BDU-nun yataqxanalarında məskunlaşan qaçqınlar ev tələbilə Mətbuat prospektini bağladılar
Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər aprelin 2-də günorta saatlarında Mətbuat prospektində yolu bağlayıblar. Əraziyə cəlb olunmuş polis əməkdaşları yolu açmağa nail olsalar da, etiraz aksiyasınını yatıra bilməyiblər. Məcburi köçkünlər sona qədər etirazlarını bildirəcələrini söyləyiblər. Xatırladaq ki, bu yataqxanada son vaxtlar narazı adamların etirazı intensivləşib.
İcra Hakimiyyəti pul yığır?
Ağdam, Füzuli, Xocalı rayonlarından didərgin düşmüş məcburi köçkünlər onlara ev verilmədiyindən şikayətçidilər. Məcburi köçkünlər bildirdilər ki, Yasamal rayon Icra Hakimiyyətinin nümayəndələri Nigar və Elman adlı şəxslər onlardan rüşvət tələb edir. Bu tələbə əməl edənlər dərhal evlə təmin olunur. Hətta Nigar adlı xanımın 80 yaşlı xalasının tək yaşamasına baxmayaraq 2 otaqlı ev almasını da iddia edirlər. Məcburi köçkünlər deyirlər ki, evlə təmin eləməmiş binanın söküntüsünə başlayırlar.
Problem ondan başlayıb ki, 5 nömrəli binanın sakinlərinin köçürülməsi dayandırılaraq 7, 8, 9 nömrəli binalardan pərakəndə şəkildə köçürülmələr başlayıb. Köçkünlərin dediyinə görə, kim Icra Hakimiyyətinə hörmət edirsə, onu qabağa salırlar.
Məni hökumət sındırdı
Ağdam sakini Nazilə Qurbanova deyir ki, astma xəstəsidi, şəkəri var, zobdan əziyyət çəkir. “Əgər mənim on min manatım olsaydı, özümü müalicə edərdim”.
Rəşid Qocayev Qarabağ əlilidi, bədənində qəlpə gəzdirir. Deyir ki, mən əsəbi adamam. Məni qəsdən o həddə çatdırmaq istəyirlər ki, özümü yandırım. “Mən erməniyə qan uddurmuş adamam. Erməni məni sındıra bilmədi, amma bunlar sındırdı”.
Esmira Qocayeva uşaqlarının ikisinin də astma xəstəsi olduğunu deyir: “Həkim deyir ki, bu nəmişlikdə yaşamaq uşaqlarının axırına çıxacaq. Biz də neçə ildir dözmüşük ki, ev veriləcək. Indi də bu cür başımıza oyun açırlar”.
Torpağımız alınmayacaq
Məcburi köçkünlər hesab edirlər ki, evlərin bölgüsündə də ədalətsizlik var. Adam var ailəsi 16 nəfərdən ibarətdi, ancaq 4 otaqlı ev verirlər. Yaxud ana 3 övladı ilə 1 otaqlı evlə təmin edilir. Yataqxananın sakinləri bildirdilər ki, onsuz da bu hökumət bizim torpağımızı alan deyil. 16 manat çörək pulu ilə başımızı aldadırlar. Heç olmasa ömrümüzün qalan hissəsini insan kimi yaşaya bilməyimiz üçün normal evlə təmin etsinlər.
Məcburi köçkünlər yaşadıqları binanı, ömür sürdükləri otaqları bizə göstərərkən ağlayırdılar. Üfunət, nəmişlik, uçub-tökülmüş tavan müharibə şəraitini xatırladırdı.
Ürək dağlayan sözlər
– Bizi erməni öldürə bilmədi, ancaq bu varlı ölkədə əsəbimizdən, kasıbçılıqdan öləcəyik.
-Axı bu uşaqlar sabahın əsgəridi, biz bu uşaqları bu ölkə üçün böyüdürük. Amma bu cür münasibətlə böyüyə biləcəklərmi?
– Niyə bizə qarşı bu cür düşmən münasibəti bəsləyirlər, onsuz da Xocalıda hər şeyimizi itirmişik.
Rəsmi münasibət
Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsindən məsələyə münasibət bildirilib: “BDU-nun yataqxanasında 10-12 məcburi köçkün ailəsi var ki, onların evlə təmin olunmaq iddiaları tamamilə əsassızdır. Həmin şəxslər məcburi köçkün olmayan vətəndaşla ailə qurublar. Bunlar əsasən xanım məcburi köçkünlərdir. Onların həyat yoldaşları məcburi köçkün deyil, ancaq ev tələb edirlər. Bu iddia əsassızdır. Orada komissiya var. Komissiya şikayətlərə baxıb qanunamüvafiq olaraq cavab verəcək. Qanunvericiliyə əsasən, məcburi köçkün statusu ailə başçısı ilə tənzimlənir. Ailə başçısı məcburi köçkün deyilsə, onun övladları da məcburi köçkün deyil. Yalnız xanım məcburi köçkün statusunu saxlayır”.
İlham Hüseyn