Xalq haqqında son qeydlər – 2

Hələ mən onu demirəm ki, bütün xalqı irticaya qarşı mübarizənin önündə görmək nə qədər doğrudur? Indiyədək tarixdə bunun hər hansı örnəyi varmı? Axı indiyədək nə zaman və hansı ölkədə xalq elliklə ayaqlanıb, bir nəfər kimi meydanlara çıxıb, küçələrə axışıb və öz haqlarını, hüquqlarını təmin etməyə nail olub? Varmı belə nümunə? Bəlkə mən xatırlamıram, bəlkə sizə belə bir örnək məlumdur? 
Xalqın heç vaxt əbədi sevgisi və nifrəti olmur. O bu gün xilaskar gördüyünü sabah çox asanlıqla cinayətkar elan edə bilər və ya əksinə. Ona görə də xalqı yaptokratiyanın dayağı hesab edənlərlə razılaşsaq belə, bu, heç nəyi dəyişmir. Çünki xalq bir anda yaptokratiyanın qəniminə də çevrilə bilər. 1993 və 1998-ci illəri xatırlayaq və müqayisə edək. Əvvəlcə Heydər Əliyevə “sonsuz ümumxalq məhəbbəti”nin başgicəlləndirən eyforiyası, cəmi 5 il sonra isə həmin eyforiyanın sabun köpüyü kimi yox olması, yerində get-gedə artan, güclənən qəzəb duyğusu, nifrət hissi. Bir sözlə, xalq hər nə qədər yanlış seçimlər, tərcihlər içində olur olsun, o yanlışlardan dönmək, o yanlışları düzəltmək bacarığına da sahibdir. Yetər ki, onun həqiqətə dönməsinə kömək edən adamlar olsun.
Tarixi təcrübə göstərir ki, hər zaman Xeyir uğrunda, Şərə qarşı mübarizəni xalqın passionar bir hissəsi aparır. Hətta bəzən onları nəinki hakim güc, elə xalqın özü xor görə, dışlaya bilir. Amma bu, heç vaxt və heç yerdə azadlıq, hüquq, ədalət kimi dəyərlər uğrunda mücadilədən soyumağa, o mücadilənin içində olmamağa, o mücadilədə hər cür məşəqqətə, məhrumiyyətə rəğmən, sonadək yürüməməyə əsas vermir.
Gəlin unutmayaq: “Xalq üçün, amma xalqsız!” – tarixə damğasını vuran bütün böyük devrimlərin, mübarizələrin əsl mahiyyəti məhz bu devizdə gizlidir.
Ona görə də xalqın öz taleyinə biganəliyini, onun prosesə yad, biganə münasibətini, öz məişət qayğıları ilə uğraşmasını, lap elə onun danışıq, davranış mədəniyyətindən uzaqlığını Şərə qarşı mübarizəyə qoşulmaqdan imtina etmək, ya da bu mübarizəni yarıda buraxıb kənara çəkilmək üçün bəhanəyə çevirənlər adama hədsiz miskin görünürlər. Unutmamaq lazımdır: marşrut avtobusunda gəyirən, metro vaqonunda anqıra-anqıra danışan adama görə acığa düşmək və bəşəri dəyərlərin qələbəsinə kömək etməkdən yaxasını çəkmək marşrut avtobusunda gəyirməkdən, metro vaqonunda anqıra-anqıra danışmaqdan daha pis, daha tərbiyəsiz və əxlaqsız hərəkətdir.
Bəzən deyirlər ki, bizim xalq başına gələnlərə, gətirilənlərə layiqdir, onun aqibəti elə belə də olmalı idi. Faşistcə bir yanaşmadır.
Bəyəm bir xalqın Ədalət Şükürovun heyranı olması onu ədalətsiz idarə etməyə əsas yaradırmı?
Bir xalq cəhalətdən əziyyət çəkirsə, məgər bu, onun əzilməsinə haqmı qazandırır?
Bu, təxminən ona oxşamırmı ki, bir həkim ömründə kitab üzü açmadığını, gecə-gündüz palatka müğənnilərini dinlədiyini, düşük ulduz müsabiqələrinə SMS göndərdiyini əsas gətirib hansısa xəstəni müalicə etmək əvəzinə onun ağzına yastıq basıb, öldürsün. Belə bir məntiq ola bilərmi? Bu hansı əxlaqa və vicdana sığardı?
Axı bəşəri dəyərlər uğrunda mübarizə həm də onun üçündür ki, xalqların mədəniyyətə, çağdaşlığa yolu açılsın. O, düşdüyü cəngəllikdən, gömüldüyü bataqlıqdan xilas olsun və sivilizasiyaya qoşulsun.
