Elşad Abdullayev mayda xeyli video yayacaq

Keçmiş rektor: «Gülər Əhmədova qardaşım Mahir oğurlanan günün səhəri mənimlə görüşüb»

“Gülər Əhmədovanın yeni vəkillə müqavilə bağlaması xəbəri yalandır”. Bu sözləri APA-ya keçmiş deputatın vəkili Raqif Mustafayev deyib. Raqif Mustafayev bildirib ki, Gülər Əhmədovanın vəkili o və Eldar Qədimidir: “Onun bizimlə münasibəti yaxşıdır. Üçüncü vəkillə müqavilə bağlamayıb. Ancaq Eldar Qədimi Azərbaycan dilini yaxşı bilmədiyi üçün mətbuat üçün əsasən mən açıqlamalarla çıxış edirəm. Gülər xanım xahiş etdi ki, bu məsələni bir daha qabartmasınlar. Çünki bu əsas məsələ deyil”.
Vəkil Elşad Abdullayevin sözçüsü kimi mətbuatda çıxış edən Elnur Məcidli ilə Elşad Abdullayev arasında fikir ayrılığı yarandığını da qeyd edib: “Sevindirici haldır ki, Elnur Məcidli Gülər Əhmədovanın həbsində prokurorluq orqanın mövqeyinə böyük hörmətlə yanaşır. Lakin Elşad Abdullayev ölkə rəhbərliyinə ünvanladığı məktubda istintaq orqanının fəaliyyətini qeyri-professional kimi qiymətləndirib. Istintaqa münasibətdə onlar arasında fikir ayrılığının olması çox maraqlıdır. Elnur Məcidli bildirir ki, maddi sübut olmasaydı prokurorluq orqanları Gülər Əhmədovanı həbs etməzdi. Ancaq bu faktdır ki, Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilən zaman istintaq orqanı məhkəməyə hər hansı ilkin sübut təqdim etməyib”.
Raqif Mustafayev açıqlamasında bir daha müdafiə etdiyi şəxs barəsində yayılmış videoların montaj olunduğunu dilə gətirib: “Bu cür videolar heç bir yerdə maddi sübut kimi dəyərləndirilə bilməz. Hər kəsə məlumdur ki, kompüter proqramları vasitəsi ilə hər bir videomaterialı montaj etmək mümkündür. Güman edirik ki, Elşad Abdullayev məhz həmin proqramlardan istifadə edib. Hesab edirəm ki, bu məsələyə Konstitusiya Məhkəməsi tərəfindən son qoyulmalıdır”.
O, Gülər Əhmədovanın sarsılmadığını da bildirib: “Ötən gün görüşən zaman Gülər xanım bildirdi ki, bəzi partiya funksionerləri, ictimaiyyət nümayəndələri, deputatlar bu teatr oyununa psixoloji cəhətdən hazır olmadıqlarından Elşad Abdullayevin və müxalifətin küyünə düşüblər. O bildirdi ki, bu adamların arasında onunla qərəzli münasibətdə olanları da var. Nəticədə bütün cəmiyyətdə iqtidar və Gülər Əhmədova barəsində düzgün olmayan təəssürat yarandı. O, maddi və mənəvi ziyandan və həbsdə olmaqdan sarsılmadığını bildirdi. Gülər Əhmədova əmindir ki, prezidentin şəxsi nəzarətində olan bu cinayət işi ədalətlə sona çatacaq. Müvəkkilim 12 illik parlament fəaliyyəti, 16 illik ictimai-siyasi fəaliyyətinin xalqın gözü qarşısında olduğunu söylədi. Bildirdi ki, bu illər ərzində mənsub olduğu partiyaya xidmət edib”.
Vəkil qeyd edib ki, müvəkkili Elşad Abdullayevlə bağlı maraqlı məlumatlar da verib: “Elşad Abdullayev vətəndaşları aldadaraq külli miqdarda pul mənimsəyib, ermənilərlə işbirliyi qurub və Azərbaycan dövlətinin imicinə zərbə vurub. Bu gün kimi aydındır. Gülər xanım Elşad Abdullayevi bu gün dəstəkləyən müxalifətçiləri “əsgəri xidmətindən qaçmış qorxaq və fərarilər” adlandırıb və deyib ki, onları yalnız Elşad Abdullayevdən qoparacaqları çirkli pullar düşündürür. Gülər xanım sonda bir daha qeyd etdi ki, başına gələnlər onu əqidəsindən döndərə bilməz”.
Aznews.az-ın məlumatına görə, müstəntiq ancaq bir dəfə martın 9-da istintaq təcridxanasına gedib. Ancaq o zaman keçmiş deputatın vəziyyəti pisləşdiyindən dindirilmə baş tutmayıb. O vaxtdan indiyə qədər müstəntiq bir daha təcridxanaya getməyib. Səbəblərinə gəlincə isə, vəkil bu barədə heç nə söyləyə bilmir: “Istintaq öz taktikasını özü müəyyən edir”.
Elşad Abdullayev “Yeni Müsavat” qəzetinə açıqlamasında əllərində keçmiş deputatın rüşvət alması ilə bağlı xeyli fakt var: “Birincisi ondan başlayım ki, məni Gülər Əhmədova ilə Sevinc Babayeva tanış edib. O kimdir ki, mən onu tanıyım? Vasitəçiliyi Ramiz Mehdiyevin adı ilə aparıb. O dedi ki, bu işlər bizə tapşırılıb. Özü də işarə etdi ki, deputatlıq məsələsini edər”.
Keçmiş rektor Gülər Əhmədovayla ilk görüşü barədə də danışıb: “Qardaşım 2003-cü ilin 13 oktyabrında oğurlanıb. Gülər Əhmədova ilə rəhmətlik Sevinc Babayeva 14 oktyabr səhər saat 9-da mənim yanımda olublar. Gülər Əhmədova mənə dedi ki, Mahir Abdullayevin ona 600 dollar borcu var. Mən də dedim ki, hazırda işdə yoxdur, amma bu borcu təsdiqləsə, həmin borcu özüm verəcəm. Sən demə, bunlar mənimlə ünsiyyət qurmaq üçün belə bir gediş edirmişlər. Gülər Əhmədova çıxanda mənə dedi ki, Mahirlə bağlı nəsə probleminiz olsa, mənə müraciət edə bilərsiz. Hətta əlavə etdi ki, icra başçısı, nazir, bəzi vəzifələrlə bağlı nəsə istəyimiz olsa, ona müraciət edə bilərik. Bu da bizə vasitəçilik edər”.
Elşad Abdullayevin işini araşdıran blogger Elnur Məcidli “Azadlıq”a açıqlamasında yeni videoların olacağını dedi: “Indi səfərlərimiz var, videolar olacaq, may ayından fəaliyyətimiz intensivləşəcək. Gələn aydan xeyli videolar yayacağıq”.

Ramin DEKO