sahib kerimov-azadliqda3

“Azərbaycanda avtoritarizmlə mübarizədə qorxu ölüb”

sahib kerimov-azadliqda3“Artıq cəmiyyətin müqavimətdən başqa yolu qalmayıb”

Sahib Kərimli: «Müxalifətin demokratiya tələblərinin üstünə gəncliyin də qüvvəsi gələndən sonra bu qüvvənin nəticə əldə etməsi şəksizdir»

2010-cu il parlament seçkilərində yol verilən saxtakarlığa etiraz olaraq 2011-ci il aprelin 2-də keçirilən aksiyadan iki il ötdü. Həmin dövrdə cəmiyyətdə başlayan aktivliyin qarşısını almaq üçün hakimiyyət 2 aprel aksiyasında iştirak edən siyasi fəalları həbs etdi. Bugünkü müsahibimiz “2 aprel” məhbusu olmuş AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlidir. Elə ilk sualımız da “2 aprel” aksiyası ilə bağlı iqtidarın rellaşdırdığı addımların nəticə verib-vermədiyi ilə bağlı oldu.

– 2011-ci ilin əvvələrində ərəb dünyasında baş verən proseslər Azərbaycan cəmiyyətini hərəkətə gətirdi. Cəmiyyət daha gur səslə demokratiya istəyini ifadə etməyə başladı. Hökumət böyük dalğa ilə üz-üzə olacağını bildiyi üçün aprelin 2-də keçirilən aksiyada təxribatlar törətdi, şüşələr qırıldı. Nəticədə 16 nəfər müxalifət fəalını həbs etdilər. Həmin dövrdə Azərbaycan iqtidarı müəyyən nəticələr əldə etdi və cəmiyyətin gözünü qorxutmağa müvəffəq oldu. Amma həmin hadisələrə bu günün rakursundan baxdıqda görünür ki, hakimiyyətin həmin dövrdə əldə etdiyi nəticələr uzağa hesablanmamışdı. Baş verənlər hökumətin xeyrinə olmadı. Əksinə, hökumət daha mütəşəkil və böyük etirazla üz-üzədir.

– Hazırda keçirilən aksiyalarda diqqəti çəkən məqamlardan biri vətəndaşlardakı qorxu xofunun tədricən aradan qalxmasının sezilməsidir. Belə ki, martın 10-da keçirilən aksiyada gənclər çəkinmədən su şırnağının, həbs olunacaqlarını bildikləri halda polisin qarşısına gedərək əzm göstərirdilər…
– Azərbaycanda avtoritarizmlə mübarizədə qorxu ölüb. Artıq cəmiyyətin müqavimətdən başqa yolu qalmayıb. Azərbaycanda avtoritarizm ona görə uzun müddət möhkəmləndi ki, cəmiyyət baş verənlərə biganə qaldı. Insanlar neft gəlirlərindən onlara müəyyən pay çatacağına inanır və bu üzdən inzibati sistemlə özünü düşmən salmamağa çalışırdı. Hakimiyyət guya “islahatlar” apardı. Amma insanlar öz həyat tərzlərinə bu tədbirlərin heç bir təsir etmədiyini gördülər. Vətəndaşlar seçki, mülkiyyət hüquqlarının hər ötən gün pozulduğunu gördü. Ona görə sosial tələblərlə çıxış edən kəslərlə, siyasi hüquqlar uğrunda mücadilə edənlərin mübarizəsi birləşdi. Hakimiyyət qarşısında daha mütəşəkkil və cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən gücü gördü və bu güclə qarşı-qarşıya qaldı. Ona görə cəmiyyəti iki il qabaq siyasi qüvvələri şüşə sındırmaqda, “Molotov kakteyli”ndən istifadə etməkdə ittiham edən iqtidar təbliğat sistemini qursa da, gördü ki, gəncliyin son etiraz aksiyasına bu bir o qədər təsir göstərmir. Əksinə, etiraz aksiyaları artan xətlə davam edir.

Gəncliyin ayağa qalxması hakimiyyəti narahat edir

– Keçirilən son aksiyaların əsas hərəkətverici qüvvəsi hazırda gənclikdir. Elə bu baxımdan təəccüblü deyil ki, hazırda məhz gənclər təzyiq hədəfinə çevriliblər. NIDA Gənclər Təşkilatının, AXCP Gənclər Komitəsinin üzvlərinin şərlənərək həbs olunması bunu bir daha təsdiqləyir. Hakimiyyət bu addımlarla istəyinə nail ola bilərmi?
– Azərbaycan iqtidarı hələ gəncliyin dirənişi ilə rastlaşmamışdı. Zatən iqtidarın ömrünün uzanmasında səbəb hələ güclü, mütəşəkkil gənclik dalğası ilə üz-üzə qalmaması idi. Azərbaycan siyasətinə indiyə qədər 3 dönəm gənclik gəlib. Birinci dönəm Xalq Hərəkatı dönəmidir. Bu zamanda özünün fədəkarlığı ilə gənclik bu mərhələni ölkənin müstəqilliyi ilə başa vurdu. Ikinci bir dönəm gənclik Heydər Əliyevin hakimiyyətinin ilk illərində siyasətə gəldi. Bu zaman siyasətə gələn gənclik o qədər də böyük deyildi. Həmin zaman cəmiyyətin siyasətdən ayrıldığı dövr idi. Ölkədə siyasi mühüt zəifləyir və dövlə idarəsindən aralanırdı. Amma indi artıq 3-cü dönəm gənclik siyasətə gəlir. Bu gənclik Xalq Hərəkatına gələn gənclikdən say baxımdan da az deyil, düşüncə baxımından da geri qalmır. Bu gəncliyin tələbləri daha ucadan səslənir və güclüdür. Bu gəncliyə hakimiyyətin rekasiyası adekvatdır. Hakimiyyət bilir ki, Azərbaycanda oturuşmuş müxalifət var. Müxalifətin demokratiya tələblərinin üstünə gəncliyin də qüvvəsi gələndən sonra bu qüvvənin nəticə əldə etməsi şəksizdir.

