Hesablama Palatasının illik hesabatı hakimiyyətdə aranı qatıb
Hesablama Palatasının illik hesabatı hakimiyyətdə ciddi narazılığa səbəb olub. Bu barədə qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, iqtidar düşərgəsində Palatanın hesabatındə qərəzə yol verildiyini iddia edənlər var.
Onların fikrincə, hesabatın hazırlanmasında qurumun rəhbəri Heydər Əsədovun şəxsi münasibətləri mühüm rol oynayıb. Xüsusilə sənəddə Bakı Şəhər Icra Hakimiyyəti barədə yer alan məqamlar qərəzli sayılır. Məlumat üçün deyək ki, Bakı Şəhər Icra Hakimiyyətində çoxsaylı nöqsanlar aşkarlanıb və bütün bunlar hesabatda əks olunub.
Hakimiyyətdə isə bunu Heydər Əsədovun Bakı meri Hacıbala Abutalıbovu məqsədli şəkildə “vurması” kimi dəyərləndirirlər. Iddialara görə, Heydər Əsədov qudası nəqliyyat naziri Ziya Məmmədovun Bakı ilə bağlı planlarını reallaşdırması üçün Hacıbala Abutalıbova hücuma keçib. Məlumat üçün deyək ki, uzun müddətdir Bakı meri postu uğrunda məmur-oliqarxlar arasında mübarizə gedir. Bu mübarizədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ziya Məmmədovun adı xüsusi olaraq çəkilir. Ziya Məmmədov özünə yaxın şəxslərdən birini – bəzi məlumatlara görə, Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyevi – Bakı meri təyin etdirməyə çalışır.
Heydər Əsədovun həqiqətən də məhz bu səbəbdən Bakı Şəhər Icra Hakimiyyəti ilə bağlı qanunsuzluqları qabartdığını deyə bilmərik. Amma hakimiyyət daxilində dəyərləndirmələr bu cürdür.