Şərlənən dindarın son xütbəsi hakimiyyəti hiddətləndiribmiş
“Onu bil ki, bu şəhadətlər, bu həbslər sənin axırına çıxacaq. Necə ki, Yezidin axırına çıxdı”
Martın 31-də həbs olunan ilahiyyatçı Hacı Tale Bağırzadə ilə bağlı Daxili Işlər Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Sabunçu Rayon Polis Idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb.
Ilahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb. Bu haqda “Azadlıq” radiosuna vəkil Anar Qasımlı deyib.
Saxlanılan zaman Tale Bağırzadənin yanında olan sürücüsünün barəsində isə 228.1 maddəsi(qanunsuz silah saxlamaq ) ilə cinayət işi başlanıb.
Hacı Tale Bağırzadə və sürücüsünün Sabunçu rayon Polis Idarəsində saxlandığı bildirilir.
Vəkil Anar Qasımlı deyib ki, işlə bağlı ətraflı məlumat ala bilmək üçün hələlik müstəntiqlə görüşə bilməyib. Görüş aprelin 2-də baş tuta bilər.
Qeyd edək ki, ilahiyyatçı alim 4 ay əvvəl azadlığa çıxmışdı. O Təhsil Nazirliyinin qarşısında hicabla bağlı aksiyada həbs olunaraq il yarım azadlıqdan məhrum edilmişdi.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimzadə Hacı Tale Bağırzadənin həbsini onun hakimiyyəti sərt tənqid etməsi ilə bağlayır.
Ötən gün isə Nardaranda ilahiyyatçının həbsinə etiraz olaraq aksiya keçirilib.
Hacı Tale Bağırzadə kimdir?
Tale Bağırzadə 1984-cü ildə Bakıda doğulub. Iqtisad Universitetini bitirib. Iranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə Iraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.
Onun məscidlərin birində xütbələrinin videogörüntüsü Youtube-da da yerləşdirilib.
Belə məlumatlar yayılır ki, Hacı Tale Bağırzadə martın 24-də məsciddə söylədiyi xütbəyə görə şərlənərək həbs olunub. Sosial şəbəkələrdə rezonans doğuran xütbəni ixtisarla oxuculara təqdim edirik:
Bu zalımların qarşısında dayanmaq lazımdır
“Hansısa bir nazirə söykənib aləmi bir-birinə qatır. Nə gəldi danışır, hara gəldi gedir, kimi istədi öldürür. Qanunsuzluq baş alıb gedir. Soruşanda niyə belə edirsən, deyir mənim adamım filankəsdir. Filan nazirdir, filan baş nazirdir, yaxud ölkənin başçısıdır. Sənin arxanda kim dayanıb? Sənin arxanda Allah dayanıb. Bəs sən niyə qorxursan? Niyə çəkinirsən? Onun adamı heç kimdir. Sənin söykəndiyin isə yerin-göyün xaliqidir. Indiki zalımlar, zalım hakimlər kimdir ki, fironların qarşısında. Bunlar dünən çıxıb ortalığa. Tarixin fironları olub, zalımları olub. Bunlar kimdirlər ki? Bunların yüzünü bir tərəziyə qoysan bir Firon ola bilməz. Allah Musaya dedi ki, Firon həddini aşıb. Get onunla danış. Birinci yumşaq danış, başa düşmədi sözünü de. Indi Allah bizlərdən kiməsə desə ki, ay filankəs, filan ruhani filan zalım çaşıb, hicaba qadağa qoyub, get sözünü de. Deyəcək, Ilahi, vallahi gücümüz yoxdur, ordumuz yoxdur. Silahımız-sursatımız yoxdur. Həzrəti Musa belə demədi. O bu sözləri demədi. Onun arxası Allah idi.
