Hüquq müdafiəçisi Musa Rahimə qarşı Nəsimi rayon polis idarəsində cinayət işi qaldırılıb.Bu haqda Avropa.info-ya hüquq müdafiəçisinin köməkçisi Saleh Qafarlı deyib. Onun bildirdiyinə görə, AXCP üzvü Dəyanət Babayevin işi ilə bağlı Musa Rahimə də Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb.” Musa Rahimlə bağlı işi Dəyanət Babayevin işindən ayırıblar. Yalançı şahidlər Dəyanətlə yanaşı Musa Rahimin də əleyhinə ifadə veriblər. Artıq onun pasportunun bağlanması üçün İmişli Rayon Polis İdarəsinə də müraciət göndərilib”. S .Qafarlının dediyinə görə, hüquq müdafiəçisi özünü təqsirkar saymır və bunu onun fəaliyyətinə göstərilən təzyiq hesab edir.
Xatırladaq ki, istintaqın AXCP üzvü Dəyanət Babayevlə bağlı hazırladığı və məhkəməyə göndərilməsi üçün nəzərdə tutulan yekun qərarında da Musa Rahimin adı çəkilir. İttiham aktına görə,Babayev Dəyanət Səxavət oğlu alkoqol sərxoşluğu vəziyyətində 07 noyabr 2012-ci il tarixdə saat 23:00 radələrində Nəsimi rayonu, Rəsul Rza küçəsi 31 ünvanda yerləşən “Ucuz Market” mağazasının qarşısında Musa Rahim Mənəf oğlu ilə birlikdə bir qrup şəxs tərkibində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan ,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,vətəndaş üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər etməklə Səlimov Tofiq Fuad oğlunu nalayiq ifadələrlə təhqir edib bir neçə dəfə əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq Səlimova fiziki və maddi ziyan vurmuşlar. Bununla da Babayev Dəyanət Səxavət oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.