Putinin yaxın adamlarını ABŞ-dan sərt sanksiyalar gözləyir

Gələn həftə ABŞ-da Obama administrasiyası insan hüquqlarını pozduğuna görə “Maqnitski qanununa” əsasında sanksiyalara məruz qalan Rusiya rəsmilərinin siyahısını təsdiqləyəcək.
ABŞ-da Konqres nümayəndələri Dövlət Departamentinin Kremllə münasibətləri korlamamaq üçün Rusiyanın yüksək vəzifəli məmurlarını “qara siyahıya” daxil etməyəcəyindən ehtiyatlanır. Bunun baş verməməsi üçün konqresmenlərdən Ceyms Makqovern insan hüquqlarını pozan konkret şəxslərin siyahısını təqdim edib. Məlumata görə, siyahıda 280 nəfərin adı öz əksini tapıb ki, onların arasında Rusiya prezidenti Vladimir Putinin yaxın silahdaşları da var. Məsələn, Rusiyanın baş prokuroru Yuri Çayka, Rusiya Federal Təhlükəsizlik Xidmətinin iqtisadi təhlükəsizlik departamentinin rəhbəri Viktor Voronin. Adları çəkilən şəxslərin hər ikisi Putinə yaxın adamlar sayılır. Voronin vaxtilə Federal Təhlükəsizlik Xidmətində Putinlə birlikdə işləyib.
“Qara siyahı”da həmçinin baş prokurorun müavini Viktor Qrinya, Moskva şəhər məhkəməsinin sədri Olqa Yeqorova, eləcə də Maqnistsikinin ölümünə hər hansı aidiyyəti olan (vəzifəli şəxslərdən tutmuş, hüquqşünasın dünyasını dəyişdiyi həbsxanadakı tibb bacısına qədər) onlarla başqa şəxslərin də adları var.