Bu gün biz fironların, zalımların qarşısında dayana bilmiriksə, özümüzdə problem var. Əgər bir insanın qəlbi geniş olsa, bir insan həqiqətən əqidə sahibi olsa, inansa ki, yerin, göyün sahibidir Allah və bilsə ki, Allah-Təala bizi bu dünyada imtahan üçün yaradıb, bu zalımların qarşısında dayanmaq lazımdır, vallahi o insan heç kimdən qorxmaz.
Hansısa boynu yoğun məmur olsun, kim olur-olsun, gəlib məscidin içində hökm edə bilməz
Bunların düşüncələri həqiqətən özlərini güzgüdə görüb, fikir yürüdürlər. Elə bilirlər ki, bir inanclı, bir islamçı, Tövhid (tək allahlıq) əqidəsinə malik olan insanı qorxuda biləcəklər. Sənin bütün dünyada olan zalımların yığışa, əgər biri həqiqi ideologiyaya sahibdirsə, müsəlmandırsa, Allaha inanırsa, onun qabağında dayana bilməz. Hamısı bizim öz problemlərimizdir. Görün biz, nə haldayıq ki, indiyə qədər danışa bilməmişik ki, bu gün bu məscidə gələ bilmərsən. Görün biz indiyə qədər susmuşuq. Nə qədər torpaqlarımızı Azərbaycanda işğal ediblər. Nə qədər yerləri alıblar. Haram-haram pullarla, xalqın pullarıyla. Hələ onların biz haqq-hesabını danışmırıq. Bu qədər xalqın torpağın əlindən almısan, neftini yemisən, pulunu yemisən, sot-sot torpaqlarla yer almısan, sənə söz deyən yoxdur. Gör nə qədər həddini aşmısan, indi gəlib məscidin içində hökmranlıq etmək istəyirsən? Bu həddi aşmaq deyil nədir? Bu yer Allahın yeridir. Məscid Allahın evidir. Hansısa boynu yoğun məmur olsun, kim olur-olsun, gəlib məscidin içində hökm edə bilməz.
Pulunu, malını, neftini, qazını hər bir şeyini alıb mənimsəyiblər
Biz sakit dayanırıq, biz səbr edirik, həddlərini aşırlar. Bu nə deməkdir, məscidə gəlmək olmaz. Qorxurlar da. Yığdıqları pullar, mülklər, var-dövlət əllərindən çıxar. Bundan qorxursunuz da deyin. Biz canımızı verəcəyik, malımızı verəcəyik, qorxmayacağıq, ancaq sizi də qoymayacağıq rahat yaşayasınız. Artıq vaxt keçib. Bu qədər xalqa zülm edəsən, bu qədər cinayətləri edəsən, özünü məsum aparasan. Bizlər deməliyik ki, xalqın torpağını işğal eləmisən çıxın. Bu sözlər ki, burada danışılır, kim bunları danışmalıdır? Cinayətkarlar danışmalıdır, yoxsa xalqın dinini, namusunu qoruyanlar? Erməni 20 faiz torpaqlarımızı işğal eləyib. Bir dərdimiz bu. Bəziləri də gəlib öz məmləkətimizdə, torpaqlarımızı işğal ediblər. Xalqın malını, mülkünü öz haqq-hesablarına keçiriblər. Pulunu, malını, neftini, qazını hər bir şeyini alıb mənimsəyiblər. Bununla kifayətlənməyib dindarların, cavanların da üstünə də gəlirlər. Əgər Allaha bir insanın etiqadı olar, bu məsələdə dönüklük göstərməz. Bu məsələdə kim geriyə addım atdı, bilsin ki, Allaha imanı yoxdur. O şeytan ordusu, şeytanın adamı gör nə qədər cürət tapıb, bizim üstümüzə gəlmək istəyir. Əgər sən həqiqətən Allah istəyən dinə, əqidəyə sahibsənsə, Allaha inanırsansa, güc səndədir. Güc bu günləri möminlərdədir. Onların rəbbi Allahdır.
