“Repressiyalar daha kütləvi qorxu yarada bilmir”

AXCP sədri Əli Kərimli hakimiyyətin son repressiyaları qarşısında cəmiyyətin geri çəkilməməsi, ictimai etirazların davam etməsi, gənclərin daha da fəallaşması haqda yeni, pozitiv məqam kimi bəhs edib. Əli Kərimli “Facebook” səhifəsində hakimiyyətin basqılarının niyə daha kütləvi qorxu yarada bilmədiyinə cavab axtarıb. AXCP sədri yazır:

-Fəal gənclərə qarşı həbslərin davam etdiyi bir vaxtda AXCP Gənclər Komitəsinə 38 nəfər yeni üzv qəbul olunub. Əminəm ki, NİDA hərəkatına da yeni üzvlər qəbul olunur. Nə baş verir? Repressiyalar gənclər arasında niyə kütləvi qorxu yarada bilmir?
Əvvəlcə onu xatırlayaq ki, insanlar ümumiyyətlə hansı hallarda kütləvi şəkildə qorxularına qalib gəlib, qəhrəmanlıqlara imza atırlar. Vətənin taleyi darda olanda, insanların milli və dini hisslərinə toxunulduqda, ədalətsizlik, o cümlədən sosial ədalətsizlik çox olanda, insanın şərəf və ləyaqətindən söhbət gedəndə, azadlığı və əmlakı əlindən alındıqda, daha itirməyə bir şey qalmayanda insanlar kütləvi şəkildə qorxularına qalib gəlirlər. Mübarizəyə qoşulan gəncləri də sadaladığım motivlər etiraz hərəkatına qoşub və onları məğlubedilməz edib (O başqa söhbətdir ki, kimin üçün hansı motiv önəmli olub).
Bu ümumi səbəblərlə yanaşı gənclərimizi ürəkli edən konkret səbəblər də var. Gənclər hiss edirlər ki, onların mübarizəsinə xalqın böyük çoxluğu rəğbətlə yanaşır. Onlar nəinki tək deyillər, əksinə çoxluğu təmsil edirlər. Onlar yaşadıqları məhrumiyyətin müqabilində çoxlu yeni dostlar, xalqın məhəbbətini qazanırlar. Gənclərimiz bilirlər ki, bu ölkədə demokratiyanı bərqərar etmək sıradan yox, tarixi bir vəzifədir. Bu tarixi yazanlardan biri olmaq isə böyük şərəfdir. Gənclərimiz həm də inanırlar ki, rejimin sonuna çox qalmayıb. Bu yolda çətinliklər olsa da, sonunda qələbə görünür. Həm də çox aydın görünür.