
Bazarın qəsdən yandırıldığını deyən vətəndaşlar icra hakimiyyətinin qarşısına toplaşdı
Rayon rəhbərliyi sahibkarlara dəymiş ziyanın ödəniləcəyinə söz verdi
Ötən gecə Gədəbəydəki mərkəzi bazar yandırılıb. Bu barədə “Azadlıq”a Gədəbəy sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, rayon rəhbərliyi bazarı başqa əraziyə köçürməyi planlaşdırıb. Bu səbəbdən orada alver edənlərdən bazarı tərk etmək tələb olunur. Lakin bazarda alverlə məşğul olanlar yeni ticarət mərkəzinin rayonun mərkəzindən xeyli kənarda olmasını, tikinti işlərinin başa çatdırılmamasını əsas gətirərək, oranı tərk etmək istəməyiblər:
“Bu məsələ mübahisə yaradırdı. Camaat narazılıq edirdi. Ötən gecə isə bazar demək olar ki, tamamilə yandı. Amma hamı düşünür ki, bazarı məqsədli şəkildə yandırıblar. Camaata böyük ziyan dəyib”.
Gədəbəy sakini onu da əlavə edib ki, rayonun Arıqdam kəndində tikilən yeni bazar məmurlardan birinə məxsusdur.
Gədəbəyin başqa bir sakini deyir ki, yeni bazar tam hazır olmadığından satıcıları məcbur edirlər ki, ora köçüb, təmirin qalan hissəsini özləri həyata keçirsinlər. Onun sözlərinə görə, yeni bazarda müəyyən dairələrin marağı var və satıcılar da bu marağa qurban verilir.
Söhbətdən o da məlum oldu ki, yanğın zamanı vətəndaşlara dəymiş ziyan ödənilməyəcək: “Biz sığorta pulu veririk, vergi veririk, amma indi bizə dəymiş ziyanı ödəmək istəmirlər”.
Bununla əlaqədar dünən 150-yə yaxın sahibkar Gədəbəy Rayon Icra Hakimiyyətinin qarşısına toplaşıb. Vətəndaşlar bazarın qəsdən yandırıldığını bildirərək, onlara dəymiş ziyanın ödənilməsini tələb edib.
Vəziyyətin qəlizləşdiyini görən rayon rəhbərliyi narazı vətəndaşları qəbul edib. Onlara bildirilib ki, dəymiş ziyan qiymətləndirildikdən sonra sahibkarların pulu ödəniləcək.





İlham


