Bir zamanlar çar Rusiyasını xalqlar həbsxanası adlandırırdılar. Gerçəkdən də belə olmuşdu. Sonradan o Rusiyanın yerində qırmızı Rusiya-SSRI yarandı və heç nə dəyişmədi. Dəyişən sadəcə həm xalqların, həm də Rusiyanın rəngi oldu. 90-cı illərdə SSRI dağıldı, müttəfiq və “qardaş” respublikalar azadlığa çıxdı, ancaq bu respublikaların qanında imperiya virusu qaldığına görə bu dəfə onlar metropoliya rolunu oynamağa başladılar. Hər dövlət özünü imperiya kimi apardı, hər prezident imperator kimi, ama müstəmləkə üçün obyekt olmadığından adamları işğal eləyib öz əsarətlərinə saldılar. Hər adam bir müstəmləkə kimi inləməli, imperiya və imperator üçün işləməli, onu yedizdirməli, ona boyun əyməli, əmrlərini sözsüz-sovsuz yerinə yetirməli və nəsibinə düşən artıq-urtuğa, qəpik-quruşa görə şükür etməliydilər.
Bu mərhələ də başa çatdı. Yaşlılar, hərəsi bir cür ram edildi. Lakin yeni pöhrələr görünməyə başladı – arxadan gənclər gəlib çıxdı və imperatora boyun əymək istəmədilər. Görünür, imperator and içib və qəti tapşırıq verib: “Bir başıpapaqlı (gənc) qalmamalı!..”. Bir zamanlar firon da Musa peyğəmbərin xəbərini alıb belə əmr etmişdi – filan tarixdə doğulan körpələrin hamısı qətl edilməli! Indi hər biri azadlıq yolunun bir Musası olan gənclər üçün də belə hökm verilib: Özünü kişi sayan bütün gəncləri həbs etməli! Guya bununla imperiya və imperatorun taxt-tacını qoruyub-saxlaya biləcəklər. Beləliklə, indi düşünmədən bu ölkəni gənclər həbsxanası adlandırmaq olar.
“Nida” Idarə Heyətinin üzvləri Rəşad Həsənov, təşkilat üzvlərindən Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlunun həbsindən sonra idarə heyətinin daha iki üzvü həbs edildi. Idarə Heyətinin üzvləri – Üzeyir Məmmədli və Rəşadət Axundov. Növbədə kimlər var? Hərəkatın yerdə qalan üzvləri FB-də özləri təxmini siyahı yaradıblar. Əjdaha ağzını açıb, qurban tələb edir.
Bu arada “Azadlıq” qəzetinin yenicə Türkiyədən dönmüş şöbə müdiri daxili işlər naziri Ramil Usubova məktub ünvanlayıb, izlənilməsi haqda xəbər verib və bundan sonra öz həyatı ilə bağlı bütün məsuliyyətin dövlətin üzərinə düşdüyünü bildirib. Bir növ dövlətə dövlətin özü haqda xəbər vermək kimi. Izləyənlərdən biri Seymur bəyin tanıdığı şəxsdi. O, 2011-ci ildə oğurlanıb vəhşicəsinə döyüləndə həmin şəxs də mafiyalaşmış dövlətin həmin adam oğurluğu əməliyyatında iştirakçı olub.
Seymur Həzi də, həbs edilən nidaçılar da bu yaxınlarda yazdığım o 284 nəfərdəndi. Yəni Avropaya sığınacaq üçün 2012-ci ildə azalmış 284-lərdən. Seymur, çox rahatca Avropaya sığınacaq üçün müraciət edə və çox asanlıqla buna nail olardı. Çünki onun üstündə mafiyalaşmış dövlətin çox “əməyi” olub. Lakin Avropadan imtina edib. Türkiyədəki jurnalist fəaliyyətini zorən yarımçıq kəsərək vətənə qayıdıb. Ancaq dediyim kimi, qayıtmaya, hansısa bir yolla Avropaya gedə və sığınacaq ala bilərdi. Istəməyib. Çünki Seymur da bütün 284-lər kimi sabahın çox yaxında olduğuna inanan kəslərdəndi. Hətta uzaq olsa belə, bu, onun üçün heç nəyi dəyişmir. O, gözlərinin içinə dik baxaraq düz ölümün üstünə gəlib, ancaq öz ölümünün deyil, rejimin ölümünün. Seymur da başqa gənc dostları kimi ölümü öz içində çoxdan dəfn edən biridi.
Görəsən gerçəkdənmi hakimiyyət başçılarına elə gəlir ki, bu gəncləri həbs etməklə nəyinsə qarşısını almaq olar? Inanmıram. Bir gedənin yerinə ikisi gəlir, bir dağıdılan təşkilatın da yerinə üçü yaranır. Belə çıxır ki, söhbət ancaq qisas almaqdan gedir. Qisasla hakimiyyəti əldə saxlamaq olarmı? Qisasla sevgi qazanmaq olarmı? Güman etmirəm. Lakin diktaturalar erasının başa çatmasına söz ola bilməz. Artıq hər gün Əsədin də qara xəbərləri gəlir. Həmişə belə olur: əvvəl-əvvəl hər gün gənclərin həbs xəbəri gəlir, sonunda isə diktatorların qara xəbəri.

Gənclər həbsxanası
•
•