Heydər və Ilham Əliyevin “Azərbaycanlı ağlamaz!” mahnısı

Çox məşhur bir mahnı var: “Erkekler ağlamaz”. Həmin mahnını bir çox müğənnilər oxusalar da, ən şahanə variantı Şəbnəm Fərəh və Nilufərin ifasında səslənəndi. Amma biz elə gözəl mahnıları dinləyə bilmərik. Çünki ölkədə hər gün qoşa ifada fasiləsiz elə bir mahnı səslənir ki, orda nəinki ünlü müğənnilərin, hətta azan səsini eşitmək olmur. Mahnının sözləri və musiqi bəstəsi Heydər Əliyevə aid olsa da, Ilham Əliyev atasına not dəftərinin vərəqlərini çevirməkdə, gitaranı sazlamaqda kömək etdiyi üçün o da “Azərbaycanlı ağlamaz!”ın müəlliflərindən sayılır:

Var-yoxunu alsalar,
səni torpağından qovsalar,
qızını, gəlinini
əsir götürüb
qarşında zorlasalar ağlama,
Azərbaycanlı ağlamaz!

Yurd-yuvandan
didərgin düşsən də,
çadırda, vaqonda yaşasan da,
aclıqdan, nəmişlikdən
körpələr xəstə, şikəst, ölü
doğulsalar da ağlama,
Azərbaycanlı ağlamaz!

Savadlı, istedadlı övladın
adını yaza bilməyən,
hərfləri tanımayan,
harın, qudurğan məmurların nökəri,
qulu olsa ağlama,
Azərbaycanlı ağlamaz!

Min zülmlə tikdiyin
evini uçursalar,
səni küçəyə atsalar,
ailəndə hamı işsiz olsa,
əsgər gedən oğlunu öldürüb
tabuta qoysalar, ağlama,
Azərbaycanlı ağlamaz!..

Mahnı çox uzundur, hamısını yazmaq üçün 20 il vaxt lazımdır. Lazım isə yoxdur, ölüb. Həm də qarşıdan 1 Aprel – Gülüş Bayramı gəlir, camaat gülməyə, bir-birini aldatmağa ciddi-ciddi hazırlaşır. Kim bilir, bəlkə həmin gün Ilham Əliyevin “Gülək, oynayaq, zarafatlaşaq” yeni mahnısının qırmızı lenti də kəsiləcək. Hazırda kefi kök müğənnilər arasında yeni mahnını oxumaq uğrunda saçyoldu gedir. Yəqin ki, 20 il ərzində dövlət tərəfindən kimə daha çox orden-medal, ev-eşik bağışlanıb, mahnını da həmin arsız oxuyacaq. Amma millətə çox yaraşan ən əsas bayram – Ümummilli Ağlamaq Günü nədənsə undulub, təqvimdə ona yer qalmayıb. Nə olsun ki, hər gün, hər saat, hər dəqiqə “Azərbaycanlı ağlamaz” mahnısını dinləyirik, hətta arada müəlliflərə qoşulub zümzümə edirik. Bizim Ümummilli Ağlamaq bayramına böyük tələbatımız var. Bütün bayramlar ləğv edilsin, bircə Ağlamaq bayramı qalsın. Onu təntənəli şəkildə keçirmək üçün çox geniş imkanlar var. Nə qədər xəcalət çəkə-çəkə gizlində ağlamaq olar?! Millətin “Milli Ağlamaq Günü”nü açıq-aşkar qeyd etmək üçün tonlarla “mirvari”ləri var. Əsl milli sərvətdir! Bir gün bütün yeraltı, yerüstü sərvətlərimiz tükənəcək, amma GÖZ YAŞI sərvətimiz əbədidir. Biz fəxr edirik ki, ağlayanda gözlərimizdən muncuq-muncuq yaş gəlir! Cənablar, şərait yaradın heç olmasa ildə bir dəfə “Şimdi gözlerime ağlamayı öğrettim – bu yaşlar utangaç boynumun kolyesi olsun” etirafını da edək. Yoxsa camaat göz yaşlarını mücrülərə, şüşələrə yığır, siz də tapanda deyirsiniz ki, Xəzərdən oğurlanan incilərdi, “Molotov kokteyli”di. Bu qədər eşşəklik olar? Ayıb olsun!