Problemlər sistemdən qaynaqlanır

– Hazırda diqqəti cəlb edən daha bir məqam siyasi partiyaların təşkilatçılığı olmadan insanların etirazlarını açıq formada ifadə etməsidir. Bu il ərzində neçə müxtəlif səbəblərdən əyalətlərdə, paytaxtda vətəndaşlar narazılıqlarını ifadə edərək, aksiyalar keçiriblər. Sanki siyasi partiyalar bu prosesdən kənarda qalıb…
– Dəfələrlə qeyd etmişik ölkədə siyasi, iqtisadi islahatlar aparılmasa, ölkədə sosial partlayış gözlənilir. Artıq biz görürük ki, regionlarda ayrı-ayrı sosial təbəqələr etirazlarını dilə gətirirlər. Bu etirazların içərisində maraqlı məqam odur ki, artıq insanlar bir dönəm dövlət başçısına etirazlarını ifadə etmədən problemlərini dilə gətirirdilərsə, indi situasiya tam fərqlidir. Cəmiyyət artıq fərqindədir ki, problemlərinin hamısı ölkədə demokratik qurluşun olmamasından, bu hakimiyyətin özündən qaynaqlanır. Ona görə artıq insanlar birbaşa siyasi bəyanatlarla çıxış edir, dövlət başçısını hədəf göstərirlər. Bu o deməkdir ki, artıq cəmiyyət anlamağa başlayıb ki, onun problemlərinin kökündə sistem dayanır. Avtoritar sistem təkcə siyasi azadlıqların deyil, həm də sosial layihələrin, mülkiyyət toxunulmazlığının düşmənidir. Azərbaycan müxalifəti bu prosesin arxasınca qaçmır, əksinə, müxalifət professional davranaraq həmin sosial təbəqələrin siyasətə gəlmə mərhələsini gözləyir. Insanlar siyasətlə maraqlanmasalar, siyasi partiyalara üzv olmasalar, dövlət, hakimiyyət onlara heç bir şey verməyəcək. Bu da siyasi partiyaların xeyrinə işləyən faktordur. AXCP-yə son zamanlar kütləvi qəbullar həyata keçirilib.

– Daha diqqət çəkən bir məqam inanclı kəsimin siyasi proseslərə qatılmasıdır. Bir neçə gün əvvəl Nardaranda keçirilən aksiya və səslənən siyasi bəyanatlar bunu sübut etdi. Bu tendensiyanı necə dəyərləndirirsiniz?
– Bu artıq Islamın fəlsəfəsinin bu ölkədə yayılmasını göstərir. Illər öncə aparılan Islam yas dini deyil təbliğatı nəticəsini verməkdədir. Din araşdırıldıqca görünür ki, burada insanlar ədalətli olmağa çağrılır. Araşdırma aparan zaman demokratiyanın təməl prinsipləri ilə Islam fəlsəfəsinin təməl prinsipləri arasında oxşarlıqların olduğu meydana gəlir. Bu inanclı kəsimlə demokratik müxalifətin arasında birgə yaşaya biləcək ideologiyalar mühiti yaradır. Hər bir inanclı insan bilir ki, ölkədəki korrupsiya, özbaşnalıq onu məcbur edir ki, onlara qarşı mübarizə aparsın.

MDI-yə qarşı təbliğat mənasızdır

– Hakimiyyət beynəlxalq təşkilatlara qarşı da münasibətdə ifrata varır. “Yeni Azərbaycan” qəzetinin son sayında MDI-nin ölkədə çevriliş hazırladığı barədə yazı dərc edib. Bu yanaşma hakimiyyətə nə vəd edir?
– Azərbaycanda ən ciddi problem ölkədə siyasətin yasaqlanması idi. Artıq siyasət Azərbaycana qayıdır. Amma YAP ideoloqları yenə primitiv formada siyasətə baxırlar. ABŞ hesabatını verə bilməyəcəyi fəaliyyətə girmir. Əgər xarici qüvvələrin Azərbaycanı təhdid etdiyi təbliğatı ilə hakimiyyət cəmiyyəti ətrafında səfərbər etmək istəyirsə, bu, absurddur. Bu, yanlış yanaşmadır. Insanlar hüquqlarının bərpasın istəyir. Vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətindəki fəaliyyətlərdə qəbahətli heç nə yoxdur. Məsələn, MDI-nin maliyələşdirdiyi QHT-lər bir xarakterizə ediləsi olsa, onların əksəriyyətinin hakimiyyətlə daha isti münasibəti var. Onların əksəriyyəti müxalifət təşkilatları ilə məsafə saxlayan qurumlardır. Regionlarda da eyni situasiyadır. Bu Gəncədə, Şəkidə də təkrarlanır.

