Məşədi Natiq: «Normal seçki keçirilsə, Siyavuş Novruzov kimilər parlamentə düşə bilməz»
Aprelin 1-də Nardaranda, Imam Hüseyn meydanında etiraz aksiyası keçirildi. Mitinq bir gün əvvəl həbs olunan ruhani alim Taleh Bağırzadənin müdafiəsi üçün elan olunmuşdu. Amma aksiyada bütövlükdə hakimiyyətin repressiya siyasətinə kəskin etiraz ifadə olunmuşdu.
Bu aksiya ilə bağlı müxtəlif münasibətlər bildirildi.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bu aksiya təsadüfi deyil. Nardaranda keçirilən aksiyanı Iran təşkil edib: “Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz hüquqlarını tələb etməsi, Avropanın və Amerikanın Irana təzyiq göstərməsi, Iranı Azərbaycana qarşı bu cür addımlar atmağa vadar edir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Nardaran və Maştağa da daxil olmaqla Bakının bir neçə qəsəbəsinin parlamentdəki təmsilçisi Eldar Quliyev son Nardaran hadisələri ilə bağlı ÿModern.az saytına müsahibə verib.ÿÿ
“Burada iştirak edən çox insanın Nardarana aidiyyəti yoxdur. Hansısa insanlar gəlib orda etiraz edirlər, bunu din pərdəsinin altına salmaq da düzgün deyil. Əgər hacı və ilahiyyatçı tutulubsa, Azərbaycanda bu kimi məsələləri hüquq-mühafizə orqanları aydınlaşdırır. Biz hüquqi dövlətdə yaşayırıq. Tam səmimi şəkildə deyirəm, Nardaran camaatının əsas problemi qaz və işıqla əlaqədardır”- deyə Eldar Quliyev bildirib.
Nardaran kəndinin Ağsaqqallar Şurasının sədri Məşədi Natiq səslənən fikirlərə münasibətində bildirdi ki, heç bir millət vəkili, məmur kəndlərdəki problemləri anlaya bilməz. “Illərdir ağır problemlərin məngənəsində sıxılan bizik. Ölkədə ədalətsizlik hökm sürürsə, kəndlərdə problem başdan aşırsa, buna Iranın nə aidiyyəti var? Bu aksiya saat 11-ə təyin edilmişdi, hökumət nümayəndələri də dəvət edilmişdi. Sonradan Taleh Bağırzadənin şərlənərək həbs olunması xəbəri yayıldı. Insanlar da buna etiraz elədilər. Taleh ali təhsili, mübariz insandı. Hansı məsciddə ölkədəki korrupsiyadan, özbaşınalıqdan xütbə oxuyan varsa, hakimiyyətin qəzəbinə tuş gəlir”- deyə Məşədi Natiq bildirib.
Məşədi Natiq onu da əlavə elədi ki, Azərbaycan dünyanın bütün yerlərində korrupsiyaya bulaşmış ölkə kimi tanınır. Ölkədə ədalətli seçki keçirilməli, xalq istədiyi adamı seçə bilməlidi: “Hakimiyyət bu zərərli siyasətindən əl çəkməsə, ölkədə böyük fəlakətlər baş verə bilər. 2015-ci ildə normal Parlament seçkisi keçirilsə, Siyavuş Novruzov kimilərə orda yer olmayacaq”.
İlham Hüseyn


