Yaşadığım və sevdiyim bu ölkənin taleyi ilə bağlı ağlımda o qədər sual var ki… Bəzən o sualları çək-çevir etməkdən ağlım qarışır. A-dan Z-yə köklü problemlərimizi düzəltməyə bir insan ömrü yetməz, doğru. Amma beynimi dağıdan bütün sualların cavabı birdir – bu ölkədə durum dəyişməlidir. Necə olursa-olsun dəyişməlidir. Özümüz bir gün görməsək belə, bu əzablı, üzücü, düşkün həyatı sonra gələnlərə buraxıb getməyə də haqqımız yox. Bu gün Azərbaycanda öz ləyaqətinə, haqqına, sərvətlərinə sahiblənmək istəyən cəsur bir gənclik meydana çıxır. Böyük Türk şairi Necip Fazil Kısakürəyin bəhs etdiyi kimi: “Kim var?- deyə səslənincə, sağına və soluna baxmadan fərd-fərd ”mən varam!” cavabını verici, hər fərdi “mənim olmadığım yerdə kimsə yoxdur!” fikrini bəsləyici bir dava əxlaqına oynaq bir gənclik…”.
Amma bu rejim ölkənin gələcəyi üçün ən böyük təminat ola biləcək o parlaq gəncliyin gözündəki işığı həbsxana divarları ilə qapamaq istəyir. Təkcə son bir həftədə 7 gənc fəal saxlanılıb. Bu, qorxu və vahimə yaratmağa hesablanmış bir plandır. Bu, yenilikçi insanlara qarşı savaş dairəsini genişləndirmək, irtica maşınının qarşısına keçən hər kəsi əzib keçmək hikkəsidir. Bu, zamanın ixtiyarsız dəyişməsinə, gəncliyin köhnəliyə və feodal düşüncəsinə qarşı bir qorxuya çevrilməsinə havalanma xofudur. Uzun illərdir bu ölkəni hakimiyyət vasitəsi ilə qəsb etmiş, layiq olmadığı mərtəbələrə yüksəlmiş adamları çılğına döndərən bir həqiqət var. Dünyası günəş dolu gənclik gəlir və heç bir zor onun qarşısını ala bilməz!
Hətta Necip Fazilin dediyi kimi: “Dininin, dilinin, beyninin, elminin, namusunun, evinin, kininin, qisasının davaçısı bir gənclik… Anası, atası, nənəsi və dədəsi də içində olsa, gəlmiş və keçmiş bütün köhnə mömin nəsillərdən heç birini bəyənməyəcək, onlara ”siz günəşi ciblərinizdə itirmiş marka müsəlmanlarısınız! Gerçək müsəlman olsaydınız, bu hallardan heç biri başımıza gəlməzdi!” deyəcək və gerçək müsəlmanlığın “necəsi”ni və “nə olduğu bilinməyən”i hər halıyla göstərəcək bir gənclik…”.
Bəli, biz bu gənclərə arxa çıxmalıyıq. Onları meydanda təkbaşına, zəif və dəstəksiz buraxmamalıyıq. Son günlər həbs olunan belə gənclərdən – Daşqın və Zaurun anası haqsızlığa üsyan oxuyan sözləriylə cəmiyyətə bir mesaj vermiş oldu. “Mən bu hakimiyyətə nifrət edirəm və oğlumla fəxr edirəm! Mən də bu gündən sizə qoşuluram!” deyən ana öz övladına başqa necə tərbiyə vermiş ola bilərdi ki? Bəli, artıq analar “bu haqq mübarizəsində biz də varıq” mesajı verirlər. Cəmiyyətdə Yaqublular ailəsinin nümunəsi geniş yayılır və bunun gözəl bəhrələrini yaxın gələcəkdə mütləq görəcəyik.
Əslində, bu ölkədə anaların öz övladlarının mübarizə haqqına halallıq verməsi, onların gücünə güc qatması vaxtı çoxdan yetişib. Artıq elə bir məqam yetişib ki, yaşadığımız məmləkətdə heç bir ananın övladını irtica maşınından qoruya biləcəyinə təminatı yox. Daha açıq fikirli və bu sistemə qarşı olan insanların siyasi emblemi o qədər də mühüm əhəmiyyət daşımır. Indi hər kəs çox asanlıqla bu rejimin caynağına keçə bilər. Bir anlığa, özünüz ölkədə vicdan məhbusu statusu daşıyan insanların hansı çevrələrdən olduğunu xatırlayın…
Necip Fazil “Gəncliyə xitabəsi”ni ölkəsinin ağır illərində yazmışdı. Özünün belə bəzən ruh düşkünlüyünə qapıldığı, həbslərdə yatdığı illər… Amma onun inandığı bir gerçək vardı – cəsur və “gözüqara” gənclik məmləkətin işıqlı gələcəyi olacaq. O, ümidlərində yanılmadı. Şübhəsiz, bizim də o ümidlərimiz doğrulacaq. Ölkəsinin və haqqının davaçısı olan gənclik yanıltmaz…
Ölkəsinin və haqqının davaçısı bir gənclik…
•