Zaur Qurbanlıya qarşı da silah ittihamı irəli sürüldü
Gözəl Bayramlı: «NIDA»çıları öz üzvlərimiz kimi müdafiə edəcəyik”
Bu ilin yanvarında Bakıda keçirilən “Əsgər ölümlərinə son!” və Ismayıllı sakinlərinə dəstək aksiyalarında etiraza çıxmış gənclərin artıq ciddi qüvvəyə çevrildiyini görən hakimiyyət onları zərərsizləşdirmək üçün çıxış yolunu kütləvi həbslərdə gördü. Xeyli vaxtdır ki, fəal gənclərin silah və narkotiklə şərlənməsi yolu ilə həbslər həyata keçirilir.
Dünən “NIDA” Vətəndaş Hərəkatının daha bir üzvü – Zaur Qurbanlı da həbs olunub. Beləliklə, son bir ayda həbs olunan “NIDA”çıların sayı 7 nəfərə çatıb.
Zaur Qurbanlı əvvəlcə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparılıb. Ona qarşı CM-nin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah, partlayıcı maddə saxlama, gəzdirmə) maddəsilə ittiham irəli sürülüb. Daha sonra o, Nəsimi Rayon Məhkəməsinə aparılaraq, istintaq dövrü üçün barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
Zaur Qurbanlının vəkili Xalid Bağırov “Azadlıq”a açıqlamasında bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək: “Zaurla danışmışdıq ki, onu istintaqa çağırsalar, birlikdə gedəcəyik. Bu gün (dünən-red.) mənə istintaq idarəsindən zəng gəldi. Onda başa düşdüm ki, Zauru iradəsindən kənar aparıblar. Məlum oldu ki, saat 15:00 radələrində onu Opera və Balet Teatrının qarşısından aparıblar. Ona ittiham elan olundu. Sonra isə Nəsimi məhkəməsinə apardılar. Hakim Şahin Abdullayevin icraatında onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Məhkəmənin bu qərarından apelyasiya şikayəti verəcəyik”.
“NIDA”nın Idarə Heyətinin üzvü Aygün Pəncəliyeva “Azadlıq”a bildirib ki, hakimiyyətin repressiyaları nəticəsində Idarə Heyətinin 7 üzvündən 3-ü artıq həbsdədir. Onlara qarşı irəli sürülmüş ittihamların qondarma olduğunu deyən Aygün Pəncəliyevanın sözlərinə görə, heç məhkəmə keçirməyə də ehtiyac yoxdur. Çünki cinayət işi başdan-ayağa şər-böhtan üzərində qurulub.
“Hakimiyyət bu yolla gözümüzü qorxutmağa çalışır. Amma bu alınmayacaq”, – deyə Aygün Pəncəliyeva bildirib.
Siyasi partiyalar “NIDA”çı gənclərin müdafiəsinə qoşulacaqmı?
AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, təmsil etdiyi partiya kimliyindən asılı olmayaraq, haqsız həbs olunmuş hər kəsin müdafiəsinə qalxacaq. Gözəl Bayramlı yada salır ki, AXCP sədri Əli Kərimli də “NIDA”çıların həbsinə dərhal kəskin etirazını ifadə edib.
“Biz bu cür həbslərə həmişə konkret mövqe bildirmişik. Partiya bəyanatla çıxış edərək öz etirazını bildirib. ”NIDA”çılarla bağlı bütün kampaniyalarda, aksiyalarda yaxından iştirak edəcəyik. Biz həbs olunmuş gəncləri elə cəbhəçilər hesab edirik və onların hamısını öz üzvlərimiz kimi müdafiə edəcəyik”, – deyə Gözəl Bayramlı vurğulayıb.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə bu həbslərin ölkədəki köklü dəyişikliklərin qarşısını ala bilməyəcəyini deyir: “Hakimiyyətin repressiyaları builki prezident seçkilərinə hesablanıb. Bu il də seçkini saxtalaşdırmaq yoluyla hakimiyyətdə qalmaq istəyirlər. Biz isə bunun qarşısını almaq üçün birləşməliyik. Köklü dəyişikliklər uğrunda mübarizə aparan hər kəs birləşməlidir”.
Bəyim Həsənli