DİN-də Seymur Həziyə nə dedilər?

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi aprelin 4-də Daxili İşlər Nazirliyində olub. Seymur Həzi nazirliyin İstintaq İdarəsinin əməkdaşları ilə görüşüb:

“Onlar dedilər ki, 2011-ci ildə gecə vaxtı hücuma məruz qalmağımla bağlı başlanan cinayət işi üzrə istintaq davam edir, məsələ Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətindədir və cinayətin üstü mütləq açılacaq. İstintaqı nazirliyin İstintaq İdarəsi aparır”.

Seymur Həzi nazirlik rəsmilərinə son günlər izlənməsi haqda da məlumat verib:

“Dedilər ki, bu məsələ də araşdırılır. Mən də araşdırmaların nəticəsini, qanunu pozanların tapılaraq ədalət mühakiməsinə cəlb olunmasını gözləyirəm”.

***

03.04.2013

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə məlumat verən Seymur Həzi bildirib ki, onu 2011-ci ilin martında oğurlanaraq döyülməsilə əlaqədar başlanmış cinayət işinin istintaqıyla əlaqədar nazirliyə dəvət ediblər.

Xatırladaq ki, Seymur Həzi 2011-ci il martın 25-dən 26-na keçən gecə oğurlanaraq vəhşicəsinə döyülmüşdü. Həmin gün jurnalist axşam saatlarında metronun “20 yanvar” stansiyasının yaxınlığından yaşadığı Ceyranbatan qəsəbəsinə taksi ilə gedib. Qəsəbə yaxınlığında taksidən düşəndən az sonra isə 6 nəfər qara maskalı şəxs ona hücum edərək, başına torba keçiriblər. Sonra da döyə-döyə özləri gəldikləri maşının döşəməsinə ataraq, harasa aparıblar. Aparıldığı yerdə də jurnalisti döyənlərin ondan bir tələbi olub: hakimiyyətin, xüsusən də dövlət başçısının fəaliyyətilə bağlı tənqidi yazılarını dayandırsın!
Bu hadisədən 2 il ötsə də, hələ cinayətkarlar məsuliyyətə cəlb olunmayıb.