DİN Sabibarad rayonunu Azadkənd kənd sakini, 55 yaşlı Xətmirə Babayevanın ölümü ilə bağlı məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq”a açıqlamasında deyib ki, bu məsələdə polisə qarşı ittihamların heç bir əsası yoxdur: “Sağlamlığında əvvəlcədən ciddi problemləri olan adı çəkilən xanımın qəfil vəfat etməsi faktından kimlərinsə polisə qarşı istifadə etməklə baş vermiş oğurluq hadisəsindən diqqətin yayındırılmasına xidmət edir. Əgər həmin məntiqdən çıxış etsək, o zaman polis əməkdaşlarının həmin ünvana gəlmələri yaşı 80-ni haqlamış Asya nənənin sağlamlığına daha çox zərər vurmalı idi.
Məsələyə aydınlıq gətirilməsi üçün xatırladım ki, 05.04.2013-jü il tarixdə vətəndaş Yusif Əliyev Salyan RPŞ-yə ərizə ilə müraciət edərək rayonun Sarvan kəndi ərazisində kirayə götürdüyü anbardan ona məxsus olan 5 ədəd qaynaq aparatı, 3 ədəd deşici aparat, 2500 ədəd laqonda daşı, 40 qutu elektrod, 80 metr uzunluqda olan kabel, 10 ədəd laqonda aparatı və bir ədəd qayçının naməlum şəxs(lər) tərəfindən oğurlandığını, nəticədə ona 5620 manat dəyərində maddi ziyan vurulduğunu bildirmişdir.
Göstərilən faktla bağlı elə həmin gün Salyan RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə jinayət işi başlanmış, iş üzrə Yusif Əliyev zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış, şahidlər dindirilmişdir. Zərərçəkmiş Yusif Əliyev ifadəsində ona məxsus avadanlıqlarının oğurlanmasında tabeçiliyində işləyən fəhlə və qaynaqçılardan, xüsusən də qaynaqçı Qurbani Babayevdən şübhələndiyini bildirmişdir. Məsələnin maraqlı tərəfi də budur ki, cinayət baş verən vaxt gecə gəzintisində olan polis əməkdaşları rayonun Bəydili kəndi ərazisində yüklü, qırmızı rəngli “VAZ-2107 ” markalı, 10 KO 866 dövlət nömrə nişanlı avtomobili gördüklərini, lakin həmin avtomobilin sürücüsünün onların “saxla” işarəsinə əhəmiyyət verməyərək ərazidən yüksək sürətlə uzaqlaşdığını göstərmişlər.
Həm zərərçəkənin ifadəsini, həm də qırmızı rəngli “VAZ-2107 ” markalı, 10 KO 866 dövlət nömrə nişanlı avtomobilin Qurbani Babayevə məxsusluğunu nəzərə alan istintaq orqanı sözügedən şəxsin şahid qismində təxirəsalınmadan Salyan RPŞ-yə gətirilməsi barədə əməliyyat aparatına tapşırıq vermişdir. Məhz həmin tapşırıq əsasında Salyan və Sabirabad RPŞ-lərin əməkdaşlarından ibarət qrup aprelin 5-də axşam radələrində Azadkəndə gələrək Qurbani və Bəhruz Salyan RPŞ-yə gətirilməsini təmin edib. İfadələri alındıqdan sonra hər iki şəxs sərbəst buraxılmışlar. Qurbani və qardaşı Bəhruz Babayev öz ifadələrində oğurluq baş verən gün ağır xəstə olan analarının yanında olduqlarını, həmin jinayətdən xəbərsiz olduqlarını qeyd etmişlər. Hazırda jinayəti törətmiş şəxslərin müəyyən edilməsi yönündə intensiv istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir”.


