amma sıra tutaq ki, Rüstəm Ibrahimbəyova çatanda “yazıçının siyasiləşməsinə” qəzəb püskürmələri riyakarlığın son həddidir. Yalançının yaddaşının olmadığı haqqında müdrik kəlamın isbatıdır.
Yaltaq şairlərə-yazıçılara hər mövzuda danışmaq icazəsi var. Çünki onlar sistemə təhlükə yaratmırlar. Əksinə, sistemin toplum içindəki dayaqlarının möhkəmlənməsinə xidmət edirlər. Ona görə də belələrinin siyasiləşməsi, ictimailəşməsi qorxulu deyil, üstəlik, hətta sistem onları buna məcbur edir. Amma hansısa qələm adamı fərqli, müxalif düşünəndə o saat ona öz yazı masasını, yazıçı hücrəsini göstərirlər. Məlum olur ki, yazıçı başını aşağı salıb yazmaqla məşğul olmalıdır, çünki onların başı siyasətdən çıxmır.
Hələ bir nəfər də çıxıb izah eləmir ki, niyə yaltaqların bir liderin, bir partiyanın buyruqqulu olması, saraya yalmanması bunlara xoşdur, amma yaltaq olmayan yazıçının müxalif düşərgədə dayanması, müxalif fikir səsləndirməsi, müxalif siyasətçiyə yaxınlıq göstərməsi suç, cinayət elan edilir… Niyə yazıçı sarayın köləsi ola bilər, hətta buna görə onu alqışlamaq da lazımdır, amma bir yazıçı saraya qarşı çıxa bilməz? Niyə yazıçı mədh edə bilər, amma etiraz edə bilməz? Bu nə ikiüzlülükdür axı?
Əslində bütün bu sualların çox sadə bir cavabı var: ədəbiyyatın ruhu – azadlıqdır. Bu ruhu isə yalnız yazıçını qula, köləyə əl quzusuna çevirməklə, onun qələmini sındırmaqla öldürmək olar. Tiranlar da məhz belə edirlər, çünki ədəbiyyatın azad ruhundan qorxurlar. Bu azad ruh onların, gücünü kütlənin itaətkarlığından, başıaşağılığından, üzüyolalığından alan hökmranlığını təhdid edir, onların qorxu imperiyalarına təhlükə yaradır. Odur ki, yazıçını məhz mədh edərkən görmək istəyirlər, etiraz edərkən yox!
Yazıçını mədh edərkən görmək istəyirlər ki, ədəbiyyatın azad ruhu kütləyə yoluxmasın, onun qəlbini və beynini aydınlatmasın, ona doğru yolu göstərməsin.
Əliyevlərin Azərbaycanında son illərin ən böyük uğurlarından biri o oldu ki, ədəbiyyat təslimçilik bayrağı qaldırmadı. Meydan yalnız məddahlara qalmadı. Ədəbiyyatın azad ruhu yeni nəsil yazarlarının ən ağır şərtlər altında, inanılmaz fədakarlığı sayəsində dirildi, canlandı. Bu günün dəyərli şeirlərini, hekayələrini, romanlarını indi məhz onlar yaradırlar – qəlbi azadlıq eşqi ilə döyünənlər, həqiqətin dostu, yalanın düşməni olanlar!
Bu gün yaranan ədəbiyyat yalnız ənənəvilikdən, psevdoluqdan, təslimçilikdən uzaqlığı ilə fərqlənmir, o həm də fərqliliklərin, azadlıqların, yeniliyin, dəyişikliyin bizim torpaqlara da gəlib çıxmasına töhvə verir. Qaranlığın bağrına od salır, aydınlığın gülən üzünə çevrilir.
Mənim gözəl gələcəklə bağlı ümidlərimi alovlandıran həm də məhz bu gün yaranmaqda olan ədəbiyyatdır. Bizim onun bəhrəsini görməyimizə az qalıb. Lap az.
Yazını isə bütün həyatı boyu əziciliyə, sümürücülüyə, yalana, faşizmə qarşı yenilməz, möhkəm siyasi duruşu ilə tanınan 20-ci əsr dünya şeirinin ən sarsılmaz sütunlarından biri Pablo Nerudanın sözləri ilə bitirmək istəyirəm: “Hər yerdə dəyişikliklərə can atırlar və yalnız köhnə sistemlər keçmişdən yapışıblar… Onların həyatı orta əsrlərin nəhəng hörümçək torunda başlanıb… Bu tor poladdan da möhkəmdir… Amma yenə də dəyişikliklərə inanan insanlar var, onlar dəyişikliklərə nail olublar, onların zəfərinə, çiçəklənməsinə nail olublar… Lənət şeytana!.. Bahar qarşısıalınmazdır!”.

Niyə yazıçı mədh edə bilər, amma etiraz edə bilməz?
•
•