Azərbaycan üçün də, Ilham Əliyev üçün də yeni mərhələ başladı

Hakim ailənin gizli biznesi barədə yeni məlumatlar bu dəfə cəmiyyəti dəhşətə gətirir. Çay, qənd, marqarin yağı, duz, düyü, qarabaşaq, vermişel və hər cür ərzaq malları satan və bununla da ölkənin qida sektoruna nəzarət edən “Azərsun” şirkəti də, eyni adamların rəhbərlik etdiyi və Azərbaycanda 4 milyard dollarlıq tikinti aparan şirkətlər də Əliyevlər ailəsinə bağlı imiş. Bu şirkətlər ən böyük həcmdə dövlət sifarişlərinə yiyələnir, orduya, polisə, səhiyyəyə öz mallarını satır, böyük pullar qazanır. Buna qədər hakim ailənin Panamada gizli (ofşor) şirkətlərinin olduğu bəlli idi. Indi isə öyrənirik ki, Vircin adalarında qeydiyyatdan keçən gizli şirkətlər təkcə Ilham Əliyevin ailə üzvlərinə bağlı deyil, burada onun özünün adına da şirkət varmış. Yayılan sənədlərin birində onun vəzifəsi həm də direktor kimi göstərilib. Necə deyərlər, bizim prezident firma direktoru imiş. Sən demə, indiyədək tez-tez onu diktator adlandıran dünya mətbuatı, direktor da adlandıra bilərmiş. 
Daha buna nə deyəsən? Bunun da izahı varmı? Bəlkə hakimiyyətin gizli və açıq əlaltıları yenə deyəcəklər ki, bəs deməzsənmi, bu yazı ilə Ilham Əliyevə Qarabağı güzəştə getmək üçün təzyiq göstərirlər.
Maraqlı odur ki, bu artıq bir yazı məsələsi də deyil. Bəli, dünənəcən mən də elə sanırdım ki, bu da növbəti jurnalist araşdırmasıdır. Amma sonradan dünya mətbuatını izlədim və gördüm ki, yox, bütün dünyanı ağuşuna alan bir “partlayış” olub. Gizli şirkətlərin yuvalarından olan Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş çox sayda şirkət və hesabların gizli məlumatları mətbuata sızıb. Söhbət hətta milyardlardan yox, təxminən 32 trilyon dollar gizli sərvətdən gedir. Wikileaks bununla müqayisə edilə bilməz bəlkə də. Burada təkcə Ilham Əliyevdən söhbət getmir, 170 ölkədən 130 min insana aid məlumat var. 130 min “bomba” partlayıb. Amma dünya mətbuatı qeyd edir ki, ən böyük “bomba” Azərbaycan prezidentinə məxsusdur…
Bir sözlə, bütün dünyanı əhatə edən gizli bilgilər açılıb. Bütün dünya şokdadır. Bütün dünya Azərbaycandan, onun prezidentindən danışır.
Baş verənlərin miqyasını fikirləşəndə dünya üçün də, Azərbaycan üçün də, elə Ilham Əliyev üçün də yeni mərhələ başlayır. Çünki xalqların taleyinə ciddi təsir edən gizlinlər açılıb, dünyada gizli pullarla bağlı cinayətlərin onurğa sütununa öldürücü zərbə dəyib. Azərbaycanı götürsək, artıq şəksiz sübut olundu ki, ölkə talanır və onun sərvəti xarici ölkələrdə gizlədilir. Əminik ki, çoxlu sayda məlumatlar içindən başqa adlar, başqa şirkətlər də çıxacaq, amma ölkə prezidentinin gizli biznesi durumu aydınlaşdırır.
“Azərbaycanın xilası”, “Azərbaycanın inkişafı”, “Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev kursu”, Yeni Azərbaycan Partiyasının proqramları, körpülər, regionların inkişafı və bu kimi nağıllar birdəfəlik bitdi. Onu birdəfəlik olaraq Vircin adalarında dəfn etdilər. Bu, danışan dillərin lal olduğu andır. Artıq hər şey danışıldı. Hər şey aydın oldu. Azərbaycan xalqı gördü ki, onun prezidenti əslində kimdir. Haqqında yüz də danış, təkcə Vircin adalarındakı dəfinə hər şeyi deyir. Bundan o yanı boş şeydir. Öz ətrafı da gördü ki, artıq müdafiə edilməsi mümkün olmayan bir liderin ətrafındadırlar. Ətrafı da gördü ki, bütün dünya hər şeyi bilir.
Sanki hər şey başqa rəngə boyandı. Başqa sözlə, bütün pərdələr götürüldü. Bu, tamamilə yeni mərhələdir.