İnformasiya-kommunikasiya təranələri ili

2009-cu il “Uşaq ili” elan edildi, eyni ildə ölkənin yeganə “Uşaq Teatrı” qapadıldı.
Yenə 2009-cu ildə Bakı “Islam mədəniyyətinin paytaxtı” elan edildi, eyni ildə məscidlər qıfıllandı.
2010-cu il “Gənclər ili” elan edildi, eyni ildə ölkənin iki ictimai fəal, yüksək təhsil almış gənci şərlənərək həbsə atıldı.
2011-ci il “Turizm ili” elan edildi, eyni ildə ölkənin iki jurnalistinin bir turizm obyektində – oteldə intim görüntüləri çəkildi, pik saatda rejim telekanalları ilə bütün ölkəyə nümayiş olundu.
2012-ci il “Idman ili” elan edildi, yay olimpiya oyunlarına lisenziya almaq üçün rüşvət verdikləri meydana çıxdı.
Gəldik 2013-cü ilə.
Ilham Əliyev bu ili “IKT ili” elan edib – yəni informasiya-kommunikasiya texnologiyaları ili.
Və dəyişən heç nə yoxdur, IKT ilində də ənənəyə sadiqdilər:
– “facebook”un bağlanması təklif olunur;
– internet fəalları qondarma ittihamlarla həbsə atılır;
– Mətbuat Şurasının əli ilə informasiya saytlarının “qara siyahı”sının hazırlanacağı elan edilir, xoşlarına gəlməyən saytların “reket” elan edilməsinə hazırlıq görülür.
Bu, sözü ilə əməli üst-üstə düşməyənlərin, bir dediyi digərini tutmayanların idarə etdiyi anlamına gəlmir təkcə.
Bu, həm də ömrümüzün illərinin bər-bəzəkli adlar altında necə oğurlandığı, məhv edildiyi deməkdir.
Siz siz olun, ayıq olun, ayaqda olun, 2014-cü ili bunlara verməyin.
Heyrət anı
Dünən Ermənistan Milli Statistika Xidmətinin saytında yer alan bir məlumat yayıldı.
O məlumatda Ermənistanın Azərbaycandan mal idxal etməsindən bəhs olunur.
Yox, mən buradan yaptokratlara “nə oldu, bəs deyirdiniz, müxalifət ermənilərə işləyir, indi deyin görək, sizdən ermənilərlə işləyən kimdir?” deyə səslənməyəcəm.
Ermənistana mal satan kimdir, nəçidir, mənə zərrəcə maraqlı deyil.
Məni bu heyrətə gətirir ki, corab istehsal edə bilmədiyimiz halda biz o bədbəxtlərə nə satmışıq, görəsən?!
Bir Rəsul Quliyev lətifəsi
Adam 18 ildir Qərbdə yaşayır.
18 il dediyiniz bir igidin ömrüdür.
Qərb dediyinizdə zatən əlavə sözə ehtiyac qalmır. Bilgisi, mədəniyyəti, dəyərlər sistemi ilə çağın çox önünə keçdiyini dartışmaq ayıb olar – onu sevsəniz də, sevməsəniz də.
Amma günlərdir Rəsul Quliyevin müsahibələrinə baxıram, açıqlamalarına, “facebook” statuslarına baxıram – zərrəcə dəyişməyib.
Danışıq tərzindən düşüncə şəklinədək gəlişən, kamilləşən heç nə yoxdur.
Hələ də o əyalətçi təfəkkürdə qalır. Hələ də “ay badbaxtlar” xitabından bir addım irəli getməyib.
Hələ də kitabsız, bilgisiz adam leksikonu ilə danışır.
Və ən gülməlisi:
18 il Amerikada yaşayıb özünü, sözünü, beynini dəyişməyən bu adam bir ölkəyə dəyişiklik vəd edir.
Lətifə başqa necə olur?
Lətifənin buynuzu olmur ki…
Yalan günündə doğulan həqiqət
Dünən 1 aprel – yalan günü idi.
Amma dünən həm də dəyərli dostumuz, usta yazarımız Zamin Hacının 40 yaşı tamam oldu.
Mən Zamin bəyə “yalan günündə doğulan həqiqət” deyirəm.
Bəli, o, yalnız həqiqətlərin, gerçəklərin yazarı deyil.
O özü də artıq bir həqiqətdir – bu ölkədə azad söz, vicdanlı söz, ləyaqətli söz indi həm də Zamin Hacının imzası ilə assosiasiya olunur.
Bir ölkənin azadlığa, ədalətə, çağdaşlığa qovuşması üçün bir qələm nəyi edə bilərdisə, ondan artığını edib Zamin bəyin qələmi.
O qələmi qırsa belə, heç vaxt sındırmayacağına inandığım tək-tük yazarlardandır.
40 yaşın qutlu olsun, Usta!
Yaxşı ki, bizimləsən.
Yaxşı ki, səninləyik!