ATƏT İnvestments LTD

Dünən məlum oldu ki, rejimin israrlı tələblərindən sonra ATƏT-in Bakı ofisinin statusu məsələsi müzakirə ediləcək. Işin özəti ondan ibarətdir ki, yaptokratlar bu qurumun Azərbaycanda demokratiya, insan haqları kimi məsələlərə burun soxmasını istəmir, əvəzində onun sonuncu dərəcəli məsələlərlə məşğul olması arzusundadır. Belə görünür ki, onların bu arzusu da gözlərində qalmayacaq. Bəs necə? Axı Ilham Əliyevin çoxlu pulu var, üstəlik, qazımız da 100 ilə bəs edər. 
Mənə komik gələn odur ki, ATƏT-in Minsk qrupu illərdir guya Qarabağın statusunu müəyyənləşdirməlidir, amma indi onun özünün Bakı ofisinin statusu müzakirə mövzusudur. Bu, həmin təşkilatın artıq nə qədər urvatsız, mənasız bir quruma çevrildiyinin göstəricisidir, ümumiyyətlə, illər boyu ATın qabağına ƏT qoymağın, Avropada təhlükəsizliyin və əməkdaşlığın başlıca şərti olan demokratiyanı neft ağalarının ayağına verməyinin axırı elə belə də olmalı idi.
Lütfən, heç kim müdrik pozasına bürünüb, “xalq Əliyevlərə dözürsə, buna Qərb səfirlikləri, beynəlxalq təşkilatlar neyləsin?” janrında öyüd-nəsihət verməyə çalışmasın. Mən bunun fərqində olmayacaq qədər ağlımı və məntiqimi itirməmişəm. Üstəlik, illərdən bəridir “bu ölkəyə demokratiya qaranquş kimi başqa ölkələrdən uçub gəlməyəcək, onu dişimizlə, dırnağımızla biz özümüz əldə edəcəyik” yazmaqdan barmaqları yağır olan da mənəm.
Amma…
Amma necə ki, rejimdən demokratiya, azadlıq, hüquq tələb edirik, eyni tələbi özünü bu dəyərlərin beşiyi və carçısı hesab edən Qərb paytaxtlarından istəməyə də haqqımız çatır. Biz onlardan çox şey istəmirik axı. Deyirik, öz dəyərlərinizə sadiq olun. Deyirik, topu, tüfəngi, ordusu, polisi, pulu ilə onsuz da güclü olan bir antidemokratik, çağdışı bir də öz dəstəyinizlə, susqunluğunuzla, alverinizlə bir az da gücləndirməyin. Eybi yox, bizim qara günümüzə ağlamayın, amma bunların da qara kürüsünə aldanmayın.
Deyirik, biz sizin öz ölkələrinizi tərəqqiyə qovuşduran dəyərləri hər cür repressiyaya, basqıya, təhdidə, həbs, ölüm qorxusuna baxmayaraq satmırıqsa, siz də satmayın! Hər halda bunların gəlib Obamanın da cibinə nəşə atacaq, Avropa Ittifaqının baş katibinin ayağı üstündən maşın sürüb sonra da Sena çayının sahilinə atacaq halları yoxdur.
Yoxsa artıq ATƏT, AŞ, AŞ PA, AI deyəndə gözümüzün qabağına hansısa ofşor şirkət gəlməyə başlayır. Necə ki, Əliyevlər ofşor şirkətlərlə öz biznes maraqlarını təmin edirlər, sanki bu təşkilatlarla da hakimiyyət maraqlarını qoruyurlar. Bir ölkənin həbsxanaları ağzınacan günahsız insanlarla doldurulur, amma özlərini “demokratiya carçıları” elan edənlər də təyyarələrinin baqajlarını əntiq əşyalar, qiymətli hədiyyələr, qarınlarını isə qara kürü ilə doldururlarsa, biz başqa nə fikirləşməliyik axı?
Ofşor şirkətlər demişkən, srağagün hakim ailənin yeni biznesi üzə çıxdı. Hər nə qədər gözlərinin heyrətinin öldüyünü düşünsən, artıq səni heç nəyin təəccübləndirməyəcəyini fikirləşsən də, oxuduqca insan yenə dəhşətə gəlir, havalanır. Bu qədər də olmaz axı! Sərvət ehtirasını anlayıram, amma bunun da bir həddi-hüdudu var, ya yox?!
Digər tərəfdən də mənə maraqlıdır: “Bunlar yeyib-doyublar, gələnlər isə acdır, yeyib-dağıdacaqlar” deyən yaltaqlar, qorxaqlar sürüsü görəsən, həmin çiçəyi burnunda araşdırmanı oxuyunca hansı hisslər keçirdilər? Düşündülərmi ki, artıq heç olmasa, indən belə ayıblarına kor olub dillərini yumşaq yerlərinə qoymaq vaxtı çatıb.
Hə, bir də mənə bu maraqlıdır: şəxsi iddiaları, eqoları fontan vuran neçə müxalif siyasətçi hakim ailənin biznesi haqqında yeni faktlar haqqında danışacaq? Yoxsa bunu da yenə əldə-ovucda qalan beş-üç jurnalist yazacaq, onlar da bayram deyil, seyran deyil, durub-dururkən, sanki hər yarağımız var da, bir saqqal darağımız çatışmırmış kimi, islamın rəsmi din olması, əsl xəngəlin qiyməli, yoxsa qiyməsiz yeyilməsi haqqında dəhşətli dərəcədə aktual, taleyüklü polemikalar açacaqlar?!