Indi mən nə vaxt bu xalqın dəyişiklik potensialı və əzmi haqda yazıram, bəzi dostlar 2000-ci illərin ortalarına qayıdır, o vaxt xalqı, onun söykəndiyi dəyərlər sistemini tənqid edən yazılarımı xatırladırlar.
Əslində xalqla bağlı düşüncələrimdə dəyişən çox şey var, doğrudur. Amma dəyişməyən də çox şey var. Məsələn, mən onda da inanırdım, indi də inanıram ki, dünyanın hər yerində xalq – plastilindir, ondan istədiyinizi düzəldə bilərsiniz. Necə ki, Heydər Əliyev 20 il əvvələdək işğalçı tanklarının qarşısına əliyalın çıxan xalqdan indi JEK müdirinin, qatar bələdçisinin, meşəbəyinin qarşısında belə, ikiqat əyilən bir kütlə düzəltdi.
Bu necə baş verdi deyə soruşsanız, Amerika kəşf etməyə ehtiyac yoxdur. Elə bir neçə gün əvvələ qayıtmaq kifayətdir. Bir dostum zəng edib rejim telekanallarından birini açmağımı istədi. Soruşdum ki, nə məsələdir? Məlum oldu ki, həmin üzdəniraq telekanalda Cəlilabadda baş verən dəhşətli cinayətlə – bir nəfərin bir ananı və onun iki azyaşlı övladını öldürməsi ilə bağlı palatka müğənnilərinin “ekspert rəyi”ni verirlər. Indi sizə də agah oldumu cəmi 20 ilə sığan nəhəng deqradasiyanın, böyük kütləşmənin səbəbi? Normal ölkədə sosioloqların, psixoloqların danışmalı olduğu bir məsələni belə, bizdə hansısa düşük, zövqsüz manıslara həvalə edirlər.
Biz bəzən rejim telekanallarının təbliğat gücünü ciddiyə almırıq. Hə, onlar yalan danışır və yayırlar. Onlar həqiqəti təhrif etməklə məşğuldurlar. Amma unuduruq ki, bu telekanallar hər gün milyonlarca insanın evinə soxulurlar. Və hər gün milyonlarca insanın evinə yalnız yalan, yaltaqlıq daşısalar, dərd yarıdır. Həm də zövqsüzlük, bayağılıq, səviyyəsizlik, düşüklük daşıyırlar.
Başqa bir tərəfdə cəhalət aşılayan, savadsızlıq saçan, “şəxsiyyətə pərəstiş”ə köklənmiş, korrupsiya ilə assosiasiya edilən təhsil.
Hələ bunun heç əsl üzünü, ziyanvericiliyini sistemə qarşı olan adamlara belə, anlada bilmədiyimiz Yazıçılar Birliyi, Anarı, Fikrət Qocası var. Hər gün, günün 24 saatı bu adamların ağzı ilə adamların beyninə, ürəyinə köləlik, mütilik toxumları əkilir. Topluma psevdoluq hissi aşılanır. Qədimlik, mentalitet, milli mənəvi dəyərlər, folklor, Azıx mağarası ibarələri altında camaat köhnəliyin, ibtidailiyin, aqrar təfəkkürün əsiri edilir.
Gəlin bir az vicdanlı, obyektiv olaq və düşünək: sistem toplumun şüuruna, beyninə bu qədər total hücum etmişkən, əlindəki bütün inzibati, administrativ imkanlarla, resurslarla onun zövqünü, əxlaqını bu qədər zorlamış, korlamış, zəhərləmişkən biz xalqla bağlı necə böyük gözləntilər içərisində ola bilərik? Ondan mübarizəmizə istədiyimiz müsbət reaksiyanın gecikməsinə görə necə inciyə, qəzəblənə bilərik?
