Dünyanın aparıcı nəşrləri Ailənin biznesindən yazır
Azərbaycanın dövlət başçısı Ilham Əliyev və ailəsinə məxsus, ofşor zonalarda qeyddiyatdan keçmiş şirkətlər barədə ICIC (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının son araşdırmaları haqda məlumat vermişdik. Bu xəbər dünya mətbuatının gündəmini zəbt etməkdədir. Qardaş Türkiyə mediasında da bu xəbər böyük müzakirə mövzusuna çevrilib.
Türkiyənin “Milliyyet”, “Kanal B”, “Radikal Bloq”, “T-24″, ”Mersinim.net”, “Haber7 Tv”, “Dünya Bülteni”, “Sol Portal”, “Haber X”, “Taraf”, “Yeni Şafak” və başqa qəzetləri bu xəbərə geniş yer ayırıb.
“Milliyyet” qəzeti “Dövlət liderlərini utandıran 32 trl”, T-24 qəzeti “Əliyevlərin vergi qaçırdığı ortaya çıxdı”, Mersinim.Net portalı “170 ölkənin milyoneri vergidən yayınıb”, “Taraf” qəzeti “Hesablar artıq şəffaf” , “Haber X” qəzeti “ən böyük oğru Əliyevlər ailəsi”, “Haber7 TV” “Gizli zənginlər”, “Haber 365″ ”Dünyanın ən böyük oğruları” başlıqlı yazılar dərc edib. Bir çox saytlarda isə “Ilham Əliyev yolsuzluqda ilin lideri”, “ən böyük bomba Əliyevlər ailəsi” kimi yazılar yer alıb. Bütün bu sadaladığımız yazılar Ilham Əliyev və ailəsinin şəkilləri fonunda başlığa çıxarılıb. 130 min məmurun adının hallandığı araşdırmada ən çox hədəfə alınan Ilham Əliyev və ailəsidir.
Buna qədər Əliyevlərin varidatı haqqında müxtəlif açıqlamalar olmuşdu. Ancaq sərvətin böyüklüyü, oğurluq pulların miqdarı baxımından bu xəbər daha çox səs-küyə səbəb oldu. Verilən məlumata görə, bu offşor zonalarda olan şirkətlər xüsusi sxem üzrə fəaliyyət göstərir. Bir milyon şirkətin yer aldığı adalarda gizlilik fərqli yollarla təmin olunur. Hökumət şirkətlərinin sahiblərinin kim olduğu və nə iş gördükləri bilinmir. Əsl sahiblər bütün əməliyyatları vasitəçilərlə həyata keçirirlər. Vasitəçilər isə heç bir sirr açıqlamırlar. Hətta bu vasitəçilər təsbit olunduqda belə, ingilis hüquq sisteminin işləmədiyi Nevis, Vanuatu, Dubaydan olan saxta bir vəkil idarəçinin adını verirlər və yaxud gerçək sahibləri tanımadıqlarını, bütün bilgiləri Kipr və Panamada yaşayan hansısa yetkilidən aldıqlarını iddia edirlər. Bunun araşdırılmasına isə böyük vaxt sərf olunur. Bu müddətdə isə hesablar boşaldılır, izlər itirilir.
Qeyd edək ki, Vircin adası Ingiltərənin tabeçiliyindədir. Ehtimal olunur ki, iyun ayında keçiriləcək “Səkkizlər”in zirvə görüşündə Ingiltərənin baş naziri Devid Kameron bu məsələ ilə bağlı ciddi tənqidlərə məruz qalacaq.
İlham Hüseyn