Bu, mənim xalq mövzusunda son yazımdır. Bir daha bu mövzuya vaxt və enerji sərf edəcəyimi düşünmürəm. Daha ciddi mövzular, daha taleyüklü məsələlər var.
Nöqtəni isə belə qoymaq istəyirəm: xalqda sevmədiyiniz, qəbul etmədiyiniz hansısa keyfiyyətlər ola bilər, amma bu heç kimə onun haqqını tapdalamağa əsas vermədiyi kimi, heç kəsə də onun haqlarının bərpası uğrunda mübarizədən kənarda qalmağa bəhanə vermir.
Bu cür bəhanələr öz qorxaqlığını və mütiliyini malalamaqdan başqa bir şey deyil.
Xalqın kitab oxumadığını, meyxanasevərliyini, canım sizə desin, mentallığını üzünə tutub Şərlə mübarizədən qaçmaq, Şərlə mübarizədən imtina etmək elə Şərə xidmətin başqa adıdır.
Rəşadətin atılan dırnağı
Ilham Əliyev gənclərlə bağlı iki dövlət proqramı qəbul edib.
O dövlət proqramlarının icrası üçün bir ətək pul xərcləyib.
Məqsəd aydındır – heydərçi gənclər yetişdirmək.
Amma gəl gör ki, qoyulan bu qədər mayaya, dövlət proqramlarına rəğmən, bu gün rejimin başı yaşından çox qoca, qartımış gəncləri arasında Rəşadət Axundovun atılan dırnağı belə yoxdur.
Bunu özləri də bilirlər. Bilirlər ki, artıq bu ölkənin gələcəyi birmənalı şəkildə Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli kimi gənclərlə bağlıdır.
Bir az da buna görə qəzəblidirlər. NIDA-ya, etirazçı, vicdanlı, mübariz gəncliyə qarşı səlib yürüşü bir az da buna görədir.
Həm səltənətlərinin sonunun yaxınlaşdığına görə qorxur, qorxduqları üçün də qorxudurlar?
Həm də Azərbaycanın sabahının Rəşadlarla, Rəşadətlərlə, Üzeyirlə bağlı olacağını anladıqları üçün əsəbiləşirlər, aqressivləşirlər. Repressiya maşınını işə salmaqla da bunun önünü kəsmək istəyirlər.
Alınmayacaq.
Gəncliyə savaş açanlar məğlubiyyətə məhkumdurlar.
Biz son həbslərin timsalında məhz yaptokratiyanın gələcək qarşısında həmin məğlubiyyətinin ayaq səslərini eşidirik.
Bu, nə pafosdur, nə populizm.
Mən heç Amerika da kəşf etmirəm.
Bunun adi, sadə həqiqət olduğunu tezliklə birlikdə görəcəyik.
Susmuş vicdanlara sual
Bir neçə gün əvvəl “Neftçi”nin futbolçusu bir yol qəzasında iki qadını idarə etdiyi avtomobillə vurdu.
Qadınlardan biri yaralandı, digəri dünyasını dəyişdi.
Ertəsi gün qəzanı törədən futbolçunu oynadığı klubun prezidentinin zaminə götürüldüyü açıqlandı.
Halbuki Nigar Yaqublu olayında səhv etmirəmsə, 10 yaxın deputat zaminlik üçün müraciət etmiş, amma rədd cavabı verilmişdi.
Bu, saxta, təyinatlı parlamentin nəinki toplumun, hətta rejimin öz gözündə belə, heç bir dəyər daşımadığının göstəricisidir.
Indi Nigar olayını siyasiləşdirməməyə çağıran susmuş vicdanlardan, vicdanın “v”sindən belə məhrum kəslərdən soruşuram:
Azacıq səmimiyyətiniz, ədalət hissiniz qalıbsa deyin:
Iki qadını vuran avtomobilin sükanı arxasında bir futbolçu deyil də, bir ictimai fəal, bir müxalifətçi olsaydı, yenə zaminliyə buraxılardımı?
Təcrübədən bilirik ki, bunun üçün mində bir ehtimal belə yoxdur.
Elə isə bu gün dönüb geriyə baxdığınızda, Nigar hadisəsində “siyasiləşdirməyin!” deyə qara-qışqırı saldığınıza, saçınızı-başınızı yolduğunuza görə heç alnınıza xəcalət təri gəlirmi, heç utanırsınızmı, heç üzünüz qızarırmı?
Cavabını bilirəm, amma dedim, bir də özünüzdən soruşum.