“Azərbaycan saatı”nın bir yaşı tamam oldu

Qənimət Zahid: «Azərbaycan saatı» cəmiyyəti köməksiz durumdan çıxarmaq üçün atılmış addımlardan biridir

Azərbaycanda kifayət qədər populyarlıq qazanan, Türkiyənin “Media TV” kanalında yayımlanan “Azərbaycan saatı” verilişinin 1 yaşı tamam oldu. Avtoritar üsül idarənin hökm sürdüyü Azərbaycanda informasiya blokadasının yaradılmasında müstəsna rolu olan “Azərbaycan saatı” böyük çətinliklərə ərsəyə gəlsə də, verilişin yaradıcısı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bunu fədakarlıq saymır.
“Hesab etmirəm ki, ”Azərbaycan saat”ı xüsusi fədakarlıq tələb edən bir proyekt olub”, Qənimət Zahid “Azadlıq”a açıqlamasında belə deyib. Onun fikrincə, “Azərbaycan saatı”nın ərsəyə gəlməsi ən yaxşı halda bir vətəndaş təşəbbüsüdür: “Güman edrəm ki, bu cür təşəbbüslərin sayı çox olmalıdır. Çünki 20 ilə yaxındır Azərbaycanda mövcud avtoritar rejim cəmiyyəti informasiyasızlıq vakuumda saxlamaq və idarə etmək kimi yaramaz siyasət yürüdür. Amma nəhayət bunun sonu olmalıdır. Avtoritar rejimi yaradanlar və onun uzadılmasında maraqlı olanlar yaxşı bilirlər ki, informasiyasız cəmiyyəti idarə etmək nə qədər asandır. Məhz informasiyasız cəmiyyətin yaradılması hesabına Azərbaycanda dibsiz korrupsiya hökm sürür, Azərbaycan sözün həqiqi mənasında məmur özbaşınalığının və quldur məmurların istilası altındadır. Bir klan ölkəni işğal edib. Təsadüfi deyil ki, Azərbaycanda belə deyim var: Ölkənin 20 faizini ermənilər, 80 faizini isə məmurlar işğal edib. ”Azərbaycan saatı” cəmiyyəti bu köməksiz durumdan çıxarmaq üçün atılmış addımlardan biridir. Belə təşəbbüslər nə qədər çox olarsa avtoritar rejimin cəmiyyətə basqısını azaldar. Insanlar öz hüquqlarını yaxşı bilər və vəziyyətdən çıxış yolunu daha aydın təsəvvür edirlər. Bu cür təşəbbüslər ilk cəhddə alınmaya da bilər. Amma buna görə ruhdan düşmək lazım deyil. Daha bir cəhd etmək lazımdır. Özü də təkcə media sahəsində deyil, ölkədə normal cəmiyyətin yaradılması üçün zəruri olan bütün sahələrdə belə təşəbbüslərdə bulunmaq lazımdır. Biz məhz bunun nəticəsində ölkəmizi xilas edə, xalqın daha sakit, daha komfortlu şəraitdə yaşamasını təmin edə bilərik. Bu ölkə heç kimin deyil, heç kimə atasından qalmayıb. Bu ölkə xalqa məxsusdur”.
Qənimət Zahid “Azərbaycan saatı”nın qısa müddətdə populyarlıq qazanmasını verilişin informasiya blokadasını qismən yarması ilə izah edir: “Bu verilişin uğuru məhz hakimiyyətin ”informasiyasız cəmiyyət” siyasətinə sarsıdıcı zərbə vurmasındadır. Biz bunu imkanlarımız çərçivəsində bacardıq. Lakin bununla kifayətlənməli deyilik. Informasiya blokadası tam yarılmayıb. Ona görə də qeyd etdiyim kimi belə təşəbbüslərin sayının artırmalıyıq. Və “Azərbaycan saatı”nın yaradıcı heyəti buna bənzər təşəbbüsləri dəstəkləməyə hazırdır”.

Azad