– Builki seçkiləri əvvəlki seçkilərdən fərqləndirən xeyli cəhət var. Onlardan biri sosial şəbəkələrin ölkənin siyasi həyatına ciddi müdaxilə etməsidir. Bundan başqa, ölkədə hakimiyyətdən ciddi narazılıq var. Iqtidar eyni zamanda öz xarici tərəfdaşlarını itirib. Bütün bu məqamlar bu seçkidə hakimiyyətə nə vəd edir?
– Hakimiyyət uzun müddət televiziyaları alternativ fikrin üzünə bağlamaqla xeyli nəticələr əldə etmişdi. Amma internetin inkişafı, sosial şəbəkələrin yayılması ölkədə informasiya blokodasının qarşısını aldı. Artıq Azərbaycan insanı cəmiyyətdə hansı proseslərin baş verməsindən asılı olmayaraq həmin informasiya ilə həm qəzet, həm televiziya effekti ilə tanış ola bilir. Bu baxımdan sosial şəbəkə mühüm əhəmiyyət daşıyır. YAP sözçüləri ölkəmizdə internet forumunun keçirilməsindən heç bir il ötməsinə baxmayaraq, internetə müəyyən senzuranın tətbiqini vacib sayırlar. Bu ən primitiv yanaşmadır. Hakimiyyət bu mərhələdə ya dəyişməlidirlər, real islahatlara getməlidirlər. Ya da informasiyalı cəmiyyət mütəşəkkil gücə çevriləcək və onun qarşısında heç kim dayana bilməyəcək. Ona görə hakimiyyət əvvəlki taktika ilə seçkini keçirə bilməyəcək. Hakimiyyət əvvəlki tək siyasətini yürütmək üçün Şimali Koreya rejiminə oxşar sistem qurmalıdır.

– Hazırda gündəmdə daha bir mövzu müxalifətin inteqrasiyası ilə bağlıdır. Amma bu müzakirələrin fonunda eyni zamanda vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir…
– Azərbaycan xalqında seçki ilə hakimiyyətin dəyişəcəyinə inam hissi əvvəlcədən yox idi. 2010-cu ildə seçkilərdə seçicilərin siyasi aktivliyi 15 faizi keçmədi. Hazırkı seçki mühiti, qanunvericiliyi ilə normal seçki keçirmək qeyri-mümkündür. Hakimiyyətin göstərişi ilə istənilən qanunsuzluğu etməyə hazır olan insanları seçki məntəqələrinə yerləşdiriblər. Bu cür seçki komissiyaları ilə seçkiyə getmək və nəyəsə ümid etmək səhv olardı. Biz AXCP olaraq, partiyamızın sədri Əli Kərimlinin tutduğu siyasi kursa uyğun olaraq daim cəmiyyətə mesaj veririk ki, sizin problemlərinizin kökündə demokratiyanın olmaması durur. Demokratiyanın əsas təzahürlərindən biri azad seçkidir. Seçilən insanlar cəmiyyət qarşısında hesabat verməlidir. Biz cəmiyyəti azad seçki uğrunda mübarizəyə səsləyirik. Ona görə biz indidən vahid namizədin elan olunmasına tələsmirik. Daha böyük siyasi spektri əhatə edən birliyə ehtiyac var. Sonra bu birlik cəmiyyətə müraciət edərək toplumu demokratik seçkilər uğrunda böyük hərəkata səfərbər etməlidir. Bu gün demokratik seçki mühiti olmadan namizədliyin müzakirəsi yanlışdır. Çünki artıq yanvar ayından MSK seçici siyahılarını guya dəqiqləşdirib başa çatdırıb. Bu ölkədə bir neçə siyasətçi prezidentliyə namizədliyini elan edib. Amma biz eşitməmişik bu namizədlərin seçki qərargahlarından ölkə üzrə müəyyənləşdirilən siyahı ilə maraqlansınlar. Tam məsuliyyətlə deyirəm, bu siyahılar dəqiqləşdirilməyib və onlarda bir adamın adı bir neçə dəfə yazılıb. Hansı seçkiyə ümid bəsləmək olar ki, əsas məsələlərdən biri unudulub. Ona görə cəmiyyətin daha geniş konsalidasiyasına nail olmaq lazımdır. AXCP olaraq bizim siyasi iradəmiz bundan ibarətdir ki, cəmiyyətdə populyar olan Milli Şura adı altında vətəndaş cəmiyyətinin fəallarının, gənclərin iştirakı ilə böyük bir hərəkat yaradılsın.

Xəyal