Eldar Namazov: «Belə qanunsuz davranışlarla bizi yolumuzdan döndərmək olmayacaq»
Ağalar Məhərrəmov: «Mən «El» Hərəkatı barədə birinci dəfədir eşidirəm. Belə bir hadisə olmayıb, yalandır»
“El” Hərəkatının yeni ofisinə də basqın edilib. Bu barədə “Azadlıq”a məlumatı hərəkatın rəhbəri Eldar Namazov verib. Onun sözlərinə görə, dünən saat 14 radələrində Binəqədi rayon icra başçısının müavini, polis rəisi, sahə müvəkkili və 10 polis işçisi hərəkatın Novxanadakı yeni ofisinə gələrək onları ofisdən çıxartmaq istəyiblər. Onlar hərəkatın öz avadanlıqlarını icarə götürdükləri ofisə daşımasına imkan verməyiblər, təzyiq göstəriblər:
“Birinci ofislə bağlı problem yaşananda iqtidar bu məsələdə rolu olduğunu gizlətdi. Məsələyə belə bir don geyindirməyə çalışırdılar ki, guya bu, hökumət nümayəndələri ilə bizim kirayələdiyimiz evin sahibi arasındakı münasibətlərə görədir. Ancaq ”El” Hərəkatının Novxanıdakı ofisinə Binəqədi Rayon Icra hakimiyyəti başçısının müavininin, rayon polis idarəsinin, 10-dan çox xidməti geyimli polis əməkdaşının gəlişi bütün bu gərginliyin arxasında birbaşa hakimiyyətin dayandığını sübut etdi. Bugünkü hərəkəti ilə iqtidar bütün kartlarını açdı. Səhər saatlarından ofisin qarşısında post qoyulub. Ev sahiblərinə bildirilib ki, ailə üzvlərindən başqa heç kim içəriyə buraxılmayacaq. Hakimiyyət “El” Hərəkatının timsalında Azərbaycanda ciddi bir siyasi qüvvənin formalaşdığını başa düşür, bu prosesin qarşısını zorakılıqla almağa çalışır”.
Eldar Namazov bildirib ki, ofisə buraxılmamaları onların fəaliyyətini iflic edə bilməz: “Yaranan durumu müzakirə edəcək, fəaliyyətimizlə bağlı qərarlar verəcəyik. Bundan başqa, biz regionlarda hərəkat üzvlərinə qarşı repressiv tədbirlərin başlaması haqqında xəbərlə almaqdayıq. Bir neçə rayonda tərəfdarlarımızı polis bölmələrinə çağırıb xəbərdarlıq ediblər, onları ailə üzvlərini işdən çıxarmaqla hədələyiblər. Iqtidar mənsubları bilməlidir ki, belə qanunsuz davranışlarla ”El” Hərəkatını yolundan döndərmək mümkün olmayacaq. Onların belə aqressiv tonu yalnız vətəndaşların radikallaşmasına xidmət edəcək. Biz belə qanunsuzluqlara görə fəaliyyətimizi nəinki dayandıracağıq, əksinə gücləndirəcəyik”.
Politoloq Zəfər Quliyev musavat.com-a açıqlamasında bildirib ki, mülkün sahibinə “buraya heç bir kənar avadanlıq, əşya gətirilə bilməz” deyilib. Onun sözlərinə görə, ofisin qarşısında polislər 24 saat keşik çəkəcəklər.
Binəqədi rayon Polis Idarəsinin rəisi Ağalar Məhərrəmov modern.az saytına açıqlamasında “El”in ofisinə basqın olunmadığını bildirib: “El-oba bilirik nədir. Amma mən ”El” Hərəkatını birinci dəfədir eşidirəm. Belə bir hadisə olmayıb, yalandır”.
Ramin DEKO