Çörəyin ətri

Hə, onların vəziyyəti indi bir başqa aləmdir. Şəxsən mən hamısının danışdıqlarını, yazdıqlarını zövqlə dinləyir, keflə oxuyuram. Çabalayırlar. Çabaladıqca da batırlar. 
Nəsə deməyə məcburdular. Başa düşüləndir. Amma hiss olunur ki, öz danışdıqlarına özləri də inanmırlar. Üstəlik, dediklərinə hələ verilməmiş cavaba da münasibət bildirirlər. Ay qardaş, bir gözləyin də! Nə bilirsiniz, cavabımız necə olacaq? Ovcunuzu iyləmisiniz?
Amma yox, özləri vəziyyəti bilir axı. Özləri dediklərinin, yazdıqlarının həqiqətin min ağac uzağından belə keçmədiyinin fərqindədirlər axı. Bilirlər ki, ağ yalan danışırlar. Bilirlər ki, əvvəl yalanları yeriməsə də, heç olmasa, ayaq açırdı. Indi bu da baş vermir. Indi danışılan hər yalan qayıdıb sifətlərinə dəyir. Artıq uşaq başı da aldada bilmirlər.
Ən böyük arqumentlərindən biri “Prezidentin bunlardan xəbəri yoxdur” cümləsi idi. Ancaq indi məlum olur ki, əslində camaatın Ilham Əliyevdən xəbəri yoxmuş. Məsələn, YAP sədri olduğunu hamımız bilirdik. Amma məlum oldu ki, həm də offşor şirkət direktoru imiş. Bilmirdik. Bəlkə heç nazirlərinin də bundan xəbəri yox idi, bəlkə onlar da elə indi öyrəndilər.
Artıq hamı görür ki, məsələ hansısa nazirdə, komitə sədrində deyil. Bəli, Kəmaləddin Heydərov xalqdan oğurlayır, Ziya Məmmədov büdcəni yeyib-dağıdır. Bu haqda mübahisə eləmək yersizdir. Amma bir daha təsdiqləndi ki, nazir-mazirlər boş söhbətdir, onların yediyi süfrənin qırıntılarıdır, bu ölkənin sərvətlərinin əsas hissəsi məhz Ilham Əliyev və ailəsinin əlində cəmləşib.
Başqa bir “arqument” də vardı: “Özü yaxşıdı, ətrafı pis”. Elə isə bəs niyə o pis ətrafının Vircin adalarından ofşor şirkəti çıxmadı? Üstəlik, yenə ətrafının villalarına min şükür, əlçatandır. Xalq qəzəblənəndə yandıra, od vura bilir. Özününkü isə həm gözdən uzaqdır, həm könüldən, həm kibritdən.
Bəli, Ilham Əliyevi müdafiə edəcək heç bir arqument qalmayıb. Bu rejimin tərəfini tutmaq, onu xalqa həzm etdirmək üçün artıq bircə dənə də səbəb yoxdur. Indi bunların pulları çoxdur, amma bizim də arqumentlərimiz çoxdur. Artıq pullar arqumentləri yenə bilmir. Artıq pullar arqumentlər qədər güclü deyil. Artıq arqumentlər pulları dəfn etməyə başlayıb.
Mən indi ən çox onların halına acıyıram. Heç biri daşdan-dəmirdən deyil. Bu qədər ifşalar yuxularını necə qarışdırır, yediklərini necə zəhərə döndərir, təsəvvür edə bilirəm. Siz baxmayın, bəzən özlərini sındırmayıb hələ də yekə-yekə danışmaqlarına. Hər şeyin fərqindədirlər. Nələr olub-bitdiyini, necə bir pisliyin, çirkabın içində olduqlarını gözəl anlayırlar. Onları gələcəkdə hansı lənətin, qınağın gözlədiklərini gözəl başa düşürlər. Başa düşürlər ki, övladlarının da baş qaxıncına çevirirlər. Özləri bir yana, nə vaxtsa, onların yerinə oğul-uşaqları, nəvə-nəticələri də mütləq cavab verəcəklər.
Əlbəttə, hüquq qaydalarına görə, oğullar atalarına cavabdeh deyil. Amma söhbət mənəvi cavabdehlikdən, mənəvi məsuliyyətdən gedir. Onlar atalarının, babalarının nə vaxtsa haqsız, ədalətsiz, oğru bir sistemin əlaltısı olmasının məhrumiyyətini, iztirabını mütləq yaşayacaqlar. Bu gün sistemin alətinə, vintciyinə çevirənlər bunun yaxşı fərqindədirlər. Yeməyə doyunca çörəkləri var, amma qarınağrıları da var. Artıq bu rejimi müdafiə etməyin, qorumağın, onun cangüdəninə çevrilməyin məsuliyyətinin nə qədər ağır olduğu mübahisəsizdir.
Hə, inanın, çörək üçün rejimin qulbeçəsinə dönənlər indi ağızlarında heç yedikləri çörəyin tamını da hiss etmirlər. Çörək dərdi çəkmirlər bəlkə, amma inanın, çörəyin ətrini unudublar. Çünki bu gün burunlarına ancaq yanıq qoxusu, yanıq iyi gəlir – bir ucdan əllərindəki bütün çürük, düşük arqumentlər, sistemin köləsi, quldurluğun qulu olmalarına bəraət qazandırmaq üçün uydurduqları bütün bəhanələr yanıb külə çevrilir.
Bir tərəfdən qarınlarını doyururlar, amma o biri tərəfdən də qarın ağrıları başlayıb.
Yaltaqlanmağa, yalmanmağa başladıqları günə söyürlər.
Süfrələrindəki çörəyə tərs-tərs, acıqlı-acıqlı baxırlar.
Ac olmasalar da, acınacaqlı haldadırlar.
Artıq adam onlara qəzəblənə də bilmir.
Ən yaxşısı eləcə seyr edib, ləzzət almaqdır.