Həbsxana arzulanan yer deyil. Çoxlarının dilindən “həbsxananı düşmənimə də arzulamaram” ifadəsini eşitmişik. Bəli, həbsxana cinayətkarların cəza çəkdiyi yerdir. Bizim ölkədə həbsxana öz təyinatını dəyişib. Hətta cinayət törətməyənlər də oranın “qonağı” ola bilir.
Bu ölkədə insanların ədalət istəməsi də, gənclərin “əsgər ölümlərinə son” deməsi də, cinayət sayılır.
Bu gün xeyli sayda insan siyasi baxışlarına görə qondarma ittihamlarla həbs olunub və bu həbslər davam edir.
Ancaq həbslər qorxu rolunu oynaya bilmir. Yüzlərlə gənc “məni də həbs edin”, “onsuz da Azərbaycan böyük həbsxanadı” mesajını verir. Dostlarının həbs olunduğu halda, özlərinin azadlıqda olmalarından utanc duyurlar, xəcalət çəkirlər. Artıq həbsxanalar ləyaqətli insanların ünvanına çevrilib. Insanlarda həbs olunmaq arzusu var.
Mən aksiyalarda zorla özünü polis maşınına soxanları, məhkəmələrdə mənə “sutka verin” deyənləri görmüşəm.
Bu ölkədə siyasi məhbus həyatı yaşayıb, illərlə məhbəsdə qalıb, ancaq azadlığa çıxan kimi mübarizəni daha qətiyyətlə aparan insanlar var. Rejimin sayəsində həbsxanalarda gəncləşmə gedir.
Belə getsə, həbsxanalarda yeni gənclər təşkilatı yaranacaq. Növbəti vəzifə kimi həbsxanalarda öz təbliğatımızı aparacağıq. Yaptokratiyanın sayəsində inqilab həbsxanalardan başlayacaq. Çox maraqlıdır, həbsxanada aksiya keçirsək bizi ordan hara aparacaqlar?
Rejimin sayəsində qorxunu “qətlə” yetirmişik.
Bu ölkədə təkcə korrupsiya faktları deyil, təqiblər, təzyiqlər, həbslər də adiləşib.
Indi hakimiyyətin yalan təbliğatı kimi, qorxu da ölüb.
Cənab yaptokratlar, üzrlü sayın. Daha qorxmuruq.
Tıxacları kim yaradır?
Bizim yollarımızın tıxaclı olması adi hal kimi qəbul edilir. Saat 5 üçün görüş verən adam, saat 1-də evdən çıxır. Bu bizim milli hesablama qaydamızdı.
Bəs bu tıxacları kim yaradır?
Qulaqlarımı mötəbər mənbə kimi qəbul edərək deyə bilərəm ki, ölkə başçısının ölkənin müxtəlif yerlərinə səfərləri narazılıqla qarşılanır. Dünən yenə Ilham Əliyevin Masazıra səfəri Bakı-Sumqayıt yolunu iflic eləmişdi. Bir nəfərin maşın gəzintisi, minlərlə insanı əsəbi vəziyyətə salır. Axı, dünyada prezident vəzifəsini tutan təkcə bizim əlahəzrət deyil ki. Başqa prezidentlərə baxıb, nəticə çıxarmaq olmazmı?
Prezidentin 30 dəqiqədən sonra keçəcəyi ərazidə, 30 dəqiqə əvvəldən maşınları, avtobusları qovub dar küçələrə salırlar. Hələ yayın qızmar istisində bunun ayrı “ləzzəti” var.
Onsuz da rüşvət, yaltaqlıq, şər-böhtan bu ölkədə tıxac yaradıb, heç olmasa avtobusa minib, kasıb komamıza getməyə maneçilik törətməyin.
Görünən budur ki, prezidentin səfərləri insanların planını, iş rejimini, görüş vaxtını iflic eləyir. Bəlkə Ilham Əliyevin səfər vaxtları qeyri-iş günü elan edilsin…
Devid Farlinin görmədikləri
“The New-York Times”in əməkdaşı Devid Farli Azərbaycana səfəri ilə bağlı məqalə yazıb. Məqalədə ölkədəki primitiv xidmət, qiymətlərin bahalığı, Viza problemi geniş yer alıb.
Devid qardaş, sən yaxşı qurtarmısan. Sən hələ saxta pulla tutulub, narkotika ilə həbs olunan adam görməmisən. Sən hələ yoxsulluğun aşağı düşdüyü halda, ünvanlı sosial yardım alanların sayının artdığını görməmisən. Sən hələ məhkəmədə hökm çıxarmalı olan hakimin, müşavirə otağına gedib Prezident Administrasiyasından zəng gözləməsini görməmisən. Sən heç xalqın yağlı yemək yeməsindən narahat olub, xalqın ürəyinin yağın əridənləri də görməmisən…

Həbs olunmaq arzusu
•