Düyməciklər

Dünən “Gülər parlamenti” Hesablama Palatasının hesabatını dinlədi, sonra guya müzakirə etdi, lap axırda isə el qaydası ilə, ənənələrə, milli-mənəvi dəyərlərə, dolmaya, “Sarı gəlin”ə, Azıx mağarasından tapılan ən qədim insan çənəsinə, Qobustan qayaüstü rəsmlərinə sədaqət nümayiş etdirərək, “hə” düyməsini basdı. Yəni – “Korrrupsiyaya tam sürətlə davam!” Yəni – “Oğurlamayan bizdən deyil!”. 
Ümumiyyətlə, bu Hesablama Palatası çox gülməli, komik bir qurumdur, kağız üzərində vəzifəsi, allah qoymasa, dövlət vəsaitlərinin necə xərcləndiyini ioxlamaqdır. Amma bir faktı deyək, işin o komik, gülməli tərəfi sizə də agah olsun. Təsəvvür edin, Ziya Məmmədov Nəqliyyat Nazirliyi adından hansısa layihənin icrasını sifariş edir, icraçı nazirin oğluna məxsus “ZQAN-holdinq” şirkəti olur. Iş başa çatır, sonra xərclənən vəsaiti audit etmək lazım gəlir. Auditi kim aparmalıdır? Hesablama Palatası! Hesablama Palatasının sədri Heydər Əsədov kimdir? Elə həmin Ziya Məmmədovun qudası, yəni oğlunun qayınatası!
Illərdir bu ölkədə şəffaflığın, hesabatlılığın anasını bax beləcə ağladır, atasını bax beləcə yandırırlar. Ildə bir dəfə isə çıxıb əldəqayırma parlamentdə guya hesabat verir, oliqarxlara toz qondurmur, milyardlarla manatlıq dövlət investisiyalarının iribuynuzlu məmurlar tərəfindən necə həzm-rabedən keçirildiyinə güldən ağır söz demir, əvəzində hansısa onuncu, yüzüncü dərəcəli adamların nöqsanlarını şar kimi üfürüb şişirdərək, “hesabat” adı ilə millətə yedirməyə çalışırlar. “Hesabatın müzakirəsi” də elə ona yaraşan şəkildə keçir: bir neçə təyinatlı deputata yüngülvari tənqid icazəsi verilir, onlar da təyinatsız, ünvansız cümlələrlə nəsə donquldanır, vəssalam!
Hətta Sovet dövrünün kolxoz iclaslarında belə, tənqidin ruhu və dozası “Gülər parlamenti” ilə müqayisədə adamda qibtə yaradır.
Əgər belə olmasaydı, iki gündür Qərbin, Rusiyanın və Türkiyənin ən nüfuzlu qəzetlərinin manşetlərini bizim hakim ailənin Vircin adalarındakı gizli biznesinin ifşası haqqında sənədli-sübutlu yazılar süslərkən, bir nəfər deputat belə, niyə bunu sorğulamasın? Niyə bunun hesabını istəməsin?
Əslində suallar sizə yersiz kimi görünə bilər, amma adamı o yandırır ki, biz “Milli Məclisdə rejimin iradəsindən kənarda bir nəfər də yoxdur, hamısı bir nəfərin xeyir-duası ilə orda oturdulublar” deyəndə ağız-burnunu əyənlər var. Məsələn, nə vaxtsa, adının ABŞ Dövlət Departamentinin məruzəsinə “müxalifətçi deputat” kimi düşdüyünü yeri gəldi-gəlmədi, başımıza vuran “Gülər parlamenti”nin üzvündən soruşuram: biz sənin Milli Məclisdə həqiqətən də müxalifətçi səs olduğunu dünən də görmədiksə, başqa nə vaxt görəcəyik? Sən dünən çıxıb “siz boş verin hansısa mədəniyyət idarəsində, hansısa VTEK-də, hansısa JEK-də, hansısa qoruqda beş-üç manatın düzgün xərclənmədiyini, siz əvvəlcə onu söyləyin görək, bu Vircin adalarındakı offşor şirkətlər söhbəti nə məsələdir?” deyə soruşmayacaqsansa, biz ovcumuzumu iyləmişik, hardan bilək doğrudan da, orada müxalifətçi kimi oturduğunu…
Ümumiyyətlə, “Gülər parlamenti” üzvlərinin elə rejimin öz gözündə hansı dəyəri olduğunu biz keçənlərdə gördük. Nigar Yaqublu həbs ediləndə onu zaminə götürmək üçün 10-dək deputat müraciət etmişdi, amma hamısına yox cavabı verildi, məlum oldu ki, bunlara öz sevimli rejimləri də inanmır, etibar etmir. Düz də eləyir: əksəriyyəti döşünə deputat nişanı taxdıranadək min cür don geyinmiş, əqidəsini satmış, cilddən-cildə düşmüş adamlara necə inanmaq olar? Onlar bu gün rejimə alət kimi lazımdırlar, daha kimisə zaminə götürəcək qədər etimad sahibi deyillər.
Hə, 10-a yaxın deputatın sözü yerə düşdü, amma adi bir futbol klubu prezidentinə yol qəzası törədən hansısa futbolçunu zaminə götürmək icazəsi verdilər.
Əlbəttə, bu, təkcə Nigar Yaqublu məsələsində siyasi qisasçılığın olduğunu təsdiqləmədi. Həm də yalnız xalqın yox, recimin də deputatlara oyuncaq, düyməcik kimi baxdığını ortaya qoydu. Yəni “gedin oturun orda, dinməzcə düyməni basın, məndən icazəsiz isə heç pencəyinizi də düyməyələyə bilməzsiniz”.
Bu da sizə Əliyevlər Azərbaycanının “Düyməcik” nağılı!
Oxuyun, utanmayın, uşaqlarınıza da oxudun.