Inanın, bu xalqın fərqliliklərə, azadlıqlara dözümlü münasibəti başqalarından heç də az deyil. Şişirtmə deyil bu. Pafos da deyil. Volteri xatırlayın. Bir vaxtlar fransız cəmiyyəti ona hansı münasibəti bəsləyirdi? Necə nifrət edirdi? Sonra da bunu “Şərqin Volteri” adlandırdığımız Axundova bu toplumun münasibəti ilə müqayisə edin. O zaman görəcəksiniz ki, bizim demokratik potensialımız, ən kəskin fikirlərə belə, tolerantlığımız, dözümlülüyümüz heç vaxt başqalarından az olmayıb, sadəcə, baxır onu idarə edənlərə bu xalqın hansı vərdişləri, xüsusiyyətləri sərf edir.
Xalq haqqında bədgüman olanların məntiqinə görə, təkcə “Kəmalüddövlə məktubları”na görə Axundov öz əcəli ilə ölməli deyildi. Linçin qurbanı olmalı idi. Amma nə baş verdi? Onun öz əcəli ilə ölməsi azmış kimi, ardıcılları belə yetişdi. Yarım əsr boyunca gücünü, ilhamını, işığını Axundovdan alanlar ədəbi və ictimai fikirdə söz sahibi oldular. Bəlkə bu, kimlərəsə zarafat, ya da adi bir şey kimi gəlir. Amma yox! Hər şey o qədər də sadə deyil. Bu xalqın damarlarında yalnız mütilik, geriçilik qanı axsaydı, onun bir az da asilik, etirazçılıq, üsyankarlıq damarı olmasaydı, Axundovla başlanan nəhəng proses elə onun linç edilməsi ilə bitər, sonra meydana Zərdabilər, Sabirlər, Mirzə Cəlillər, Haqverdiyevlər çıxmazdı. Biz də çoxdan Səudiyyə Ərəbistanının xurcuntayına çevrilib, tərəqqi və təkamüllə əlaqəmizi birdəfəlik kəsərdik.
Yeri gəlsə, heç tarixə üz tutmağa da dəyməz. Bu qədər basqı, məhrumiyyət, məşəqqət, repressiya, işgəncə – amma yenə də irticaya qarşı savaş açanların ard-arası kəsilmir. Əliyevlərin hesablamalarına görə, indiyədək aparılan total mənəvi və fiziki terror çoxdan bəhrəsini verməli, Azərbaycan tamamilə qaranlığa gömülməli, zülmə təslim olmalı idi. Amma siz getdikcə daha da coşan gənlik dalğasına baxın. Elə bilirsiniz, asan məsələdir? Qarşı tərəfin əlində hər cür resurs, istənilən qədər pul, karyera, komfort üçün bütün imkanlar cəmləşib, ancaq hələ də onlara hansı əzabları, əziyyətləri vəd etdiyini bilə-bilə Şərlə mübarizə yolunu tutanlar ortaya çıxır. Bəyəm bu təsadüf ola bilərmi? Bəyəm bu, bizim xalqın demokratik, azad, ədalətli cəmiyyətdə yaşamağa nə qədər hazır və layiq olduğunun görsənişi deyilmi?
Hə, indi çoxları camaatımızın metro vaqonuna bir-birinin belindən basa-basa minməsinə görə əsəbləşir, ümidsizliyə qapılır.
Amma heç kim eyni xalqın on il əvvəl Azadlıq meydanına da bir-birini tapdaya-tapdaya, coşqu ilə axışdığını xatırlamaq istəmir.
Kimlərsə xalq deyəndə təsəvvüründə Heydər Əliyevin ayaqqabısını öpən hansısa orta statistik azərbaycanlını canlandırır.
Amma heç kim xalq haqqında 2003-ün şərəfli 15-16 oktyabr günlərində Azadlıq meydanında asfaltı öpən azərbaycanlının timsalında qənaət hasil etmək istəmir.
Axı bu xalq haqqında necə yalnız müti, qul kimi danışmaq, onun haqqında necə tamamilə ümidsiz, bədgüman olmaq olar ki, o, son 15 ildə bir dəfə də olsun, hazırki oğru, korrupsioner, ədalətsiz rejimi seçkilərin qalibi etməyib, əksinə, hər dəfə seçimini həmişə məhz bu rejimə qarşı olan güclərdən yana edib…

Xalq haqqında son qeydlər – 1
•
•