Mehman Əliyev və Mirvari Qəhrəmanlıdan «Yeni Azərbaycan»a sərt cavab
Hakimiyyətin Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərə qarşı başladığı kampaniya genişlənməkdədir. Rəsmi mətbuatda bu qurumların və onlarla əməkdaşlıq edənlərin ünvanına müxtəlif ittihamlar səsləndirilir. “Yeni Azərbaycan” qəzeti son sayında ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun və Alman Marşal Fondunun yerli QHT-lərə ayırdığı maliyyə yardımı ilə bağlı materiallar əldə etdiyini yazıb:
“ABŞ-ın Alman Marşal Fondu və Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı milli satqınlara maliyyə vəsaiti yönəltməkdə xəsislik etməyib”. Maliyyə vəsaiti alan QHT-lər arasında “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” (rəhbəri Mirvari Qəhrəman) , “Media Hüququ Institutu” (Rəşid Hacılı), “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” (Leyla Əliyeva), “Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu” ictimai birliyi (Emin Hüseynov) və “Nəcəf Nəcəfov” Maarifçilik və Xeyriyyə fondunun (Mehman Əliyevin) adları çəkilir. Qəzetin bu QHT-ləri və onların rəhbərlərini təhqir etməsi cavabsız qalmadı.
“Kişidirlərsə, 1993-cü ildən bəri Amerika fondlarından aldıqlarını ortaya qoysunlar”
Qəzetin hədəfə aldığı “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hakimiyyət nümayəndələrinə 1993-cü ildən bəri Amerika Fondları vasitəsilə aldıqları qrantları açıqlamağı tövsiyyə etdi: “Kişidirlərsə, açıb göstərsinlər ki, 1993-cü ildən bu yana Amerika fondları vasitəsilə Azərbaycan hökumətinə nə qədər qrantlar verilib. Biz də görərik ki, problem nədir. Bu müddətdə hökumətyönlü QHT-lərə milyard dollardan artıq pul verilib. Qoy millət görsün ki, bu pullar hara gedir, nəyə gedir və onlar o layihələri yerinə yetiriblər, ya yox”.
M.Əliyev onları antimilli adlandıranların özlərinin antimilli olduqlarını da bildirdi: “Milli satqın özləridir, bu hakimiyyətdir. Dövləti talan edən, milləti bu günə qoyanlardır. Mən bunların özlərini antimilli satqın sayıram”.
“Bu təhqirə görə cavab verməli olacaqlar”
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da onları satqın adlandıranların özlərinin satqın və antimilli qüvvə olduqlarını bildirdi: “Biz dövlətimizi qoruyan, ona sadiq olan adamlarıq. Milli satqın özləridir. Bizim təşkilat 1996-cı ildən yaranıb, 2006-cı ildə dövlət qeydiyyata alınıb. Bütün fəaliyyəti açıqdır. Korrupsiya qarşı mübarizədə bizim təşkilatın ciddi rolu var. Layihəmiz olmayanda da fəaliyyət göstərirdik. Təzyiqlərlə üzləşən, vəkil tapa bilməyən insanları müdafiə etmişik. Adları çəkilən insanların, QHT-lərin hamısı müstəqildir və xərclərdə şəffaf olmağa çalışırlar. Hamısı insan hüquqlarının müdafiəsinə qalxan təşkilatlardır. Amma çox təəssüf ki, parlamentdə oturub milyonlarla qrant alan hökumətyönlü təşkilatların fəaliyyəti haqqında hökumət qəzetləri heç nə yazmır. Xaricdən qrant almaq satqınlıqdırsa, dövlət strukturları da alır. Milli satqın özləridir”.
M.Qəhrəmanlı “Yeni Azərbaycan”ın yazdıqları ilə bağlı məhkəməyə müraciət edə biləcəklərini də qeyd etdi: “Bu bizim şərəf və ləyqatəmizin təhqir olunmasıdır. Bu təhqirə görə onu yazan jurnalist cavab verməli olacaq”.
M.Qəhrəmanlı onları ittiham edən rəsmi mətbuatdan illik hesabatlarını dərc etməyi də tələb etdi: “Biz Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə ödənişlər edirik, hər il Maliyyə Nazirliyinə hesabat veririk. Əgər onlar bizdən narazıdırlarsa, hesabatı tam çap etsinlər. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı 4 min mülkiyyətçinin haqqını pozub pulunu verməyən cavabdehlərin adlarını göstərsinlər. Biz hüquq yardım edirik, neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini üzrə layihələr həyata keçiririk, su kəmərinin tikintisi üçün ayrılan pulun şəffaf xərclənməməsini araşdırırıq. Məhkəmə proseslərində insanlara kömək edirik. Budur milli satqınlıq? Hər il 1500 nəfərə hüquqi yardım göstərirk. Beynəlxalq kreditlərin xərclənməsinə nəzarət yaratmaq istəyirik. Budur milli satqınlıq? Əgər bu milli satqınlıqdırsa, onda məmurlar nədir? Neft Fondunun hesabına iri layihələr həyata keçirib bu barədə cəmiyyətə açıqlama verməyənlər, adları korrupsiyada hallanan kimlərdir? Milli satqın bizik, yoxsa xalqın puluna tamah salanlar, Azərbaycanın puluna xaricdə villalar alanlar, xaricdə bankda milyardlar saxlayanlar? Bizi milli satqın adlandıranların özləri milli satqındır”.
Fizzə