«Artıq ABŞ başa düşüb ki, bu siyasət biznes və monopoliya maraqlarını qorumaq üçündür»
Azərbaycan hakimiyyətinin Qərbə münasibətinin birmənalı olmadığına, mövqeyini situasiyadan asılı olaraq dəyişdiyinə ötən saylarımızda da toxunmuşduq. Qəribəsi odur ki, ölkə daxilində Qərbin demokratik institutlarına qarşı hücuma keçən hakimiyyət, ölkə xaricinə çıxan kimi özünü tamamilə fərqli aparır.
Daha dəqiq desək, daxildə hədə-qorxu gəlir, xaricdə isə dəstək qazanmaq üçün sözün əsl mənasında, dil tökür. Xatırlayırsınızsa, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun da iştirak etdiyi nümayəndə heyəti bir müddət əvvəl ABŞ-da səfərdə olarkən növbəti dəfə Vaşinqtondan Azərbaycan hakimiyyətinə dəstək istəmişdi.
Eyni vaxtda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Qərbin və onun aparıcı qurumlarının ünvanına ittihamlar səsləndirmişdi. Səməd Seyidovun dünənki açıqlaması hakimiyyətin Qərblə bağlı ikitirəli mövqeyə sahib olduğunu bir daha göstərir.
Moderator. az-aÿ açıqlamasında S.Seyidov Milli Demokratiya Institutuna olan hücumların Azərbaycan hakimiyyətinin Qərbə olan münasibəti kimi qəbul edilməsini əsassız adlandırıb: “Azərbaycan bütün beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır. Bu gün də əksər nüfuzlu təşkilatlarla əməkdaşlıqlarımız davam edir. Bu təşkilatlar təkcə, Avropada deyil, həm də Asiyanın və dünyanın müxtəlif bölgələrində yerləşir. Azərbaycanın sadəcə bir istəyi var. Bu da ondan ibarətdir ki, hər bir beynəlxalq təşkilat ölkəmizə münasibətində, siyasətində, həyata keçirdiyi proqramlarında şəffaflığa riayət etsin. Biz şəffaf münasibətlərin yaradılmasının tərəfdarıyıq. Heç bir təşkilat Azərbaycanın Konstitusiyasından, qanunvericiliyindən yuxarıda dayanmır. Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilat işini bu dövlətin qanunvericiliyinə uyğun qurmalıdır”.
S.Seyidov deyir ki, bu məsələ Azərbaycanla ABŞ arasında hansısa soyuqluq yarada bilməz: “Mətbuatda belə bir rəy yaradılır ki, guya toqquşma var. Amma bu belə deyil. Bizim ABŞ-la əlaqələrimiz yüksək səviyyədədir. Qarşılıqlı səfərlər davam edir. Mənim özüm də bu günlərdə ABŞ-da oldum. Yüksək səviyyədə müzakirələrimiz oldu”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Azərbaycan hakimiyyətinin Qərblə bağlı ikiüzlü siyasət yürütdüyünü deyir: “Milli Demokratiya Institutu kimi, ABŞ-ın hakim dairələrinə yaxın olan bir institutu sıxışdırırlar. Bu təşkilatın yenidən qeydiyyata alınıb tam şəkildə fəaliyyətə başlamasını keçmiş dövlət katibi Olbrayt Bakıda Ilham Əliyevdən xahiş etmişdi. Indi bu qurumu sıxışdırmaqla faktiki olaraq keçmiş dövlət katibinin xahişini yerə salmış olurlar. Digər tərəfdən də, hakimiyyətə yaxın deputatlar ABŞ-a gedib deyirlər ki, ”sizdən yoxdur”, “sizinlə əməkdaşlığa hazırıq” və s. Hətta çox maraqlı ifadələr işlədirlər ki, bizi sendviç kimi əzirlər. Daxildə isə tam fərqli siyasət yürüdürlər. Hətta Milli Demokratiya Instituna münasibətdə də siyasətləri ikilidir. Qurumu müxalifətçi gənclərə maddi dəstək verməkdə günahlandırırlar. Amma rəqəmlərə baxanda görürük ki, MDI ən çox maliyyəni elə hakimiyyətə yaxın gənclər təşkilatlarına ayırır. Əgər bu instuta qarşı çıxırsınızsa, o zaman bu məsələyə də aydınlıq gətirin. Milli Demokratiya Institu belə pis təşkilatdırsa, o pullardan imtina edin”.
E.Şahinoğlu artıq ABŞ-ın da bu ikiüzlü siyasətə inanmadığını deyir: “Bir vaxtlar Iran kartından istifadə edirdilər. ABŞ-a deyirdilər ki, Iran bizi sıxışdırır, islamçılara dəstək verir, siz də bizi sıxışdırsanız, onlarla üz-üzə qalacağıq. On il əvvəl Qərbi buna inandırmaq olardı. Amma indi Qərb belə şeylərə inanmır. Başa düşür ki, bu siyasət hakimiyyəti, biznes və monopoliya maraqlarını qorumaq üçün ortaya atılıb”.


