9

Əliyevçiliyi əzən gənclik

Keçmişin paslı dəmir kilşələrinə beynindən qaynaq olunmuşlar bu gəncliyə nə edə bilər axı?!

Daha iki “NIDA”çı həbs edildi. Ondan əvvəl isə bu təşkilatın 20 yaş civarında üç üzvü və qurumun Idarə Heyətinin üzvü həbs edilmişdi. AXCP Gənclər Komitəsinin iki üzvü də hakimiyyətin qəzəbinə tuş gəlib. Cəbhəçi gənclər illərdir bu repressiya ilə üz-üzədilər…
Hakimiyyətin körpə fidanlara qarşı aqressiyası isə Cabbar Savalanlıdan başlayır. AXCP Gənclər Komitəsinin ən gənc üzvlərindən olan Cabbar rejimin ilk belə qurbanı idi.
Indi isə vəziyyət xeyli dəyişib. Meydanda təkcə AXCP Gənclər Komitəsi yox, yeni qüvvələr və simalar da var. Köhnə kommunistlərin qurduğu Yeni Azərbaycan Partiyası isə yenilikdən qorxur – cin misdən qorxan kimi. Ilham Əliyevin komandasındakı ortalama yaşı yetmiş olan “babalar” öz nəvələrinə qarşı savaşırlar. Özü də gələcək uğrunda. Siz deyin, onların şansı varmı?

Onlar oxumaq istəyirlər…

9


Əliyevlər öz “xalq”larını yetişdirmək üçün çalışırdılar. Təhsili məhv etmək, insanları toplum dəyərlərindən çıxarıb sürü qaydaları ilə idarə etmək istəyirdilər. Gənclərdə ucuz zövq formalaşdırmaq, onları Ceyhun Osmanlıların, Taleh Heydərovların fanatına çevirmək, Əliyevlər ailəsinin sadiq təbliğatçısı kimi yetişdirmək planı gələcəyimizin səmalarında bir kabus kimi dolaşırdı. Fəqət, bu gəncliyin  içindən çıxan iradəli, aydın görüşlü bir nəsil bu kabusu öz gələcəyinin səmalarından qovmaqda israrlı oldu.
Bu gün Azərbaycan gəncliyinin mübarizə aparan nəsli həm də ədəbiyyata, elmə ciddi maraq göstərir. Pərviz Cəbrayılın, Elnur Astanbəylinin, Seymur Baycanın, Günel Mövludun və bir çox yazıçılarımızın oxucunun olmadığı bir zamanda yazmaq israrı bu gün minlərlə oxucunun yetişməsinə səbəb oldu. Bu oxucular indi həm də mübarizənin önündədilər. Fərqli estetikalar, düşüncələr, metodlar mühiti zənginləşdirdi, mübarizəyə yeni ritorika gətirdi. Bu gün Azərbaycan gəncliyi ilk növbədə oxumaq, təhsilli olmaq savaşı verir. Bu gəncliyin hədəfi öncə bilməkdir. Bilənlərə qarşı olanların işi çox çətindir, bunu isə Əliyevlər BILMIR.

Tarix üz döndərəndə…

Volter deyirdi ki, yaratmadığınız heç nə sizin deyil. Bütün hədiyyələr etibarsız sevgili kimidir – bir gün sizdən sormadan sizi tərk edəcəklər. Biz öz azadlığımızı yaradarkən onun məhz bizim olduğuna əminliyimizdən bu qədər iddialı və iradəliyik. Hakimiyyət isə bu gücü başqalarından aldığını və o “başqaları”nın onlardan üz döndərdiyini bildiyi üçün bu qədər inamsız və isterika içində saldırır, məhv etmək istəyərkən özünün sonuncu damla enerjisini də xərclədiyinin fərqində olmur, sonunu yaxınlaşdırır.
Gənclik isə bir toplumun tükənməyən sərvətidir. Daim yenilənən, çirklənməyən, onun təmiz dəyərlərini gələcəyə ötürən, bu dəyərləri yeniləyən, çağa uyğunlaşdıran qüvvədir. Keçmişin paslı dəmir kilşələrinə beynindən qaynaq olunmuşlar bu gəncliyə nə edə bilər axı?! O köhnə beyinlilər anlamırlar ki, onlardan üz döndərən öz taleləridir, tarixdir, dialektikadır, sinergetikadır. Ən başlıcası, onlardan üz döndərən gələcəyin özüdür.

Qolumuzdakı qandalları sevirik…

Bir toplumu ac saxlamaq da olar, onu biyara təhkim etmək də olar. Amma gəncliyin iddiası yarandısa, bütün bunların hamısı “olmaz”lar sırasına girir.
Bu gün Azərbaycan gəncliyinin “Azadlıq!” şüarı ilə havalara qalxan qolları qandal görüb. Rejimin dəmir qandalları bu gəncləri yolundan döndərə bilərmi? Əsla. Çünki bizim biləyimizdə heç vaxt açılmayacaq başqa bir qandal var. O, azadlığın qandalıdır. Biz sevərək azadlığa əsir olmuşuq. Bizimlə savaşanlar isə öz pis niyyətlərinin əsiridilər. Gələcəyə nifrət edən, ondan heç nə gözləməyənlərdir. Vay belələrinə nökərçilik edənlərin halına…