İlham Əliyev niyə 130 mindən birinci oldu?

Azərbaycan diktatorunun yeni dünyada yeri görünmür…

Dünya mediası Vircini adalarındakı offşor şirkətlərdən yazır. Təbii ki, yənə də baş qəhrəmanlardan biri Ilham Əliyevdir.   Nüfuzlu nəşrlər yazırlar ki, korrupsionerlər bu maliyyə bataqlığında öz xalqlarının nə az, nə çox – 32 trilyon sərvətini batırmağa nail olublar. Bu rəqəm sizə nə deyir?
Bu, ABŞ və Avropa Ittifaqının birlikdə Ümumi Daxili Məhsulu qədərdir. Azərbaycan hakimiyyəti bu məbləğin hansı hissəsinə sahibdir – onu da biz sonraki araşdırmalarda biləcəyik. Amma görünən odur ki, bu mühüm məbləği güzlətməyə cəhd edən 130 min siyasətçi və iş adamı belə qaranlıq məqsədlər üçün 120 min saxta şirkət qurub.
Bu cinayətin ortaya çıxması üçün dünyanın ən nüfuzlu media orqanlarının əməkdaşları çalışıblar. Konkret olaraq, 46 ölkədən 86 jurnalist 15 ay ərzində bu araşdırmanı aparıb və nəticədə 200 gb həcmində yazı – araşdırma ortaya çıxıb. Müqayisə üçün deyək ki, məşhur “WikiLeaks” teleqramlarının həcmi 2 gb idi. Bu isə o deməkdir ki, dünya mediasında böyük toz-duman gözlənilir.

Zəif bənd

Dünya mediasında bu araşdırma ilə bağlı ən çox Ilham Əliyevin adının hallanması həm də ona görə diqqətçəkəndir ki, o, iş adamı deyil, siyasətçidir, hətta dövlət başçısıdır. Onun bu cür hədəflənməsində bir qəsd axtarmağa dəyərmi? Güman ki, bu suala “yox” cavabı versək, oxucular bizi səmimi qəbul etməz. Sözsüz ki, bu addımlar düşünülmüş  bir prosesin başlanğıcıdır. Əliyevin ifşasından bütün dünya mediasının yazması da vəziyyətin nə yerdə olduğunu göstərir.
Ilham Əliyevin bu qədər geniş bir araşdırma qrupunun ilkin və əsas hədəfinə çevrilməsi əsas verir ki, ona qarşı dünyada geniş bir konsorsiumun fəaliyyət göstərdiyini deyək. Görünür, Ilham Əliyev bu oyunun ən zəif bəndi kimi, ilkin addımda sıradan çıxarılmaq üçün nəzərdə tutulub. Bu miqyasda  ifşadan sonra dünya siyasətinin yenidən qabıq dəyişdirməsinin qarşısını almaq mümkün olmayacaq. Bu qabıqdəyişmədə isə Azərbaycan hakimiyyətinin hədəfdə olması uzun zamandır “Suriyadan sonra Azərbaycan gəlir”  proqnozlarını yada salır.
Dünyadakı bir çox proseslər bir-birilə üzvi əlaqədədir. Dünya yeni siyasi dəyərlərini yaşayarkən şəffaflığın şərt olması artıq məcburiyyətə çevrilib. Bu həm də əlaqələrin qurulmasında, siyasətin təşkili məsələsində mühüm zərurətdir. Deməli, Ilham Əliyev artıq yeni dünya düzənində öz mövqeyini itirib. Daha doğrusu, onun yeni dünyada yeri görünmür. Bu reallıqlarla hakimiyyətin necə barışacağını isə zaman göstərəcək.