“İnstitut Azərbaycanda demokratiyanın vəziyyəti, insan hüquqlarının boğulması, seçki saxtakarlığı məsələlərini beynəlxalq səviyyədə gündəmə gətirmək istiqamətində işləyəcək”
Ötən həftə Vaşinqtonda Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya məsələləri üzrə proqram direktoru Edmund Rhoadsla və Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı müzakirələrin detallarını açıqlayıb.
Aprelin 8-də “Media forum” saytına açıqlamasında Fuad Qəhrəmanlı deyib ki, Azərbaycanda MDİ-nin fəaliyyəti ilə bağlı yaranmış problemi geniş müzakirə ediblər: “MDİ rəhbərliyi instituta qarşı aparılan təzyiq kampaniyasından, xüsusən də korrupsiya ittihamından narahatlıqlarını bildirdilər. Kampaniya davam etdirilsə, institut Azərbaycandakı fəaliyyətini dayandıra və ölkədən getmək qərarı verə bilər. Amma bu, MDİ-nin Azərbaycanla bağlı fəaliyyətini dayandırması demək deyil. İnstitut Azərbaycanda demokratiyanın vəziyyəti, insan hüquqlarının boğulması, seçki saxtakarlığı məsələlərini beynəlxalq səviyyədə gündəmə gətirmək istiqamətində işləyəcək. MDİ bunu strukturları olan ölkələrdə, o cümlədən Avropa dövlətlərində və ABŞ-da həyata keçirməyi planlaşdırır. Hakimiyyətin təzyiqlərinə, zorakı kampaniyasına baxmayaraq MDİ Azərbaycanla bağlı görmək istədiyi işlərdən imtina etmək niyyətində deyil, bu fəaliyyət daha geniş formada, beynəlxalq səviyyədə həyata keçiriləcək. Bu yalnız MDİ-nin öz təşəbbüsləri deyil, ABŞ-ın müxtəlif dövlət qurumlarının da lobbiçilik fəaliyyəti ola bilər”.
Fuad Qəhrəmanlının sözlərinə görə, MDİ rəhbərliyi Azərbaycan rəsmilərinin ittihamlarını tam rədd edir: “Onlar vurğuladılar ki, bu ittihamlar siyasi xarakterlidir və MDİ-yə təzyiq məqsədi ilə ortaya atılıb. Bildirdilər ki, bundan təəssüf hissi keçirirlər və bu yalnız MDİ ilə Azərbaycan hakimiyyətinin deyil, ABŞ-la Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir. Eyni zamanda hakimiyyətin beynəlxalq səviyyədə təcridinə səbəb olacaq. Çünki MDİ sıradan bir təşkilat deyil. Bu məsələyə hakimiyyətin özünü ifşa etməsi kampaniyası kimi baxırlar”.
MDİ-nin bu il Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı müəyyən layihələrinin olduğunu vurğulayan AXCP sədrinin müavini bildirib: “Amma hazırkı problemlərin həll olunmasını gözləyirlər. Ona görə də indi layihələrin geniş müzakirəsi aparılmır. MDİ rəsmiləri dedilər ki, onlar üçün ən vacib məsələ seçkinin demokratik keçirilməsinə nail olmaqdır. Əgər instituta Azərbaycanda işləmək imkanı verilsə, müəyyən layihələri reallaşdırmaq nəzərdə tutulur”.


