Atatürk də NIDA-çı olub!

Altı il öncə oğlumu musiqi məktəbinin tar şöbəsinə qoyanda elə birinci gündən müəlliminə dedi ki, mən tar yox, gitara çalmağı öyrənmək istəyirəm. Əlavə etdi ki, tar çalanda adamın yuxusu gəlir, ruhdan düşürəm. 
Etiraf edim ki, o vaxtlar onun tara qarşı bu üsyanını heç cür anlaya bilmirdim. Beş il ərzində nə mən, nə müəllimləri ona tarı sevdirə bilmədik. O, hər dəfə evdə tar dərslərini təkrar edəndə ətrafa yayılan qəmli musiqidən bircə yaşlı, xəstə nənəsi həzz alırdı. Hər axşam nənəsi onun ifasında “Dağlar qızı Reyhan” mahnısını dəfələrlə eşitməyincə yata bilmirdi. Anamın məşhur mahnını həzin tar sədaları altında dinləyib yatması hamımız üçün bir sirr idi. Kim bilir, bəlkə rəhmətlik atam vaxtilə Xızı dağlarında anama “Dağlar qızı Reyhan” mahnısını oxuyaraq qəlbini fəth edibmiş. Oğlumun tərsliyi tutanda, nənəsi üçün sevimli mahnısını çalmaq istəməyəndə “Dağlar qızı Reyhan”ı internetdən tapıb, anamın könlünü alırdım. Amma internetdə gitara ilə çalınan mahnılar da var idi, oğlum onları dinləməyi üstün tuturdu. Mən ona tarı sevdirə bilmədim, amma o mənə gitaranı sevdirdi. Gitarada səslənən musiqilərdən təkcə zövq aldığımı desəm azdır, mən o musiqiləri dinləməklə kölə, qəm-qüssəli həyatımda çevriliş etdim.
Bir gün oğlumun xəbəri olmadan evin bir küncünə atılıb qalan sarı simli, toz başmış tarı musiqi alətləri dükanına aparıb qırmızı rəngli gitara ilə dəyişdim. Bugünkü gənclər 25-30 il əvvəlki gənclərə bənzəmir. Onlar qəmli tar sədaları altında qula, köləyə dönənləri, yatanları gitaranın mübariz, ruhu dirildən səsi ilə oyadırlar. Əgər 37-ci ildə cəsur şair Mikayıl Müşfiq “Oxu tar!” deyib, “Oxuma tar!” yazan yaltaqları, qorxaqları susdururdusa, bugünkü cəsur gənclik “Çal Gitara! Oxu NIDA! Yaşa Gənclik!” hayqırırlar. Cənablar, əmin olun, öz düşüncəsi, qəlbinin səsi ilə oyananı heç kim qul, kölə edib, susdura bilməyəcək! NIDA təkcə durğu işarəsi deyil, NIDA – hasara alınmış ölkədə səsdir, sədadır! Nə desələr təkrarını milyonlar deyəcək. Əslində NIDA-nın kökü çox dərindir. Atatürkün varislərinə yadigar qoyub getdiyi “Alenen ortaya çıkmak ve milletin hukuku namına, yüksek seda ile bağırmak ve bütün milleti bu sedaya iştirak ettirmek lazımdır” sözlərinə əməl edən NIDA-çılardı. Nida işarəsi həm də polis dubinkasına bənzəyir, polisin fil boyda dubinkasının yanında qarışqa boyda görünür. Amma başdan ayağa müasir texnika, silah-sursatla təmin olunmuş polislər balaca, qarışqa boyda !-dan qorxurlar. Demək əsas görünüş deyil, ətrafa yayılan enerjidir, işıqdı, səsdir.
Vaxtilə bizim ulu babalarımız xoruzun banlaması səsinə yuxudan oyanıblar. BIZ-lər isə zəngli saatı qurub yuxudan duranlarıq, amma övladlarım telefonlarının “budilnik”nə rep musiqisi yükləyiblər. Xoşlamasam da etiraz etmirəm, çünki bilirəm onlar – bugünkü GƏNCLIK nə etsə gözəldir, təzədir, fərqlidir, zövq verəndir… Zatən elə ona görə də onlara “narkoman” deyib həbs edirlər. Axı onları həbs edən NARKOMANlar qəbul etdikləri narkotiklərin dozasını nə qədər qaldırsalar da üzləri gülmür, dərdlərini unudub nəşələnə bilmirlər…
Bir müdrik sözdə deyilir: “Insanın içində nə qədər az şey varsa, başqalarından daha çox şey almaq, oğurlamaq, var-dövlət sahibi olmaq istəyir”. Dünyanın bütün var-dövlətinə sahib olmaq istəyən içiboş acgözlərə elə gəlir ki, gənclər narkotik qəbul etdikləri üçün deyib-gülürlər, şənlənirlər, “uçurlar”. Var-dövlət, şöhrət xəstəliyi elə bir bəladır ki, ona yoluxanlar ən müqəddəsləri qurban verməkdən çəkinmirlər. Var-dövlətdən, şöhrətdən alınan həzz bir narkomanın uyuşdurucudan aldığı müvəqqəti “uçuşu” qədərdir. Bu hakimiyyət oğurladıqlarının, qəbul etdiklərinin dozasını o qədər qaldırdı ki, daha nə var-dövlətdən, nə şöhrətdən, nə narkotikdən həzz ala bilir. Ona görə qanadları qırılmış, son günlərini yaşayan qara qarğa kimi ora-bura çırpınır, göydə uçan körpə qartalları yemək üçün xəyallar qurur…
P.S. Ey ölkəni çapıb-talayan, günahsız insanlara zülm edən quldurlar, nə qədər gec deyil ayılın! 4-5 ildən sonra 12-13 yaşlı uşaqların FIRTINAsı başlayacaq. Bunu “Qalatasaray” azarkeşi olan 13 yaşlı oğlumun sevimli komandasına həsr olunan marşları dinləyə-dinləyə həbs edilən NIDA-çıların şəkillərinə baxanda anladım:
Ölüm varmış, korku varmış
Bu dünyanın sonu varmış!
Bizim için yoktur tasa
Kalbimde sen yaşadıkça!

Başarılar gelir geçer
Asaletin bize yeter!
Öyle şeyler yaşattın ki
Uğrunda ölmeye deger!..