İlahə Quliyeva: «Yoldaşıma işgəncə veriblər, bu faktdır»
“Qoca Quliyevə işgəncə verilib, bunu özü mənimlə danışanda deyib. Bu faktdır”. Bu sözləri “Azadlıq”a baş nazirin sabiq müavini Abbas Abbasovun qohumu Qoca Quliyevin xanımı Ilahə Quliyeva DIN-in açıqlamasında münasibət bildirərkən deyib. Xatırladaq ki, DIN martın 28-də həbs edilən Qoca Quliyevə heç bir işgəncə verilmədiyini bəyan edib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Qoca Quliyevin həbsində Gəncənin polis rəisi Faiq Şabanovun qardaşı Ilqar Şabanovun adının hallandırılmasını da yersiz hesab edib: “Bu Ilahə Quliyevanın söylədiklərinin qeyri-obyektiv və qərəzli olduğunun daha bir göstəricisidir. Mən Ilqar Şabanov ilə əlaqə saxlamışam. O, Qoca Quliyev adlı şəxsi tanımadığını, bu məsələdə onun adının hallandırılmasından təəccübləndiyini bildirib”.
Ilahə Quliyeva isə bildirib ki, Ilqar Şabanovun Qoca Quliyevlə telefon danışığı olub. O, Qoca Quliyevə bildirib ki, əgər üstündə silah varsa təhvil versin: “Yoldaşım isə bildirib ki, məndə silah yoxdur. Bu danışıq martın 27-də olub. Ilqar Şabanovun telefon nömrəsini də saxlamışıq. Lazımdırsa Daxili Işlər Nazirliyinə təqdim edə bilərik. Ilqar Şabanovla danışığın səhəri, yəni martın 28-də yoldaşımı tutublar. Onun qabağına qumbara, narkotika, tapança qoyublar. Işgəncə veriblər ki, bunların onun üzərindən çıxdığını boynuna almalıdır. Bütün bunlar faktdır. Mən xahiş edirəm ki, bu məsələni ciddi araşdırsınlar. Mənim yoldaşım günahsız tutulub. Biz Abbas Abbasovla qohum olduğumuza görə təzyiqlərə məruz qalmışıq”.
Azad


