Nardaran, yoxsa hakimiyyət geri çəkildi?

Nardarana polis yeridildi; mitinq təxirə salındı; hökumət vəd verdi

Bakının mərkəzində isə hicaba qadağaya və dindarların həbsinə etiraz aksiyası baş tutdu

Ilahiyyatçı alim Tale Bağırzadənin həbsinə etiraz olaraq Nardaran qəsəbəsində dünənə təyin olunmuş aksiya baş tutmadı. Bu aksiya həftənin birinci günü elə Nardaranda keçirilmiş mitinqdə elan edilmişdi. Mitinqin qətnaməsində etirazçılar hakimiyyətə qarşıdakı cümə gününə (dünənə) qədər vaxt vermişdi. Tələb olunurdu ki, şərlənərək həbsə atılan Tale Bağırzadə azadlığa buraxılsın.
Mitinq Nardaranın məşhur Imam Hüseyn meydanında saat 16.00-a təyin olunmuşdu.
Internetdəki müşahidələr mitinqin kütləvi alınacağını deməyə əsas verirdi. Çünki ilk dəfəydi ki, mərkəzdə yaşayan və dini bağlılığı olmayan fəallar belə, Nardaran mitinqində iştirak edəcəklərini bəyan etmişdilər. Üstəlik, mitinqin cümə gününə təyin edilməsi, cümə namazından sonra mitinqə axının güclü olacağını şərtləndirən amillərdən idi.

Silahlı polis postları

Günorta saat 14.00-da artıq Nardaranın giriş-çıxışı nəzarətə götürüldü. Qəsəbəyə gedən yollara silahlı polis postları qoyulmuşdu. Postdan keçən avtomobillərin və şəxslərin sənədləri yoxlanılırdı. Qəsəbə sakini olmayanları ora buraxmırdılar. Polis bunu qəsəbədə “dövlət tədbiri” keçirilməsilə əlaqələndirirdi. Qəsəbəyə avtobuslarda Çevik Polis Alayının əməkdaşları göndərilmişdi. Onlar qəsəbədə gözə dəymir, sadəcə, avtobusların içində oturmuşdular. Hüquq-mühafizə orqanlarının bir xeyli mülki geyimli əməkdaşları da qəsəbənin içərisində dolaşırdılar.
Saat 15.00 radələrində elə Hacı Talenin xütbə dediyi “Əbülfəzl Abbas” məscidinin polislərlə əhatələməsi barədə məlumatlar yayıldı. Biz hadisə yerinə gedəndə artıq namaz bitmişdi və bildirilirdi ki, məscidin imamı mitinqin təxirə salındığını deyib. Səbəb kimi isə hakimiyyət nümayəndələrilə kompramis əldə olunduğu göstərilib.

Nardaranlıların narahatlığı

Aksiya təyin edildiyi vaxta 15-20 dəqiqə qalanda artıq meydanda gərginlik hiss olunmağa başladı. Mərkəzdən gələn adamlar aksiyanın təxirə salınmasına görə çaşqınlıq içində idilər. Nardaranlıların öz aralarında da tərəddüd vardı. “Aksiya olsun” deyənlər də vardı, “olmasın” deyənlər də.
Bəzi nardaranlıların narahatlığı bundan ibarət idi ki, hər yandan tökülüb bura mitinqə gəlirlər, sonra hamı çəkilib evinə gedir, zərbə altında isə yenə onlar qalır. Aldığımız məlumata görə, keçən mitinqdən sonra polis qəsəbədəki gəncləri incitməyə, idarələrə çağırıb hədələməyə başlayıb. Onlara açıq şəkildə bildiriblər ki, etiraz aksiyası olsa, daha ciddi tədbirlərə əl atılacaq.

Müəmma

Meydanın əks tərəfində təqribən 200 nəfər gənc toplaşıb mübahisə edirdi. Onlar medianı yaxına buraxmırdılar. Hiss olunurdu ki, vəziyyət gərgindir. Gənclərin bir qrupu aksiyanın təxirə salınmasına qarşı idi. Bir dəstə isə “ağsaqqallar necə deyib, elə də olacaq”, – deyə bildirirdi.
Belə gərgin anlarda özünü qəsəbə sakini kimi təqdim edən bir nəfər jurnalistlərə hədə-qorxu gəlməyə başladı. Maraqlıdır ki, ətrafdakı qəsəbə sakinlərindən heç kim onu bu əməlindən çəkindirmirdi. Amma o, kənarlaşan kimi jurnalistlərdən bu kobudluğa görə üzr istədilər.

Şeyx işə qarışır

Nəhayət, medianın qarşısına Ilqar Abbasov adlı qəsəbə sakini çıxdı. O, mitinqin təxirə salındığını bildirdi. Qeyd etdi ki, bu barədə günorta saatlarında qərar verilib. Abbasovun sözlərinə görə, kənd ağsaqqalları ilə Allahşükür Paşazadə arasında danışıq olub. Onlardan iki aylıq möhlət istənilib. Vəd verilib ki, bu müddətdə Hacı Tale həbsdən buraxılacaq. Bundan başqa, hicab aksiyasına və keçən dəfəki mitinqə görə təqib olunan 70-ə yaxın nardaranlıdan da hüquq-mühafizə orqanları əl çəkəcək.
Nardaranlılar ümid edirlər ki, rəsmilər sözünü tutacaq.

Bakının mərkəzində etiraz aksiyası

Dünən Nardarandakı mitinq təxirə salınsa da, Bakının mərkəzində – metronun “Nizami” stansiyasının yaxınlığında 40-50 nəfərlik qrup hicablı tələbələrin ali məktəbə buraxılmaması, dini baxışlarına görə insanların həbsinə etiraz əlaməti olaraq, aksiya keçirib. Aksiya iştirakçılarının əllərində “Hicaba azadlıq!”, “Hicab məhbuslarına azadlıq!” şüarları yazılmış plakatlar, məhbus dindarların şəkilləri olub. Bu barədə “faktxeber.com”a aksiya şahidləri məlumat verib. Aksiya iştirakçıları Nizami metrosunun qarşısından Xarici Işlər Nazirliyinin binasının önünə qədər yürüş edərək, dağılışıblar.
Qeyd edək ki, sonradan əraziyə cəlb edilən polis əməkdaşları metrostansiyanın ətrafını nəzarətə götürüblər. Aksiya zamanı hər hansı insident və qarşıdurma baş verməyib.

Natiq