ABŞ Dağlıq Qarabağ problemini çözmək istəyir

Vəfa Quluzadə: «Washington Times» qəzetindəki məqalə tərəflərə siqnaldır»

“Washington Times” qəzetində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məqalə yer alıb. Qəzetin yazdığına görə, ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox şey edə bilər. Ötən ayın sonunda Kerri Ermənistan prezidentinə göndərdiyi məktubda bildirib ki, ABŞ münaqişədə status-kvonun saxlanılmasından məmnun ola bilməz.
Məqalədə qeyd edilir ki, münaqişənin nizamlanması ABŞ-ın marağındadır, çünki münaqişə istənilən an ətrafa yayıla və Irandan şimala və Türkiyədə NATO sərhədlərindək olan ərazidə qeyri-sabitlik yarada bilər. Yazı müəllifinin fikrincə, dövlət katibi Kerri üçün münaqişə ilə tanışlıq ABŞ-a Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı strategiyasını hazırlamağa imkan verəcək.
Bu iddia nə dərəcədə əsaslıdır?
Politoloq Vəfa Quluzadənin fikrincə, bu məqalə regionda müharibənin başlanmamasına bir təsir kimi hesablanıb. Çünki indi hamı müharibənin başlanmasını gözləyir və bununla bağlı narahatlıq var. Bu müharibənin səbəbi isə daxili faktorlar ola bilər. Hətta belə şübhələr var ki, Azərbaycan özünün daxili ziddiyyətlərini həll etmək üçün müharibəyə başlaya bilər. Görünür, bu səbəbdən də belə bir bəyanat ortaya çıxıb.
Ekspertin sözlərinə görə, əslində hələlik sülh əldə etmək üçün imkan yoxdur. Bəlkə gələcəkdə bu mümkün olacaq. Ancaq hazırda Azərbaycan seçki ərəfəsindədir, ona görə də sülh danışıqları dondurulub.
Ekspert Amerika ortaya siyasi iradə qoyacağı təqdirdə münaqişənin həll oluna biləcəyini deyir. Lakin bu iradənin nə vaxt nümayiş etdiriləcəyini yalnız ABŞ bilir. “Amma ”Washington Times” qəzetindəki məqalə tərəflərə siqnaldır ki, məsələnin sülh yolu ilə həllinə nail olacağıq. Ona görə yerinizdə sakit oturun”- deyə V.Quluzadə sonda vurğuladı..

Fizzə