Xoş müjdəli bir sabaha…

Bəli, xoş müjdəli sabahların sorağındayıq. Hətta işıq olmayan yerdə, qaranlıq məkanda belə ümid axtarırıq. Bizim səylərimiz, istəklərimiz kimlərə qanad verir, kimi pərvazlandırır? Bunu hələ bilmirik. Bəzən mənə elə gəlir ki, müxalifət liderləri insanların bu sistemin əlindən nələr çəkdiyinin o qədər də fərqində deyillər, bunu yetərincə duymurlar, hiss etmirlər… 
Ona görə belə deyirəm ki, bu siyasi sistemi dəyişmək, ona humanist məzmun vermək üçün hər şeydən keçmək, bütün güzəştləri etmək olardı, təki insanlar azadlığa çıxsın, bu siyasi sistemdən qurtulsun.
Belə deyirəm, amma dərhal da yadıma düşür ki, siyasətçilər səmimiyyəti bir o qədər də sevmirlər. Bizim səmimiyyətimizi onlar adi bir naşılıq, sadəlövhlük kimi qəbul edirlər. Olsun. Bundan zərrə qədər də əskiklik duymur, kiçilmirik. Ona görə ki, bu 20 ildə əskilmədiyimizi, kiçilmədiyimizi sübut etmişik. Bunun artıq əlavə sübuta ehtiyacı da yoxdur.
Sübuta ehtiyacı olan bizdən bir neçə pillə yuxarıda olanların səmimiyyətidir. Biz bəzən insanları fərqləndirmirik, onlar arasındakı arakəsmələri, pillələri görmürük. Bunun özü də müəyyən mənada səmimiyyətin göstəricisidir.
Amma nə yazını, nə də sizin vaxtınızı siyasət və səmimiyyət söhbəti ilə yormaq istəməzdim. Fəqət, bu 20 illik prosesdə insanların iştirakı müxtəlif motivlərdən, məqsədlərdən asılı olub. Kimsə hər seçki ərəfəsində vəzifə siyahıları hazırlamaqla məşğul olub, kimsə də bu sistemin nəhayət ki, sona çatacağı ümidilə yaşayıb, bu ümidlə mübarizə aparıb. Kimsə bu illər ərzində özü üçün siyasi idarə, nə bilim, siyasi dükan düzəltməklə məşğul olub, kimsə də əksinə, siyasi dükançılıqla savaş aparıb. Kimsə bu illər ərzində müxalifət içində özünü təsdiq etməklə, kimsə də müxalifəti ölkə siyasətində təsdiqləməklə məşğul olub.
Nə isə. Gileylər bizi çox uzaqlara apara bilər. Biz, necə deyərlər, belə naxoş münasibətə onsuz da alışmışıq və bunun dəyişməsi üçün savaş və ya mübarizə açmaq fikrimiz yoxdur, çünki nə vəzifə siyahımız var, nə də həmin o siyahılarda adımız…
Deyə bilərsiniz ki, burada qeyri-adi nə var ki? Insanlar siyasətdən konkret şey umurlar. Düzdür, amma bu, əndazəsində olmalıdır. Biri azadlıq istəyir, başqa birisisə məmur olmaq arzusu ilə qovrulur.
Mən hələ də başa düşmürəm ki, bu məmur olmaq niyə bu qədər cəlbedicidir? Əgər maaşla yaşasan məmurluqda cəlbedici bir şey yoxdur – adi fəhləlikdir… Yox, başqa bir şey umursansa, nəsə başqa bir təmənnan varsa, onda daha bu siyasi sistemlə niyə qovğa, savaş aparırıq? Bunlar rüşvət üzərində qurulmuş siyasi modeli daha yaxşı bilirlər, qoy, necə bilir, elə də idarə etsinlər…
O gün N.Mandelanı göstərirdilər. Mənim bu adama xüsusi simpatiyam var, ona görə ki, o, siyasi mübarizə dövründə həbs olunmuşlara “peredaça” yollamaqla işini bitmiş hesab etmədi, düz 27 il həbsxanada yatdı. Bəzən deyirlər ki, bəs CAR-da həbsdə yatmağa nə var ki? Çox yanlış fikirdir. Siz hələ “ağ adamlar”ın nələrə qadir olduğunun fərqində deyilsiniz. Onun xatirələrindən oxumuşdum ki, zibil qalaqları arasında eşələnirmişlər ki, bir parça qəzet və ya yazılı bir şey tapıb oxusunlar! Bizimkilər isə düşünür ki, Mandela səhər bal-qaymaqla, günorta kababla, axşam da, nə bilim, nə ilə gün keçirib!
Elə M.Qandinin də həyatında maraqlı epizodlar çox olub. Yəqin onun haqqında çəkilmiş məşhur filmə baxmısınız və yaxud da haqqında oxumusunuz. Nə isə.
Indi belə yazıların vaxtı deyil. Bir neçə il əvvəl insanlar belə yazıları çox böyük maraqla oxuyurdular. Indi oxumurlar. Oxuyan kitab oxuyur, oxumayan isə heç qəzetə də baxmır, televiziyanın onu kifayət qədər “məlumatlandırdığını” və “maarifləndirdiyini” güman edir.
Mark niyə bu qədər etiraz doğurur?
Bu yaxınlarda bir oxucu mənə “kitab oxumağı” məsləhət görmüşdü. Nə demək olar? Olsun. Oxumaq heç vaxt ziyanlı deyil. Əgər bu vaxta qədər ayda, iki ayda bir kitab oxuyurdumsa, indi bundan sonra ikisini oxuyaram. Razı qaldınızmı?
Bundan artıq nə deyim?
Amma belə başa düşdüm ki, bizim oxucunu Marks haqqında mənim bu yaxınlarda yazdığım bir-iki mülayim cümlə qeyzləndirib. Deyim ki, həmin fikirlərdən imtina etmək niyyətim yoxdur. Indi də belə hesab edirəm ki, Marks tarix boyu təsadüf edilən iki-üç maraqlı və düşündürücü filosoflardan biridir.
Yaşa dolduqca məni onun əxlaqi seçimi düşündürür. Bu adam əzilənlərin, istismar olunanların tərəfini tutdu. Incil də əzilənlərin tərəfində idi, bunu onlarla misalla sübut etmək olar. Marksın bu cəhətini hətta K.Popper də qeyd edir. Məni düşündürən, mənə maraqlı görünən yalnız budur, bundan sonra dönüb marksist olan deyiləm ki?!