Daşqın Məlikovun şikayəti təmin edilmədi

Apelyasiya Məhkəməsi gənci həbsdə saxladı

Narkotik ittihamı ilə həbs olunan AXCP Gənclər Komitəsi fəalı Daşqın Məlikovun işinə aprelin 5-də Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmə həbs-qətimkan tədbiri ilə bağlı şikayəti təmin etməyib, qərarı qüvvədə saxlayıb. Vəkili Əsabəli Mustafayev Daşqınla görüşə bilib. O, həbsin detalları barədə “Azadlıq”a açıqlama verib.
“Məhkəmədə hər şey açıldı. Biz məhkəmə qərarından apelyasiya şikayəti vermişdik. Arqumentimiz də var idi. Daşqın mart ayının 25-də həbs olunub və ona narkotik ittihamı irəli sürülüb. Ittihamın qondarma olmasını sübut etməyə cəhd etdik. Həbs üçün maddi əsaslar yoxdur. Arqumentimiz bir neçə faktora əsaslanırdı. Birincisi, martın 19-da Daşqıngilə iki polis nəfəri gəlib və ondan hərbi biletinin və partiya vəsiqəsinin surətini götürüblər. Deyiblər ki, qeydiyyata alırıq. Sonra ayın 21-də gəliblər. Anası ilə söhbət ediblər. Yenə də deyiblər ki, elə belə gəlmişik, sadəcə olaraq nəzarət edirik. Bu o deməkdir ki, Daşqın nəzarət altında olub və bunu bilir. Nəzarət altında olan adamın üstündə narkotik maddə gəzdirməsi inandırıcı deyil. Ikincisi isə odur ki, Daşqın 10 yaşından bu yana – 12 ildir ki, astma xəstəsidir. Buna görə də əsgərliyə getməyib, heç məktəbi də qurtara bilməyib, çünki ildə iki dəfə xəstəxanada yatmalı olur. 2011 və 2012-ci ildə iki dəfə, hər dəfə 20 gün olmaqla xəstəxanada yatıb və müalicə alıb. Müalicə alanda bunun diaqnostikasını aparırlar, analiz edirlər. Narkotik asılılığı var idisə, mütləq orada üzə çıxmalı və xəstəxananın da rəhbərliyi bu barədə narkoloji dispanseri xəbərdar etməliydi ki, onu qeydiyyata alsınlar. Bu o deməkdir ki, bunun narkotik asılılığı yoxdur. Üçüncüsü isə, Daşqın deyir ki, bunu mənim üzərimə qoyublar. Həmin əməliyyatçıların belə bir təcrübəyə sahib olmağı da artıq sübut edilib. 3 il qabaq mən həmin polisləri məhkəməyə vermişdim. Çünki onlar bir nəfərə işgəncə verərək boynuna narkotik qoymuşdular, o da etiraf etməyə məcbur olmuşdu. Həmin işgəncə faktını da Sumqayıt Məhkəməsi və bu gün işə baxan Apelyasiya Məhkəməsi tanımışdı və qərarı qüvvədə saxlamışdı. Həmin şəxslər Daşqını da həbs ediblər”.
Vəkilin sözlərinə görə, saxlanıldığı gün onu məcbur ediblər ki, cibində narkotik maddə olduğunu etiraf etsin. Əks təqdirdə daha ağır ittihamlar irəli sürəcəklərini deyiblər. “Daşqın tutulan kimi məni vəkil kimi tələb edib, lakin onun bu tələbini təmin etməyiblər. Polislər də bunu etiraf edir. Təyinatla ayrı vəkillə təmin ediblər. Ilk gün Daşqına təzyiq göstərərək ondan izahat alıblar, bir gün sonra müstəntiq onu dindirəndə etiraz edib. Narkotikdən xəbəri olmadığı deyib. Daşqınla söhbətdən belə məlum oldu ki, o, ”Facebook”da hakimiyyəti tənqid edən yazılar yazıb və bir neçə dostu ilə birlikdə gənclərin problemləri ilə məşğul olacaq QHT yaratmaq istəyib. Həbs olunduğu gün həmin dostları ilə görüşməyə gedib. Üzləşmədə polislər etiraf etdilər ki, onlar Daşqını gözləyirdilər. Hansı avtobusdan, harada düşəcəyini bilirdilər. Bu ancaq izləmənin nəticəsi ola bilər. Bütün bu faktlar göstərir ki, bu məsələ çox müəmmalıdır, qondarma işə oxşayır və biz məhkəmədə bunu sübut etməyə çalışacağıq.
Gələcək addımlarda ev dustaqlığı məsələsini qaldıracağıq. Daşqın müalicə almalıdır, təcridxanada qalması həyatı üçün təhlükəlidir. Ümidvaram ki, növbəti addımda məhkəmə daha humanist qərar qəbul edəcək”- deyə vəkil sonda vurğuladı.

Bəyim Həsənli