Əli Kərimli Rahim Hacıyevi təbrik etdi

AXCP sədri Əli Kərimi “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir.

Dəyərli dostumuz Rahim bəy. Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Siz Azərbaycan Milli Azadlıq Hərəkatının başladığı 80-ci illərin sonundan ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yeri və rolu olan fədakar insanlarımızdan birisiniz. İstər o zamanlar anti-Sovet təşkilatı kimi meydana çıxan “Yurd” birliyinin yaranmasında, istər milli azadlıq mübarizəsinə təkan verən tələbə hərəkatında, istərsə də Azərbaycan Xalq Cəbhəsinin təsis edilməsində əsas təşəbbüskarlardan biri, bu təşkilatların və hərəkatın fəal təmsilçilərindən olmusunuz.
AXC hakimiyyətdə olduğu dönəmdə xarici siyasət üzrə sədr müavini kimi təşkilatın fəaliyyətində mühüm rolunuz olub. Sonrakı dövrlərdə də Xalq Cəbhəsinin bir siyasi təşkilat, partiya kimi güclənib inkişaf etməsinə əhəmiyyətli tövfələrinizi vermisiniz. Günümüzdə həm AXCP rəhbərliyində təmsil olunmuş şəxs kimi, həm də İctimai Palatanın Koordinasiya Şurasının üzvü kimi partiyamızın və bütövlükdə müxalifətin, demokratik düşərgənin uğur qazanması naminə əlinizdən gələni edirsiniz.
Sizin həm də hazırda Azərbaycan xalqının əsas tribunası olan, şər rejimi ilə mübarizənin öncül media vasitəsinə çevrilən “Azadlıq” qəzetinin idarə olunmasında, qorunub saxlanmasında və güclənməsində böyük rolunuz var.
Hörmətli Rahim bəy. Siz bütün bu illər ərzində öz fəaliyyətinizə, gördüyünüz böyük işlərə görə xüsusi fərqləndirilməyə, hər hansı imtiyaza iddia irəli sürmədən, təvəzökarlıqla çalışmısınız, bilik və bacarıqlarınızı xalqımızın işıqlı gələcəyi naminə ümumi fəaliyyətimizə yönəltmisiniz. Sizi hər zaman fərqləndirən başlıca cəhətlərdən biri də elə bu xüsusiyyətinizdir.
Siz, dəyərli Rahim bəy, prinsipial mübarizə yoldaşı olmaqla yanaşı həm də çox yaxşı və sədaqətli dostsunuz. Sizinlə təkcə çətin, ağır sınaqlara dolu mübarizə yolunu birgə addımladığımız yox, həm də dostluğumuz bizlər üzün qürur mənbəyidir.
Hörmətli Rahim bəy. Sizi bir daha 50 yaşınızın tamam olması münasibətilə özümün və böyük Xalq Cəbhəsi ailəsinin adından təbrik edirəm. Arzu edirəm ki, ömrünüzün qalan hissəsi də həyatınızdakı bu cür qürurverici nüanslarla zənginləşsin, minlərin, onminlərin sevimlisi olaraq qalasınız.
Dərin hörmət hissi və ən xoş diləklərlə,

AXCP sədri Əli Kərimli