Gülər Əhmədova ona qarşı çıxan deputatları qınadı

Fəzail Ağamalı: «Bu vəziyyətə öz günahından düşüb, özü də çıxmağa çalışmalıdır»

Həbsdə olan keçmiş deputat Gülər Əhmədova parlamentdəki bəzi deputatları qınayıb. Onun sözlərinə görə, həmin deputatlar məlum teatr oyununa psixoloji cəhətdən hazır olmadıqları üçün Elşad Abdullayevin küyünə gediblər.
Deputat Fəzail Ağamalı isə hesab edir ki, G.Əhmədova bu vəziyyətə öz günahı ucbatından düşüb, özü də bundan çıxmağa çalışmalıdır: “Adı belə şeylərdə hallanırsa, deputatlar onu necə müdafiə etməli idi? Mən əvvəldən bu müzakirələrdən uzaqda dayanmışam. Çünki həmkarımız olub, qadındır. Təəssüf etmişəm ki, adı bu cür işlərdə hallanıb, gəlib bu duruma düşüb. Amma hər bir insan gərək addım atanda gələcəyini düşünsün. Gərək Gülər xanım da bu münasibətləri quranda hər şeyi nəzərə alaydı. Nəzərə alaydı ki, nəticəsi pis ola bilər”.

F.Ağamalı hesab edir ki, deputatların hər hansı formada müdaxiləsi və ya etirazı istintaqa təzyiq ola bilər: “Hazırda onun hüquqları pozulmur, özünə və ailəsinə hər hansı təzyiqlər olunmur. Sadəcə olaraq istintaq gedir. Parlament üzvləri istintaqa necə təzyiq göstərsin? Əlbəttə ki, Gülər xanımın siyasətə xidmətləri, töfhələri olub. Amma indi gəlib öz günahından belə vəziyyətə düşübsə, çalışmalıdır ki, özü də bu vəziyyətdən çıxsın”.