Sənin o tüfəngindən, topundan, qara maskalın, göy maskalın, ağ maskalından bizə bu dünyada bir şey edə bilərsən. Biz demirik ki, heç nə edə bilməzsən, ancaq bu dünyada edə bilərsən. Bizi bu dünyada öldürə bilərsən, ancaq onu bil ki, özün də öləcəksən. Onu bil ki, bu şəhadətlər, bu həbslər sənin axırına çıxacaq. Necə ki, Yezidin axırına çıxdı, Imam Hüseyni şəhid elədi, Əməvi xilafəti silkələndi, vallahi artıq bu şeylər görünməkdədir. Bu günün Əməvi xilafəti silkələnir artıq. Qardaş, nə qədər başqa yerlərdən gəlib adama deyərlər ki, səni tutacağıq. Gəl, əgər sözün varsa bizim özümüzə de. Niyə qorxursan, niyə narahatsan? Niyə başqa adamları narahat edirsən bizə görə? Elə bilirsən onları narahat edirsən, biz öz yolumuzdan dönəcəyik? Atam da dayansa qabağımızda dönməyəcəyik.
“Zalımın istədiyini icra etməyin”
Biz Allahı yaxşı tanımamışıq. Əgər Allahı tanısaydıq, həm onun mərhəmətini, həm də onun cabbar sifəti var ha, zalımlardan intiqam alan, zalımları cəzalandıran Allah. Bizim bir Allahımız var həm mərhəmətlidir, həm mehribandı, həm də zalımın belini sındıran. Zalımları bir-bir aparacaq cəhənnəmə. Qəzzafilər hara getdi, Səddam Hüseynlər hara getdi? Allah bəzən zalımı zalım əliylə cəzalandırdı, bəzən də möminin əliylə. Bizim vəzifəmiz budur ki, Allaha imanımız olmalıdır.
Qardaş kimi xahişimiz budur ki, zalımın əlaltısına çevrilməyin. Zalımın istədiyini icra etməyin. Və bizə də zalımın sözünü aparıb-gətirməyin. Zalım əgər söz demək istəyirsə, biz qaçıb hansısa ölkədə gizlənməmişik. Öz vətənimizdəyik, harada istəsələr ordayıq. Biz qaçmamışıq, görünür qaçan onlardır. Bir canımız var, onu Allah yolunda inşallah verməyə hazırıq! Məscid haqqında söhbət getməsin. Bu məscid müzakirə mövzusu olmasın. Kimlərsə nəsə veriblərsə bu məscidə, söhbət xalqdan getmir, o pulun özü camaatın puludur. Yeyilən pullardır ki, verilib bura”.
Hacı Tale Bağırzadənin həbsinə AXCP-dən reaksiya
Taleh Bağırzadənin həbsinə münasibət bildirən AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov bunu “odla oynamaq” adlandırıb. N.Ədilov “islamazeri.com” saytına deyib: “Hacı Tale Bağırovu dürüst, ləyaqətli insan kimi tanıyıram. Onun sosial şəbəkələrdəki çıxışlarından görmək olar ki, Hacı Tale ölkəmizdə baş alıb gedən haqsızlığa qarşıdır. Hacı Tale bunun səbəbini mücərrəd anlayışlarda deyil, konkret adamlarda və vəzifə sahiblərinda görürdü və onları da tənqid edirdi. Tale bəy hökümətin tətbiq etdiyi molla obrazına girmir, bu cür davranışlara üsyan püskürür. Onun mübarizəsi şüurlu mübarizədir. Bildiyimə görə, Hacı Tale hələ erkən yaşlarından özü üçün şəhadət qüslü verənlərdəndir. Buna görə də, onu həbs edənlər bilməlidirlər ki, bu cür davranışlar odla oynamaq kimi şeydir. Mən hakimiyyətdə olub, başını itirməyənlərə səslənirəm: siz nə etdiyinizi bilirsinizmi? Tale qardaşımıza isə deyirəm: Həzrət Yusif (ə) məqamın mübarək, bəy!”.


