Azərbaycanda korrupsiya böhranı Avropa Ittifaqının hesabatında
Roland Kobia: «Avropa İttifaqı üçün tərəfdaş ölkələrdə demokratiyanın qurulması əsas prioritetdir»
Azərbaycanla Avropa Ittifaqı arasında viza rejiminin sadələşdirilməsilə bağlı razılıq əldə olunub
“Azərbaycanda korrupsiya bu ölkədə sahibkarlığın inkişafına və iqtisadiyyatın diversifikasiyasına çox ciddi maneədir”. Bu fikir Avropa Ittifaqının Qonşuluq Siyasəti çərçivəsində ötən il Azərbaycandakı vəziyyətin qiymətləndirilməsinə dair hesabatda öz əksini tapıb.
Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia dünən hesabatı təqdim edərək bildirib ki, hesabatda ötən il ölkədə baş vermiş faktlara qiymət verilib. Səfirin sözlərinə görə, hesabat müəllifləri faktların təhlili nəticəsində belə qənaətə gəlib ki, Azərbaycanda seçki və demokratiya sahəsində daha çox çalışmağa ehtiyac var.
Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eştonun söylədiklərinə istinad edən Kobia bildirib ki, Avropa Ittifaqı üçün tərəfdaş ölkələrdə demokratiyanın qurulması əsas prioritetdir.
Roland Kobia hesabatda öz əksini tapmış müsbət məqamlardan danışarkən ötən il Azərbaycanla Avropa Ittifaqı arasında siyasi dialoqun davam etməsi, enerji sahəsində tərəfdaşlıq kimi məqamları qeyd edib.
Azərbaycanla bağlı narahatlıq yaradan məqamlara gəlincə, səfir bildirib ki, bu ölkədə azad, şəffaf seçkinin keçirilməsi, insan hüquqları və fundamental azadlıqların qorunması, məhkəmə sisteminin müstəqilliyi sahəsində görüləsi işlər var.
“Assosiativ sazişin bağlanması üzrə danışıqlarda irəliləyişə nail olmaq lazımdır. Təəssüf ki, 2012-ci ildə bu danışıqlarla bağlı boşluq olub. Amma uzun fasilədən sonra gələn həftə Brüsseldə bu məsələyə dair danışıqlar bərpa olunacaq”, – deyə Kobia bildirib.
Avropa Ittifaqı hesabatda ölkədə vəziyyətin yaxşılaşdırılması üçün bir sıra tövsiyələr də irəli sürüb. Tövsiyələrdən biri də AŞ PA-nın yanvar sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş, insan hüquqları sahəsində öhdəliklərə dair qətnamənin yerinə yetirməsindən ibarətdir.
Avropa Ittifaqı Azərbaycan hökumətinə həmçinin diffamasiya haqqında qanunun qəbulu, toplaşma, media, birləşmə azadlığı sahəsində qanunvericiliyin yaxşılaşdırılması, jurnalistlərə və fəallara qarşı zorakılıq faktlarının araşdırılması, məhkəmələrin müstəqilliyinin təmin olunmasını tövsiyə edir.
“Rəsmi Bakı növbəti dəfə Avropa Ittifaqının tövsiyələrinə məhəl qoymasa, nə olacaq?” sualının cavabında Kobia deyib ki, bunlar yalnız Avropa Ittifaqının tövsiyələridir, onu qəbul edib-etməmək dövlətlərin öz işidir. Avropa Ittifaqı sadəcə, ölkələrə yardım etmək məqsədilə bu tövsiyələri verir.
Avropa Ittifaqının əvvəlki hesabatlarda irəli sürdüyü tövsiyələrə indiyədək Azərbaycan hökumətinin əməl etməməsi və nəticə son hesabatda da onların yenidən təkrarlanması məsələsinə gəlincə, Roland Kobia sualı belə cavablandırıb: “Bu həm də o deməkdir ki, Avropa Ittifaqı yolundan dönmür”.
Səfir son günlər gənc fəalların həbsilə bağlı geniş şərh vermək istəməsə də, bu cür məsələlərin Avropa Ittifaqını narahat etdiyini bildirib: “Bu cür məsələlər bizi hər zaman narahat edir. Mən ölkədə yox idim, iki-üç gün olar qayıtmışam. Amma bizim əməkdaşlarımız prosesləri yaxından izləyir. Kimsə həbs olunubsa, proseslər istənilən halda, beynəlxalq standartlara uyğun, qanun çərçivəsində getməlidir”.
Səfir onu da qeyd edib ki, Azərbaycanla Avropa Ittifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqlarda əsas məsələlərlə bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, ötən ay məsləhətləşmələrin növbəti raunddan sonra tərəflər əsas məsələlər üzrə razılığın əldə olunduğunu bəyan ediblər: “Detalları razılaşdırmaq qalıb və 2013-cü il ərzində viza rejiminin sadələşdirilməsi barədə saziş imzalana bilər”.
Aytən Məmmədova